Dizellə işləyən avtomobillərin isə qiyməti dəyişməyəcək.
Yanvarın 12-dən etibarən “Aİ-95″ premium markalı benzinin qiyməti bahalaşıb.
“AzPolitika.info” xəbər verir ki, avtomobil ekspertləri fins.az-a bildiriblər ki, benzinin bahalaşması avtomobillərin qiymətlərinə təsirsiz ötüşməyəcək. Bir neçə gündən sonra benzinlə işləyən avtomobillər ucuzlaşacaq.Avtomobil satışları üzrə ekspert Aley Şamilov bildirib ki, premium benzinlə işləyən avtomobillər ölkədə sürülən avtomobillərin 15-20 faizini təşkil edir. Bununla belə, premium benzinin bahalaşması ölkədə benzinlə işləyən bütün avtomobillərin qiymətlərinə təsir edəcək. Belə ki, iri mühərrikli və bahalı avtomobillərin qiymətləri 15-40 faiz ucuzlaşacaq. Xüsusilə də “Lexus”, “Toyota Land Cruiser”, “Toyota Prado”, “Mitsubishi Pajero”, “Hyundai Santa Fe” kimi böyük krossoverlərin qiymətlərində ucuzlaşma gözlənilir. Məsələn, əvvəl 14-15 min dollara satılan 2006-cı il model 4.0 l mühərrikli “Prado” 12-13 min dollara qədər ucuzlaşacaq. Bəzi modellərdə isə qiymətlər daha çox aşağı düşəcək. Məsələn, 2015-2016-cı il model 5.7 l mühərrikli 120 min dollarlıq “Lexus ” 72 min dollara qədər ucuzlaşa bilər. Ucuzlaşma Azərbaycanda kütləvi sürülən köhnə “Mercedes”, “Opel” və Rusiya istehsalı olan avtomobillərdə də müşahidə ediləcək. A.Şamilovun sözlərinə görə, nisbətən ucuz və “Aİ-92” markalı benzinlə işləyən avtomobillərin qiyməti 15%-ə qədər aşağı düşəcək. Məsələn, əvvəl 12 000 manata satılan “Mercedes E Class” 9500-10 000 manata qədər ucuzlaşacaq. 10 min manata satılan köhnə “Mercedes” modellərinin qiyməti 8500 manata, 8 000 manata satılan avtomobillər isə 6500-6800 manata düşəcək.
Dizellə işləyən avtomobillərə gəlincə, ekspert bildirib ki, hazırki şəraitdə bu avtomobillərin qiymətlərində hər hansı dəyişiklik gözlənilmir. O bildirib ki, adi qaydada benzinin bahalaşması ilə dizel mühərrikli avtomobillər də bahalaşmalı idi. Amma avtomobil bazarında mövcud təklif qarşısında alıcı tapılmaması vəziyyəti dəyişib.
Ekspert deyib ki, dizellə işləyən avtomobillər sırasında Azərbaycanda daha çox “Mercedes E 220”, “Kia Sorento”, “Mitsubishi Pajero”, “Mitsubishi L200” kimi avtomobillər sürülür. Ölkədə dizelin qiyməti artacağı təqdirdə bu avtomobillərin də qiymətlərində ucuzlaşma müşahidə edilə bilər. Avtomobil elanı saytının rəhbəri Vaqif Hüseynov isə benzinin bahalaşması ilə avtomobillərin qiymətlərində ucuzlaşmanın bir həftə-on gündən sonra hiss ediləcəyini deyib. Onun sözlərinə görə, premium markalı benzin işlədən mühərrik həcmi 3.0-3.5 litr olan avtomobilllərin qiymətlərində 10%-ə qədər ucuzlaşma ola bilər. O bildirib ki, bu addım əhalinin daha böyük hissəsinin istifadə etdiyi “Ai-92” markalı benzinin qiymətinin artırılmasına cəmiyyətin reaksiyasının müəyyən etmək idi. “Ai-92” markalı benzin bahalaşacağı təqdirdə daha çox sürülən qiyməti nisbətən aşağı olan avtomobillər də ucuzlaşacaq.