Keçən ilin mart ayında Böyük Britaniyanın Solsböri şəhərində keçmiş rus casusu Sergey Skripalın zəhərlətmə cəhdindən sonra Rusiyanı təqsirləndirmək üçün İngiltərə hökumətinə cəmi bir həftə lazım gəlib; cinayətdən 10 gün sonra artıq Rusiya diplomatları qovulub. İndi Berlindəki oxşar hadisədən sonra eyni müddətə Almaniya hökuməti çox fərqli təpki göstərir.
Avqustun 23-də həyata keçirilmiş hücumun qurbanı Zəlimxan Xanqoşvili 2015-ci ildə Ukraynadan Almaniyaya gələn, Gürcüstanın Pankisi bölgəsindən olan etnik çeçendir. Keçmiş Sovet İttifaqından daha etibarlı bir yer axtardığından Berlində, böyük çeçen diasporunun yerləşdiyi şəhərdə sığınacaq üçün müraciət edib və müraciət rədd edildikdən sonra apelyasiya şikayəti verib.
Xanqoşvili 2000-ci illərdə İkinci Çeçen müharibəsi zamanı rus ordusuna qarşı döyüşən komandir olub və 2008-ci ildə Gürcüstana təcavüz zamanı ruslara qarşı yenidən döyüşmək üçün hərbi qüvvə toplamağa çalışıb. Rusiyada onun əleyhinə rəsmi cinayət işininin açılıb-açılmaması bəlli deyil. İstənilən halda, o, İnterpolun “Red Notice” bazasında axtarışda olan adam olmayıb.
Alman polisinin qatil iddiasıyla tutduğu şəxs Rusiyadan olduqca müəmmalı bir şəkildə gəlib. Həftəlik “Der Spiegel”, rus araşdırma saytı “İnsider” və İngiltərədəki araşdırmaçı “Bellingcat”-ın ortaq olaraq əldə etdiyi məlumata görə, Vadim Sokolov adlı bu adam iyulun 19-da Rusiya pasportu alıb, 10 gün sonra Fransa vizası üçün müraciət edib və onu 1 gün içində alaraq iyulun 31-də Fransaya yollanıb.
Məlumatda bildirilir ki, pasport heç bir Rusiya məlumat bazasında qeydiyyata alınmayıb, bu normal şəraitdə Sokolovun ölkəni tərk etməsini qeyri-mümkün edir. Xüsusilə də Sankt-Peterburqda mövcud olmayan yaşayış ünvanı təqdim etdikdən sonra Fransa vizasının niyə belə tez əldə etdiyi də məlum deyil.
Hər halda, Moskvadan Parisə uçduqdan sonra Sokolov Berlinə səyahət edib. Orada iddia olunduğu kimi, Xanqoşvilinin yanına ictimai parkdakı elektrikli velosipedə minərək gedib, başından iki dəfə vurub, sonra “Glock” tapancasını, parik və velosipedini Spreye çayına atıb. 2 yeniyetmə onu görüb və bir neçə dəqiqə ərzində onu saxlayan polisə zəng ediblər.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya hökuməti ilə Berlindəki qətl arasındakı əlaqəni təkzib edib. Ancaq şübhəlinin pasport fırıldağı Skripal işində hərbi kəşfiyyat zabitləri Anatoli Çepiqa və Aleksandr Mışkinə aid dəlilləri xatırladır.
Rus kəşfiyyat əməliyyatı üçün ənənəvi olmayan bir detal var: Sokolovun bədənində Rusiyada kəşfiyyat işçiləri üçün tabu olan döymələr var. Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun Rusiya təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Mark Qaleotti bildirib ki, Xanqoşvili işində canidən istifadə edilməsi mümkündür. O, bloqunda qeyd edib ki, FSB “çeçenləri öldürmək üçün quldur dəstələrini işə salıb”.
Xanqoşvilinin edamı yeganə hal deyil. Rusiya Türkiyə, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da keçmiş çeçen döyüşçülərinin öldürülməsində şübhəli bilinir. Rusiyalı 2 kəşfiyyatçı Qətərdə tanınmış çeçen lideri öldürməkdə ittiham olunub, daha sonra Moskvaya təhvil verilib.
Rusiyada, 1999-cu ildə Putinin vəd etdiyi kimi, separatçıları aradan qaldırmaq üçün gizli proqramı var. Xanqoşvili heç vaxt böyük sərkərdə olmasa da, strateji Pankisi sahəsindəndir. Onun bir zamanlar Rusiyanın 1 nömrəli düşməni olan Şamil Basayevə yaxın olduğu deyilir. Təkcə bu, onu Kremlin ən çox nifrət olunan düşmənləri siyahısına salıb.
Xanqoşvili ya Kremlin, ya da Çeçenistanın hazırkı lideri Ramzan Kadırovun göstərişi ilə öldürülüb. Onun qətli Skripalın həyatına edilən cəhddən daha acınacaqlı deyil. Metod kimyəvi silahla müqayisədə, az ekzotik olsa da, Avropa ölkəsində, ictimai parkda atışma təhlükəli hərəkətdir.
Skripal Britaniya vətəndaşıdır, Xanqoshvili mühacir – qətl mövzusunda bürokratik fərq budur.
Ehtimal ki, kansler Angela Merkelin hazırda Rusiya ilə küsülülüyə ehtiyacı yoxdur. İngiltərənin keçmiş baş naziri Tereza Meyin yolunu getmək istəmir. Rusiya ilə diplomatik qalmaqal, xüsusilə Vaşinqtonun mübahisəli layihələrə (məsələn, “Şimal axını-2”) təzyiq göstərəcəyi təqdirdə, bu, onu çətin vəziyyətə qoyar.
Almaniya Rusiyaya qarşı çıxan minlərlə çeçeni qəbul edib. Lakin onlar Xanqoşvilinin qətli ilə əlaqədar hökumətdən böyük dəstəyə ümid edə bilməzlər. Üstəlik Almaniyada antimiqrant əhval-ruhiyyəsi hələ də yüksəkdir.
Beləliklə, standart polis araşdırması davam edir. Bir əcnəbi digər əcnəbini öldürməkdə günahlandırılır. Belə şeylər zaman-zaman Berlində olur.
Leonid Berşidski, Bloomberg
Tərcümə: Strateq.az