Bircə şamla istidilən hamamın SİRRİ

0
916

Bircə şamla istidilən hamamın SİRRİ

Yəqin ki, çoxunuz İranın İsfahan şəhərində yerləşən və uzun müddət boyunca bir şamın hesabına isidilən hamam haqqında eşitmisiniz. Bu hamamın suyu bircə şamın istiliyi hesabına qızırmış.

Hamamın layihəsinin müəllifi və memarı XVII əsrin ən məşhur din xadimlərindən biri, ensiklopedik bilikli alim Şeyx Bəhaidir.

Şeyx Bəhai ləqəbli Bəhaüddin Mühəmməd Amuli fiqh, hədis, təfsir, kəlam, əqaid kimi sırf dini elmlərlə yanaşı, həm də dünyəvi elmlər sahəsində misilsiz məharət sahibi idi. Onun hesab, həndəsə, astronomiya, coğrafiya mövzusunda dəyərli araşdırmaları vardır. Şeyx Bəhai istedadlı şair idi, həm ərəb, həm də fars dilində dini-irfani məzmunlu şeirlər yazırdı. O, qəraib elmlərin (metafizika) də bilicisi idi. Bütün bunlardan əlavə, Şeyx Bəhai həm də nüfuzlu dövlət xadimi və Səfəvi hökmdarı Şah Abbasın sevimli vəziri olmuşdur.

Şeyx Bəhainin bu gün də dünyanı heyrətdə qoyan ixtiraları çox olub. Nümunə üçün İsfahan ətrafında tikdirdiyi və indi də öz funksiyasını qoruyub-saxlamaqda olan “yellənən minarələr”i göstərmək olar. Alimə böyük şöhrət gətirən və haqqında əfsanələr danışılan daha bir əsəri isə bir şam ilə isidilən hamamdır.

Hamam İsfahan şəhərinin qədim came məscidindən cənubda, Nizamül-mülk günbəzindən yüz metr məsafədə, Dərdəst məhəlləsində yerləşir. Hamamın yaxınlığında Şeyx Bəhainin təşəbbüsü ilə tikilmiş əssarxanə (yağ istehsal edilən emalatxana) yerləşir. Burada müxtəlif məqsədlər üçün, o cümlədən yanacaq kimi işlədilən yağ emal edilirdi.

Adı çəkilən hamamın taleyi faciəvi olmuşdur. Bəzi məlumatlara görə, hamamın işləmə qaydasını öyrənməyə çalışan əcnəbi qüvvələr onun zirzəmisini sökmüş və isitmə mexanizmini çıxarıb İngiltərəyə aparmışlar. Bunun nəticəsində hamamın isitmə sistemi sıradan çıxmışdır. Bu hadisə İranda Zəndilər sülaləsinin hakimiyyətinin sonlarına (1790-cı illər) təsadüf etmişdir. Hamamın sökülməsi haqqında “əl-Həbl” adlı nadir əlyazmada məlumat verilir ki, onun London, Berlin və Istambul kitabxanalarında saxlanılan cəmi üç nüsxəsi mövcuddur.

Deyilənlərə görə, Şeyx Bəhai özü deyibmiş ki, əgər mənim vəfatımdan sonra hamamın zirzəmisini açıb su anbarını söksələr, orada yanan şam sönəcək və hamam bir daha əvvəlki qayda ilə işləməyəcək. Görünür, Şeyx fəzanın hermetikliyinin pozulacağını nəzərdə tutaraq bunu söyləyibmiş.

Qeyd etmək yerinə düşər ki, bir çox mənbələr və xalq yaddaşındakı məlumatlar hamamın Şeyx Bəhai tərəfindən layihələndirildiyini vurğulasa da, bunu şübhə altına salan məqamlar da var. Məsələn, hamamın giriş qapısı üzərindəki kaşı kitabədə tikinti tarixini əbcəd hesabı ilə ifadə edən şeir (maddeyi-tarix) həkk edilib. Alimlərin bir qismi kitabədəki yazını hesablayaraq hicri-qəməri təqvimlə 1065-ci il (miladi 1655) almışlar ki, bu da Şeyx Bəhainin vəfat tarixindən 35 il sonraya aiddir. Lakin tədqiqatçıların başqa bir qrupu həmin maddeyi-tarixi fərqli qayda üzrə hesablayaraq hicri-qəməri 1025-ci ili alırlar ki, bu da Şeyx Bəhainin vəfatından 5 il əvvələ təsadüf edir. İkinci hesabat daha dəqiq və inandırıcı görünür.

Bəs, bu sirli hamam necə işləyirdi? Su bircə şamın köməyi ilə necə qızırdı? Tarix boyunca bu istiqamətdə müxtəlif fərziyyələr irəli sürülüb. Hətta Şeyx Bəhainin atom enerjisindən xəbərdar olması və hamamın isitmə sistemini bunun əsasında qurması da iddia edilib. Xalq arasında yaranmış təsəvvürə görə, Şeyx Bəhai guya hamamın su anbarının (buna xəznə deyirlər) altında adi bir şam qoyubmuş və bu şam gecə-gündüz yanaraq, bütün xəznədəki suyu qızdırırmış. Əlbəttə, məsələ heç də bu qədər primitiv deyil. Hamamda fiziki və kimyəvi qanunlar əsasında fəaliyyət göstərən çox mürəkkəb bir sistem qurulubmuş. Sadəcə olaraq, o zamanlar adi insanlar bunu anlaya bilmədiklərindən, bu cür əfsanələr yaranıb.

Alimlərin araşdırmaları nəticəsində hamamın fəaliyyət mexanizminin sirri demək olar ki, tamamilə açılıb. Şeyx Bəhai suyu isitmək üçün nə adi şamın istiliyindən, nə də atom enerjisindən deyil, yanar qazlardan istifadə edibmiş. Belə ki, yaxınlıqda yerləşən came məscidinin təharətxanasında işlənən su və axıntılar yeraltı zirzəmiyə tökülürdü. Burada təbii proses nəticəsində tullantılardan metan qazı və kükürd oksidi ayrılırdı. Həmin qazlar saxsı borular vasitəsilə hamamın altındakı xüsusi fəzaya nəql edilir və burada yandırılırdı. Hətta deyilənlərə görə, nəinki yalnız came məscidinin, bütünlükdə İsfahan şəhərinin kanalizasiya sistemində ayrılan qazlar bura yönəldilibmiş. Hamamın yaxınlığında yerləşən əssarxanənin fəaliyyəti nəticəsində yaranan qazları da bura əlavə etsək, xeyli miqdarda yanacaq məhsulu alınar ki, bu da hamamın suyunun isidilməsi üçün kifayət edər.

Bu fərziyyənin doğruluğu başqa yollarla da sübuta yetir. Hamamın yaxınlığında yerləşən Şeyx Bəhainin evində aparılmış qazıntılar zamanı saxsı boru qırıntıları, təcrübə şüşələri (kolbalar) aşkara çıxmışdır ki, bunların alim tərəfindən hamam layihəsində işlədildiyi ehtimal edilir. Üstəlik, hamamın isitmə kamerasının (bu, küp şəklində imiş) dibində heç bir yanacaq tullantısı (kömür ya köz izi) aşkar edilməmişdi. Bütün bunlar hamamın məhz yanar qazlar hesabına işlədiyini söyləməyə əsas verir.

Qeyd etmək yerinə düşər ki, Şeyx Bəhainin layihəsi əsasında tikilmiş hamamın bənzərini (surətini) artıq bir neçə ildir ki, İranda hazırlayıblar. Xorasanda fəaliyyət göstərən İxtiraçılar qurumunun rəhbəri Əli Əsğər Berəhmənd həm quruluş, həm də iş prinsipi baxımından Şeyx Bəhai hamamı ilə eyni olan hamam binasını tikmişdir. Fərq bundadır ki, Şeyx Bəhai qazanxananı və suyu ötürən boruları qızıldan hazırlamışdı, yeni hamamda isə qızıl mislə əvəz olunmuşdur. Məlumdur ki, metalların içində qızıl ən yüksək istilik keçirmə qabiliyyətinə malikdir. Qızılı müəyyən dərəcəyə kimi isitmək üçün başqa materiala nisbətən dəfələrlə az yanacaq və enerji kifayət edir.

Layihənin rəhbəri Berəhmənd Şeyx Bəhainin layihəsi əsasında tikilimiş hamamın niyə dünyada yeganə olmasını, niyə Şeyxin buna bənzər ikinci hamam tikmədiyini və hamamın iş mexanizmini niyə hamıdan gizli saxlamasını da bununla bağlayır. Hamamın tikilişində külli miqdarda qızıldan istifadə olunduğu üçün ikinci dəfə bu qədər xərci çəkmək çətin idi. Həm də alim ehtiyat edirdi ki, oğrular və fırıldaqçılar hamam borularının qızıldan olduğunu bilsələr, onu sökməyə cəhd edərlər. Buna görə Şeyx öz ixtirasının sirrini heç kimə açmırdı.

Şeyx Bəhai hamamının surəti olaraq tikilmiş yeni hamam layihəsi 2006-cı ildə İsveçdə, 2007-ci ildə Moskvada keçirilmiş müsabiqələrdə qızıl medala layiq görülmüşdür.

Şeyx Bəhai hamamının özü isə uzun illər boyunca təyinatı üzrə istifadə edilmədiyindən dağılmaq üzrədir. Son illərdə hamamda təmir və bərpa işləri gedir. islam.az

BIR CAVAB BURAXIN