“BELƏ OYUNLAR PROSESİ SABOTAJ ETMƏKDİR!” – “Kimsə oğlunu, baldızını, katibəsini sırıyacaqsa…”

0
767

Elnur Məhərrəmli: “Bu şərti irəli sürənlərin özləri çoxmu səhvsiz, günahsız, fəaliyyətlərində qüsursuz insanlardılar?!”

elnur
İki gün əvvəl “AzPolitika.info” saytının qurucusu və baş redaktoru Elnur Məhərrəmlijurnalistlərə veriləcək mənzillərin bölüşdürülməsi ilə bağlı qalmaqallı yazı ilə çıxış edib. O, iddia edib ki, mənzillərin kimlərə verilməsi üçün yaradılan komissiya siyahını yekunlaşdırıb, siyahı müəyyənləşərkənsə Baş prokurorluğun xəbərdarlıq etdiyi bəzi saytlar kənarda qoyulub. Dünənsə bu informasiya KİVDF sədri Vüqar Səfərli tərəfindən də təsdiqlənib.

Ancaq Elnur Məhərrəmlinin yazısında sətiraltı bir çox məsələlərə eyham vurulduğundan, BakuPost.az-ın əməkdaşı bu mövzuda onunla bir qədər ətraflı söhbət edib:

– Elnur bəy, jurnalistlərin ev bölgüsü ilə bağlı yazdığınız yazıda bir neçə diqqətçəkən, maraqlı informasiya ilə yanaşı, sanki, prosesdən öz incikliyinizi də büruzə vermisiniz. Nə baş verir?

– Xeyir, hələlik prosesdən şəxsi incikliyimiz üçün ciddi bir əsas yoxdur. Çünki son qərarı dövlət başçısı verəcək və o, istənliən an məsələyə müdaxilə edə, bizə ədalətsiz kimi görünən hansısa halların aradan qaldırılması göstərişini verə bilər. Doğrudur, mən informasiya almışam ki, böyük ehtimalla, “AzPolitika.info” saytı ev bölgüsündən kənarda qalacaq. Ancaq bunun nə dərəcədə əsaslı olduğunu hələ qəti deyə bilmirəm…

– Deyə bilərsinizmi, məlumat haradan daxil olub? Yəni saytınızın bu prosesdən kənarda saxlanacağı haqda informasiya qaynağı nə dərəcədə etibarlıdır?

– Jurnalistin işi informasiya əldə etməkdir və mənbəsini də həmişə qoruyub saxlamağı bacarmalıdır. Sadəcə onu deyə bilərəm ki, bizə çatan məlumatların təhlili müəyyən konkret qənaətlərə gəlməyimizə imkan verir. Bu məlumat da ondan ibarətdir ki, ev bölgüsü ilə bağlı çox hörmətli Əli Həsənovun – Prezidentin köməkçisinin sədrliyi ilə yaradılmış komissiya, gözləntilərin əksinə olaraq, əvvəlcədən elan etdiyi kriteriya-şərtlər məsələsində heç bir yumşalmaya, güzəştə getmək niyyətində deyil. Hətta sizin barəsində danışdığınız yazıda da qeyd etdiyim kimi, cənab Əli Həsənovun bunu şərəf məsələsi adlandırdığı barədə də informasiyalar alırıq. Belə olduqda isə “AzPolitika” saytı bölgüdən kənarda qalır. Çünki şərtlərdən 1-i açıq-aşkar əleyhimizədir – prokurorluğun bizə xəbərdarlığı var. O başqa məsələdir ki, prokurorluğun bizə xəbərdarlığı nə dərəcədə əsaslı və qanunidir, kimin tapşırığı ilə verilib və bu şərti komissiya hansı məntiqlə əsas götürüb, hətta bir yanlışlıq, səhv varsa da, – səhvsiz bir Allahdır, – məsələn, “AzPolitika”da çalışan və 20 ilə yaxın stajı olan 5-6 jurnalisti ev bölgüsündən kənarda qoyur, onların hüquqlarını kobud surətdə tapdayır. Lap tutaq ki, prokurorluğun xəbərdarlığı tam əsaslıdır, məgər 5 il ərzində biz bircə dəfə də səhv edə bilmərik? Bu şərti irəli sürənlərin özləri çoxmu səhvsiz, günahsız, fəaliyyətlərində qüsursuz insanlardılar?! Əgər dəfələrlə təkrarlansa idi, onda ev bölgüsündə şərtlərə prokurorluğun xəbərdarlığı məsələsini salmaq məntiqli olardı. Lakin mən indi diqqəti bu məsələnin üzərinə cəmləşdirmək və və sizin dediyiniz kimi, incikliyimizi büruzə vermək istəmirəm. Çünki böyük gözləntim var ki, ya kriteriya-şərt adı altında yaradılmış ədalətsiz maneələr aradan qaldırılacaq, ya da pis-yaxşı, elan olunmuş kriteriya-şərtlər hamı üçün tətbiq olunacaq…

– Belə deyək: yəni, sizin üçün indi əsas məsələ komissiyanın özünün elan etdiyi şərtlərə nə dərəcədə əməl edib-etməyəcəyidir?

– Bəli. Şərtlər məsələsində ayrıseçkiliyə, ikili standarta yol verilməzsə, “AzPolitika”nın ev bölgüsündən kənarda qalması “Ellə gələn bəla toy-bayramdır” mahiyyətini qazanacaq və bizim heç bir narazılığımız olmayacaq. Əksinə, prosesin başında duranlara hörmətimiz birə-beş artacaq. Yox, bu şərtlər məsələsi zəiflərin ilişə, güclülərin cırıb keçəcəyi hörümçək toruna dönəcəksə, kimsə arxa qapıdan oğlunu, qızını, baldızını, katibəsini, bacısı oğlunu, ikinci-üçüncü arvadını jurnalist qiyafəsində içəri sala biləcəksə, hətta jurnalist olsa da, daha layiqlilər kənarda buraxılıb, layiqsizlər önə çəkiləcəksə, bizim bu prosesin texniki tərəfinin başında duran insanların ədalətinə inamımız sarsılacaq və şübhəsiz, öz sözümüzü deyəcəyik.

– Deməli, bu məsələ sizin üçün artıq həm də prinsip məsələsinə çevrilir?

– Açığı, bu ev məsələsinin maddi tərəfi bizim üçün o qədər də əhəmiyyətli deyil. Əlbəttə, bizim ehtiyacımız olmasa, o evə iddia etməzdik. Amma kişi ləyaqətli yolla özünə ev alar, daha onu kiməsə yalvararaq, dilənərək əldə etməz! Məşhur filmdə deyildiyi kimi, bu ev məsələsinin mənəvi tərəfi daha ağırdır. Əsas özümüzə olan münasibəti bilməkdir. Yox, kiməsə lazımdırsa ki, evi, məsələn, onminlərlə oxucusu olan, gerçək ictimai rəyin formalaşmasında az-çox rolu olan bir saytın qurucusu, baş redaktoru, əməkdaşı yox, varlığı ilə yoxluğu bilinməyən, dövlətin külli miqdarda pulu hesabına qəzet adı ilə ən yaxşı halda meyvə-tərəvəz bükmək üçün kağız istehsal edən bir müəssisədəki filankəsin katibəsi, bacıoğlusu, qardaşoğlusu alsın, buyursunlar. Amma bilsinlər ki, bu o qədər də asan olmayacaq. İndi peyğəmbər kimi danışanlar, siyahı açıqlandıqdan sonra nə deyəcəklər?

– Elnur bəy, bu xəbərdarlıq məsələsinin əsas götürülməsi jurnalistlər arasında xeyli narazılıq yaradıb. Maraqlıdır, prokurorluq sizə haçan və hansı məsələyə görə xəbərdarlıq edib?

– Səhv etmirəmsə, mart ayı idi – ev bölgüsündə sənədlərin qəbulu mərhələsinin başlamasına az müddət qalmış… Əsgər ölümü ilə bağlı 4-5 cümləlik xəbər idi. Əsgər qeyri-döyüş şəraitində ölmüşdü və onu gətirib kəndində basdırmışdılar. Yəni əsgər, həqiqətən, ölmüşdü və onu basdırmışdılar. Başqa sözlə, xəbər təxribat xarakteri daşımırdı və 3 gün əvvəl axşam saatlarında sayta qoyulduğundan, Baş Prokurorluğa gedənədək ondan heç xəbərim yox idi. Eldar Sultanov prokurorluğa dəvət etdi, getdim və çox hörmətlə qarşılayaraq məsələnin mahiyyətini anlatdı. Dedi ki, sözügedən xəbərə görə sizə xəbərdarlıq etməyi Prezident Administrasiyasından tapşırıblar. Hətta o çalışıb ki, məsələ xəbərdarlıqsız həllini tapsın. Hiss etdim ki, Eldar müəllim də narahatdır, çünki onunla, qiyabi olsa da, yaxşı münasibətlərimiz var idi, o vaxtadək bütün xahişlərini yerinə yetirmişdik. Üstəlik də xəbərdarlıq mövzusu o qədər qeyri-ciddi idi ki… Nə isə, mən də çox dərinə getmədim və getdik Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna. O da çox hörmətlə qarşıladı, müəyyən tövsiyələrini verdi və rəsmi xəbərdarlığı təqdim etdi. Yəni qeyri-rəsmi tövsiyə, bir telefon zəngi ilə həll oluna biləcək çox sadə bir işi rəsmi xəbərdarlıqla mürəkkəbləşdirdilər. Mən heç nə başa düşə bilmədim. Taa ki, mənzil bölgüsü ilə bağlı kriteriya-şərtlərin açıqlandığı mətbuat konfransına qədər. Şərtlər açıqlananda, hər şey aydın oldu.

– Yəni düşünürsünüz ki, sizə xəbərdarlıq verilməsinin ev bölgüsü ilə birbaşa əlaqəsi olub?

– Bəli, elə düşünürəm. Lakin səbəbini dərk edə bilmirəm. Bizə qarşı oyun oynamaq üçün heç bir səbəb yox idi. Prokurorluğa bu tapşırığı verənlərə normal, dost münasibəti bəsləyirdik və bütün xahişlərini qeyd-şərtsiz yerinə yetirmişdik. Yeri gəlmişkən, ola bilsin ki, prokurorluğun xəbərdarlığının hüquqi əsasını təyin etmək və KİVDF-nin bunu əsas götürərək hüququmuzu əlimizdən almasını mübahisələndirmək üçün bir neçə ciddi sayt rəhbərliyiylə birgə məhkəməyə müraciət edək. Bununla bağlı prokurorluqdan xəbərdarlıq almış və buna görə ev bölgüsündən kənarda saxlanılacaq digər KİV rəhbərləri ilə məsləhətləşmişəm, onlar da razıdırlar.

– Elnur bəy, belə iddialar var ki, hakimiyyət, konkret olaraq bu işlə məşğul olan vəzifəli şəxslər ev bölgüsü prosesini maksimum düşünülmüş, ədalətli, Prezidentin xoş məramına kölgə salmamaq üçün xüsusi həssaslıqla aparmağa cəhd edirlər. Yəni, gözlənti budur ki, əsaslı narazılıqlar olmasın. Prosesin indiyəqədərki gedişindən ağlınız nə kəsir: sizcə, belə olacaqmı?

– Olacaq-olmayacaq, bunu bir neçə gündən sonra görəcəyik. Ancaq onu dəqiq deyirəm ki, prinsipial olaraq, elan olunan kriteriya-şərtlər ədalətli bölgü aparmağa, 256 evi layiqli insanlar arasında bölməyə imkan vermir. Şərtlərin bir-ikisi xaric (Məsələn, 10 il iş stajı) hamısı ədalətsiz, əsassız, Konstitusiyaya zidd, xüsusi məqsədlərə hesablanmış bir tələ idi. Məsələn, şərtin biri budur ki, barəsində məhkəmə qərarı olan KİV-lər müsabiqəyə qatıla bilməzlər. Lakin aydınlaşdırılmır ki, barəsində hansı müddətdə məhkəmə qərarı olan KİV-lər? Biri adam öldürür, 10 il yatandan sonra cəzası bitir və qapını açıb azadlığa buraxırlar. Azərbaycan mediasında barəsində ən çox məhkəmə qərarı olan KİV-lərdən biri “Yeni Müsavat” qəzetidir. Mən bilən, bu qəzetin üstündə indi də icra olunmamış xeyli sayda məhkəmə hökmü var. Amma “Yeni Müsavat” iclas da keçirdi, ev də alacaq. Haqqı da var almağa. Bir də ki, bir media orqanının məhkəməyə verilməsi, prosesi udub-uduzmasından təbii nə ola bilər?! Məsələn, bizi DYP ilə bağlı tənqidi yazımıza görə məhkəməyə verib, barəmizdə ədalətsiz, sifarişli proses sonunda elə sifarişli də qərar elan ediblər… Hələ onu demirəm ki, uzun illərdir elə Prezident Administrasiyası jurnalistlərin diffamasiya maddəsi ilə məhkum olunmasına qeyri-rəsmi qadağa qoyub, lakin bizə münasibətdə bu qadağa da işləmədi. 1 ildən artıq davam edən məhkəmə proseslərimizin gedişi ilə bir dəfə də olsun nə Mətbuat Şurası, nə ictimai-siyasi şöbə maraqlanmadı. Bircə dəfə MŞ sədri Əflatun Amaşov qarşı tərəflə danışmağa cəhd etdi, onun da nəticəsi olmadı. Lakin öz adamları belə bir vəziyyətlə üzləşəndə, ən pis halda Ali Məhkəmə instansiyasında araya girir, “dövlət mənafeyini” önə çəkərək, yekun qərarın qarşısını alırlar.

Yaxud, şərt qoyulub ki, son 3 ildə eyni KİV-də çalışmamış jurnalistin namizədliyi irəli sürülə bilməz. Sağ olsaydı, bu şərtlə Həsən bəy Zərdabinin özünü də bölgüsündən kənarda saxlamaq olardı! Bu, nə məntiqsizlikdir? Jurnalistin imzası, onun çalışdığı KİV-in adı deyil. Bu gün burda işləyir, sabah daha yaxşı təklif olsa, digər KİV-ə keçəcək. İş yerini dəyişib deyə, 20-30 ilin jurnalisti hansısa hüquqdan məhrum edilə bilərmi? Belə dahiyanə “kəşf”i kim tapıb və sevincək ev bölgüsü kriteriyalarına daxil edib?

Başqa bir anormallıq: redaksiyalara kvota ayrılıb. Saytlara 3, qəzetlərə 6 namizəd vermək hüququ tanınır. Bu o deməkdir ki, ayrılan evlərin sayı da bu kvotaya proporsional olacaq. Yeni də sual etməmək olmur: hansı məntiqlə, məsələn, günlük 50-60 min İP-si, yəni oxucusu olan sayta 1 və ya 2, dövlətdən ildə 120 min manat alıb, cəmi 1000 tirajla çap olunub, onun da 900-ü ölkəni dolandıqdan sonra üzüqara redaksiyanın üstünə qayıdan, faktiki olaraq, məişətdə işlənən məhsul istehsalı ilə məşğul olan bir müəssisəyə 2 və 3 mənzil ayrılır? Hələ onu demirəm ki, muzey eksponatını xatırladan, təyinatı büdcə hesabına kimlərisə bəsləmək olan bu redaksiyalara birinci binadan da 2-3 mənzil hədiyyə olunub.
Yəni, deməyim odur ki, bütün bunlara baxmayaraq, heç olmasa elan etdikləri şərtlər əsasında bölgü ədalətli olsa, bayaq dediyim kimi, kimlərsə öz katibələrini, sürücülərini, papka daşıyanlarını jurnalist adı altında dövlətə sırıya bilməzsə, şərtlər, məsələn, bizə gələndə toxunulmaz, bir başqasına gələndə “əşşi, boş ver”, deyə üstündən keçilən olarsa, nainki çox ciddi narazılıqlar olar, hətta mən iddia edirəm ki, dövlətin informasiya siyasətinə nəzarət edən strukturlarında çox ciddi, əsaslı dəyişikliklərə də yol açar. Dövlət başçısının önəmli bir təşəbbüsünün, dövlət üçün mühüm bir prosesin kimlərinsə şəxsi maraqları üzündən korlanması nəticəsiz qalmaz! Bir məmur, özü qanun yazıb, sonra da özü ona əməl edə bilməzsə, onu nümayişkəranə şəkildə, su mühərriki kimi, istədiyi vaxt işə salıb, istədiyi vaxt söndürərsə, prosesin ədalətli olduğunu heç kimə qəbul etdirə bilməz. Hətta öz dostlarına da…

İlk mərhələnin yeganə müsbət cəhəti odur ki, əlində sənəd KİVDF-yə gedən heç kim geri qaytarılmadı, sənədlər qəbul olundu. Hətta bizə özləri dedilər ki, gətirin, sənədlərinizi verin – ilk başda kriteriyalar məsələsində qarşımızda əngəllər olduğu üçün, dostlarımızı zərbə altında qoymamaq naminə biz prosesə qatılmaq istəmirdik. Lakin belə bir çağırış olanda, düşündük ki, yəqin, komissiya öz kriteriya-şərtlərində ədalətə doğru yumşalmaya gedəcək. Ancaq belə görünür ki, bunlar hamısı oyun və taktiki gedişlər olub. Məqsəd ilk mərhələdəki ayrıseçkilik, kriteriya-şərtlərin nümayişkəranə pozulmasından və ümumiyyətlə, şərtlərin özünün ədalətsizliyindən diqqəti yayındırmaq və prosesə ədalət donu geyindirmək olub. Məsələn, biz KİVDF-yə iclas təyin olunması üçün müraciət edəndə, belə cavab verdilər ki, barənizdə prokurorluğun xəbərdarlığı olduğu üçün iştirak edə bilmərik, özünüz keçirin. Lakin bir başqa kriteriyaya uyğun gəlməyən “Report” İnformasiya Agentliyi iclas keçirəndə, KİVDF 2 nümayəndəsini birdən göndərdi. 7-8 tanınmış, təcrübəli və həqiqətən mənzilə ehtiyacı olan jurnalistlərdən ibarət kollektivə sahib “Strateq.az” saytında isə iclas keçirilməsindən imtina olunduğu halda, baş redaktor və qoltuğunda aylıq tasa oturtduğu icra hakimiyyətlərinin, dövlət müəssisələrinin təmsiçilərinin əlaqə vasitələri olan kitabçadan ibarət, günlərlə, aylarla özünün bir səviyyəli yazısı, xəbəri olmayan aqreqat saytların iclasında isə başda oturdular. 20 ildir mətbuat sahəsində olan, heç dərin analitik yazılarını, araşdırma və təhlillərini demirəm, indiyədək redaktə etdiyi kitabların sayı-hesabı bilinməyən, illərdir kirayədə yaşayan Elxan Şükürlünün saytını bəribaşdan kənarda qoyduqları halda, tərcümeyi-halını yazarkən atasının adında azı 2 hərf səhvinə yol verənin adını mənzil almağa namizədlər siyahısının ən görkəmli yerinə həkk etmək ədalətə sığarmı?!

– Belə anladım ki, siz artıq hətta Strateq.az-ın baş redaktoru Elxan Şükürlünün də adının mənzil alanlar siyahısında olmayacağına əminsiniz?

– Bildiyimə görə, Strateq.az bizdən də qabaq Baş prokurorluq tərəfindən xəbərdarlıq alıb. Yadımdadır ki, 2015-ci ildə Baş prokurorluq saytlara xəbərdarlıq edəndə, bircə Elxan Şükürlü açıq şəkildə çıxıb mətbuatda etiraz etdi və hətta prokurorluğun bu xəbərdarlığının arxasında siyasi məqsədlərin durduğunu elan etdi. “Azadlıq” radiosunda mövqeyi indi də durur. Mən dünən Elxanla danışdım, o da bir bəhanə ilə kənarda saxlanılacağını düşünür və mənzil alacağına da ümidli deyil.
Baxmayaraq ki, cəmisi 2 il yarımdır fəaliyyətə başlayıblar, ancaq mətbuatı izləyənlər, başı çıxanlar Strateq.az-ın çox uğurlu, ciddi siyasi çəkiyə və ictimai rəyə təsir imkanına malik bir layihə olduğunu etiraf edirlər. Elxanın çox yaxşı komandası var və bu komanda ən sərt çərçivə və şərtlərdə belə, qısa müddətdə illər uzunu fəaliyyət göstərən əksər saytları geridə qoymağ bacarıb. Lakin bu gün buna qiymət verilmir.

– “Report” saytının da kənarda qoyulduğunu iddia etmisiniz. Belə fikirlər var ki, əslində ayrıseçkiliyə diqqət çəkmək – “Report”un şərtləri pozaraq müsabiqəyə qatıldığını göstərmək üçün bu saytı qəsdən qabartmısınız?

– Qətiyyən! “Report” kimi qısa müddətdə özünü doğruldan ciddi bir saytın ev bölgüsündən kənarda qalması ən böyük ədalətsizliklərdən olar. Mən ona diqqəti yönəltmişəm ki, əgər “Report” saytına və digərlərinə ev verilməsi vacibdirsə, bunun bir qanuni yolunu tapmaq olar. Məsələn, kriteriyalarda 3 yaş şərtini 2 yaş şərti ilə əvəzləməklə, “Report”un məsələsini birdəfəlik həll etmək, hər şeyi qanun və ədalət çərçivəsinə qaytarmaq, ən əsası isə, “Report”dakı layiqli jurnalistlərə evi onlara heç bir minnət vurmadan, bu dəyərli insanları bir evə görə gözükölgəli etmədən vermək olardı. Yəni qayda, qanun, şərt varsa, ona hamıya münasibətdə əməl olunmalıdır! Heç kimə haqq verilə bilməz ki, “Qanun mənəm, şah mənəm”, “Ağanəzərəm, belə gəzərəm” prinsipi ilə hərəkət edib, kriteriya-şərtləri qapı ağzındakı şlaqbauma döndərib, istədiyi vaxt qaldırsın, istədiyi vaxt endirsin. Bunu da etmək olar. Ancaq onda gərək bəri başdan elan edəsən ki, “budur, yeyirsən – ye, yemirsən – xoş getdin! Mən belə işləyirəm”.

– Və bütün bu narazı eyhamlarınızla bərabər, son yazınızda onu da iddia edirsiniz ki, indi vəziyyət dəyişib, komissiya şərtlərə tam əməl edəcək.

– Hər halda məlumatımız bu yöndədir. Bilirsinizmi, ən maraqlısı nədir? Ən maraqlısı odur ki, ev bölgüsü prosesində iddia ortaya qoyan KİV və jurnalistlərin mütləq əksəriyyəti bu və ya digər formada dövlətə, hökumətə bağlı olan, hökumətə, onun siyasətinə münasibətdə loyal və ya az tənqidçi, konstruktiv mövqe tutan, bir çoxu isə birmənalı “təqdirçi” mövqeyindən çıxış edənlərdir. Belə bir şəraitdə ədalətli mövqe tutmaq çoxmu çətindir? Yəni “özümüzünkülərin” özünü də “özümüzünkülər” və “özümüzünkü olmayanlar”a bölməyə, atı itin quyruğuna bağlamağa, atın qabağına ət, itin qabağına ot qoymağa, dost dediklərinizin arxasından oyunlar çevirməyə, “dovşana qaç, tazıya tut” deməyə nə ehtiyac var? Dostları düşmənə çevirmək – bu, kimə lazımdır, axı?!

Gəlin yaxın oturaq, bir qədər də açıq danışaq. Hökumətin mediaya bu jestlərinin arxasında duran niyyətlərdən biri də odur ki, onun apardığı siyasəti cəmiyyətə səviyyəli şəkildə təqdim etmək iqtidarında olan qabiliyyətli yazarlar bu hökumətin yanında olsunlar. Onun siyasətinin mahiyyətini səviyyəli şəkildə cəmiyyətə çatdırsınlar. Bəs proses necə aparılır? Öndə olanlar incidilərək hökumətdən narazı salınır, mahiyyətcə yaltaq, simasız adamlar önə çəkilərək mükafatlandırılır. Bu, prosesi sabotaj etməkdir!

Vədlər var ki, bölgü tam ədalətli aparılacaq. Hansı ədalətdən söhbət gedə bilər ki, prokurorluğun 1 xəbərdarlığı ilə 6-7 təcrübəli jurnalist bəri başdan müsabiqədən kənarda qoyulur? Bir şərtin üstündə möhkəm durulduğu halda, digər şərtlər nümayişkəranə pozulur?

Bəlkə də inanmayacaqsınız, sənəd qəbulu 20 gün əvvəl bitdiyi halda günü bu gün kimlərdənsə sənəd yığılır!

Azı 6-7 jurnalist, yarımjurnalistin Cavid Qurbanov tərəfindən tapşırılaraq, siyahıya salındığı barədə məlumatlar var. Kimdir bu Cavid Qurbanov ki, jurnalistlərə ev bölgüsündə 6-7 adamı birdən siyahıya saldırır, layiq olub-olmadıqlarına heç əhəmiyyət belə vermədən!

Mən ev siyahısındakı 254 adamın kimlər olacağını hələ bilmirəm, amma 255-ci adamın kimliyini dəqiq bilirəm və təkcə bu fakt prosesi aparanların ədaləti barəsində nəticə çıxarmaq üçün mənə kifayət edir.

İnşallah siyahı açıqlansın, bir görək orda daha hansı “sürprizlər” olacaq, ondan sonra bir daha bu məsələyə qayıdarıq.

– Elnur bəy, sizin indi üsyan etdiyiniz kriteriyalar bir neçə ay əvvəl elan olunmuşdu. Niyə həmin vaxt bunun böyük “bəlalara” səbəb olacağını, ədalətsizliyə gətirib çıxaracağını deməmişdiniz? 2 gün əvvəl yayımladığınız yazıdan da görünür ki, bu etiraz, qıcıq adınızın siyahıya salınmadığnı bildikdən sonra yaranıb. Belə olan halda ittihamlarınızla nə dərəcədə ədalət carçısı kimi görünə bilərsiniz?

– Yox, məsələ ondadır ki, kriteriyalar məsələsi prosesin elə ilk günlərindən kənara qoyuldu. Hamının sənədini qəbul etməyə, kriteriyalara uyğun gəlməyən redaksiyalarda iclaslar keçirməyə başladılar. Üstəlik, qarşımızda maneələr olmasına baxmayaraq, bizi də prosesdə iştiraka dəvət etdilər. Yəni əgər kriteriyalara ciddi əməl olunsa idi, nə bizim, nə də onlarla digər media orqanlarının sənədlərini gərək qəbul etməyəydilər. Lakin öz aləmlərində guya hiyləgərlik edərək, qəbul etdilər. Açığı bizi daha çox incidən məsələlərdən biri də budur. Ev almaq şansımız yoxdursa, onda marağınız nədir ki, müraciət edək? Plan doldururdunuz?

N. Etibar
BakuPost 

BIR CAVAB BURAXIN