Beriyanın kabinetindən çıxan qadın paltarları

0
911

1953-cü ildə Lavrenti Beriyanın həbs olunması Kremlin ən uğurlu “əməliyyat”ı sayılmaqla yanaşı, sıravi Moskva sakinləri üçün də əlamətdar bir hadisə idi. Daha dəqiq ifadə etsək, paytaxt sakinləri marşalın həbsini qurtuluş kimi qəbul edirdilər. Siyasilərdən fərqli olaraq, sıravilər üçün Beriyanın həbsi siyasi xarakter daşımırdı, onlar sadəcə özlərini və doğmalarını əxlaqsız və manyak kimi tanınan nazirdən xilas olmuş kimi hesab edirdilər. Çünki Beriya haqqında danışılanlar, gəzən söz-söhbətlər hər bir ailəni narahat edirdi və onlar hər dəqiqə bu təhlükəli insandan “sürpriz”lər gözləyirdilər.

Lavrenti Beriyanın həbsindən sonra üzə çıxan ən maraqlı məqamlardan biri onun xidməti kabinetindəki axtarışlar zamanı aşkar olunan əşyalardır.

Həmin dövrdə Nikita Xruşovun rəsmi göstərişi ilə Mərkəzi Komitənin katibi Nikolay Şatalin partiya xətti ilə Beriyanın xidməti kabinetində axtarış aparan xüsusi qrupun rəhbəri təyin edilib. Əsas məqsəd marşalın kabinetindəki seyfdən məxfi və digər sənədləri əldə etmək olub. Sənədlər öz yerində, amma axtarış qrupu kabinetdə və kabinetdəki bir neçə seyfdə tamam fərqli bir mənzərənin şahidi olublar.

1953-cü ildə Mərkəzi Komitənin iyul plenumunda Nikolay Şatalinin axtarışlarla bağlı məruzəsi plenum iştirakçılarını sözün əsl mənasında heyrətə gətirib. Düzdür, plenumda iştirak edən dövlət məmurları Beriyanın “əxlaq keyfiyyətləri”nə, azyaşlı qızlar və qadınlarla seks əyləncələrinə yaxşı bələd olublar, amma axtarış zamanı onun kabinetindən tapılan əşyaları ağıllarına belə gətirməyiblər. Nikolay Şatalinin geniş məruzəsində aşağıdakı ifadələr da öz əksini tapıb:

“Lavrenti Pavloviç Beriyanın xidməti kabinetində aparılan axtarış zamanı qeydiyyatdan keçən və keçməyən məxfi sənədlərlə yanaşı, xidməti işə aidiyyatı olmayan bir çox əşyalar da tapılmışdır. Belə ki, axtarış zamanı qrup üzvləri kabinetdəki seyflərdə və şkaflarda aşağıdakıları aşkar etmişlər:

15 ədəd qadın idman kostyumu

12 ədəd yay qadın koftası

11 cüt xaricdə istehsal olunan qadın corabı

7 dəst xaricdə istehsal olunmuş qadın alt paltarı

5 ədəd süni kişi cinsi orqanı

İçərisində 12 ədəd olmaqla iki qutu “rezin qoruyucu”

6 dəst uşaq alt paltarı

5 ədəd uşaq uşaq paltarı və s.”

Təbii ki, kiçik bir univermağı xatırladan nazir kabinetindəki bu əşyaların hansı məqsədlə istifadə olunmasının şərhə ehtiyacı yoxdur.

Lavrenti Beriyanın məhkəməsi zamanı marşalın baş mühafizəçisindən də bu əşyalar haqqında soruşunda, polkovnik Sarkisov “şef”ini çox rahatlıqla satmağa başlayıb:
“Bu əşyaların, demək olar ki, hamısını Beriyanın göstərişi ilə mən almışam. İstifadə etdikcə həmin əşyalar yeniləri ilə əvəz olunurdu. O ki qaldı onların hansı məqsədlə istifadəsinə, bu suala cavab vermək gülünc olar. Aydın məsələdir ki, onların hamısı Beriyanın sevgililəri üçün istifadə olunub. Özü də çox tez-tez. Yalnız “rezin qoruyucular”dan az istifadə olunurdu. Ümumiyyətlə, əvvəllər heç vaxt Beriya mənə onu almağa dair göstəriş verməmişdi. Beriya sifilis xəstəliyinə tutulduqdan sonra “rezin qoruyucular”dan istifadə etməyə başladı. Bunu Kreml xəstəxanasındakı həkim ona tövsiyə etmişdi. Sifilis xəstəliyinə tutulanda Beriya məhz orada müalicə olunurdu. Bu hadisədən onun həyat yoldaşı da xəbərdar idi…”

Mühafizəçiyə uşaq geyimləri ilə bağlı verilən suala isə erməni polkovnik belə cavab verib:
“Yəqin ki, bu sualın cavabını məhkəməyə üz tutan zərərçəkmiş azyaşlı qızların valideynləri cavab verəcək. Beriya indi azadlıqda deyil ki, ondan qorxub çəkinsinlər…”

Axtarış zamanı Beriyanın kabinetindən xeyli sayda məktublar da aşkar olunub. Bu məktublar sevgi və ehtiras dolu sətirlərlə qadınlar tərəfindən Beriyaya ünvanlanıb. Sözsüz ki, Beriya onlardan kimlərəsə öz “səxavət”i ilə cavab verib, kimlərsə isə marşala olan sevdasına çatmayıb.

Ən baçlıcası isə haqq və ədaləti qoruyan qurumun başında dayanan Lavrenti Beriya ömrünün son günlərində, heç olmasa bir dəfə də olsun kişi kimi ədalətli olmağı bacarıb, o, məhkəmədə qadınlara qarşı etdiyi cinsi zorakılıqları etiraf edib.

Musavat.com