Azərbaycanın həbs olunan sabiq deputat və icra başçıları

0
810

Bir vaxtlar İcra Hakimiyyəti başçısı vəzifəsində çalışan, Milli Məclisdə hansısa şəhər və rayonu təmsil edən şəxslər arasında sonradan həbs həyatı yaşayanlar az deyil. Onların həbsinə səbəb adlarının dələduzluq, mənismsəmə, dövlət əmlakını talamaq və s. ittihamlardır.

 Arazinfo.com Yeniavaz.com-a istinadən son illərdə həbs olunan sabiq deputat və icra başçıları haqqında məlumatları təqdim edir.

Son illər adı qalmaqallı mövzularda ən çox hallandırılanlardan biri də sabiq millət vəkili Dünyamin Xəlilovdur. Dünyamin Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Sabiq deputatın “Beynəlxalq Bank”la bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan Dünyamin Xəlilov dələduzluqda təqsirləndirilir.

Rusiyanın Arxangelsk şəhər dumasının azərbaycanlı deputatı Hüseyn Əliyev saxlanılıb. O, həm də şəhərdə yerləşən ən iri topdansatış bazarının sahibidir. “Rodina” (“Vətən”) partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat) məbləğində rüşvət almaqda ittiham edilirdi.

Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməmişdi.

1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Rafiq Alışov da həbs olunanlardandır. Rafiq Alışov Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidov dövlət əmlakını talamaqda təqsirli bilinib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısı S. Rəşidov 4 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Süleyman Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S. Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilir. O, təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Murad Cabbarlının da barəsində həbs məlumatı yayılmışdı. Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunurdu.

Sabiq deputat Gülər Əhmədova da bir müddət həbs həyatı yaşayıb. Keçmiş deputat özgənin külli miqdarda əmlakını ələ keçirməkdə günahlandırılırdı.

Sabiq deputat Hüseyn Abdullayev barəsində isə axtarış elan edilib. Deputata qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. Hüseyn Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.

Hüseyn Abdullayev 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrumedilməsi ilə bağlı qərar qəbul edib. H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və məhkəmə zalından azadlığa buraxılıb.

BIR CAVAB BURAXIN