Dövlətin yaranması ilə meydana gələn bir sıra elementlər var ki, onların varlığı dövlətin movcudluğundan xəbər verir. Bura ideoloji, iqtisadi, siyasi, hərbi, dini-fəlsəfi elementlər aiddir.Dövləti xarakterize edən bu elementlər sırasında siyasi hakimiyyət(hakimiyyətin formaları və dövlət institutları), ərazi (dövlət institutlarının fəaliyyət göstərdiyi və hökümətin hakimiyyəti yayılan, sərhədlərlə çərçivələnən məkan), iqtisadi potensial (o cümədən, öz valyutasına malik olmaq hüququ),silahlı qüvvələr, ölkə əhalisinin etnik tərkibi, dövlət dili, dövlət ideologiyası (din, ənənələr, inkişaf haqqında təsəvvürlər) və nəhayət, dövlətçilik simvolları önəmli yer tuturlar.
Mühüm tarixi abidə olan ənənəvi simvollar dövlətin yaranması ilə onun rəmzlərinə çevrilir, bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın ağıl və hisslərinə ideoloji təsir vasitəsini yerinə yetirir, cəmiyyətin həyatında baş verən bu və ya başqa hadisələri.
Məlumdur ki, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ali amallarını lakonik, obrazlı, bədii dildə ifadə edən mühüm amillərdəndir.Hər bir ölkənin dünya dövlətləri sistemində mövqeyi, onun tarixi və milli dəyərləri, dövlətçilik ənənələri onun heraldika və rəmzlərində öz əksini tapir.
Rəmzlər onun daşıyıcısının dünyagörüşü və ideologiyasını büruzə verən əşya şəklində deklarasiya olunurdu.Qədim Çin filosofu Konfusinin dili ilə desək, dünyanı insanlar deyil, rəmz və nişanələr idarə edirlər.Doğrudan da, hər hansı ölkəni tanımaq üçün iki üsuldan istifadə edilir: verbal və işarəli.Verbal üsula ölkənin adı, işarəli üsula gerb və bayraq aid olunur.
Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.
Bayraq ilk növbədə birlik rəmzidir,eyni zamanda o, əvəzolunmaz emosional təsir qüvvəsinə malik vasitədir. Bayraqlarda olan simvol və rəmzlər həm keçmişdən, həm gələcəkdən xəbər verir.Bayraq rəmzlərin, şəkillərin, yazıların çətin, bəzən isə mücərrəd dili ilə onu tərtib etmiş xalqın keçmişindən və gələcəyə doğru ümidlərindən xəbər verir.
Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir.Bir millətin dövləti varsa, bayrağı da var.Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır.Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir.Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.
Dövlət bayrağı, milli bayraq müqəddəs anlam daşıyır.Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir.Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru