Bill Qeyts sərvətini kasıblara xərcləmək niyyətindədir

0
736

“Microsoft”un yaradıcısı Bill Qeyts 20 ildən çox dünyanın ən varlı insanı olub.

Arazinfo.com Azadinform-a istinadən xəbər verir ki, 1987-ci ildə dünyanın ən gənc milyarderi olan Qeyts 1995-ci ildə isə 13 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı seçilib. Hazırda 62 yaşlı Qeytsin sərvətinin 90-100 milyard dollar arasında olduğu təxmin edilir. Bir müddət əvvəl sərvətini uşaqlarına verməyəcəyini açıqlayaraq gündəmə gələn Bill Qeyts bu sərvətini görəsən, hara xərcləyəcək?

Bill və Melinda Qeyts sərvəti üç övladına vermək əvəzinə, onları ən yaxşı təhsil ilə təmin edəcəklərini bildiriblər: “Uşaqlarımız möhtəşəm bir təhsil görəcək və yoxsul olmamaları üçün bir az pulları olacaq. Bunun nəticəsində hər biri yaxşı karyera quracaq. Uşaqlara çox böyük sərvət qoymaq onlar üçün faydalı deyil. Məhz bu səbəblə onlar öz yollarını çəkə bilməz və yeni bir şeylər etmək istəməzlər. Bizim pulumuz kasıblara yardım etmək üçün istifadə ediləcək. Uşaqlarım da bunu bilir və bununla qürur duyurlar. Uşaqlarım öz sərvətlərini özləri yaratmalıdır”.

Qeyd edək ki, Bill Qeyts hazırda dünyanın ən varlı insanı deyil. “The Sunday Times” nəşrinin varlılar siyahısına görə, Qeytsin sərvəti 97, “Bloomberg” varlılar siyahısına görə isə 93,9 milyard dollar təşkil edir. Buna baxmayaraq, o, artıq dünyanın ən varlı insanı hesab edilmir. Qeytsdən daha gənc olan “Amazon”un yaradıcısı Ceff Bezos bütün siyahılarda ilk yerdə qərarlaşır. O, 108 milyardlıq sərvəti ilə dünyanın ən varlı insanı adını Qeytsin əlindən alıb.

BIR CAVAB BURAXIN