Qüds və ya Yerusəlim — dünyanın ən qədim şəhərlərindən biridir. Həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir. Qərb və yəhudi mənbələrində Beytül-Müqəddəs adı ilə də tanınır.
Müsəlmanlar üçün Qüds ilk qiblə olan Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsaqı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.
Xristianlıqda Yerusəlimin müqəddəsliyi məsələsi Əhdi-Cədiddə təsvir olunmuş İsanın çarmıxa çəkilməsi hadisəsi ilə daha da möhkəmləndirilmişdir. İslamda aləmində Yerusəlim Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər sayılır. İslam ənənəsinə görə b.e.-nın 610-cu ilində Yerusəlim İslamın ilk qibləsi olmuş, və Məhəmməd peyğəmbər Merac zamanı orada peyğəmbərlərə namaz qıldırmışdır.
Dəfələrlə dağıdıldığına görə cəmi 0.9 kv km sahəyə malik olan Qədim şəhərdə Qərb divarı, Qübbətüs-Səhra və Məscidül-Əqsa ilə birlikdə Məbəd dağı, həmçinin Müqəddəs Qəbir kilsəsi kimi böyük dini əhəmiyyətli abidələr yerləşir. Qala divarlarından kənarda isə Məzar bağı yerləşir.
“Kədər Yolu” – İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. “Kədər Yolu” İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.
Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar xristianların təbirincə “Ağlama divarı” adlanır. Müsəlmanlar 2500 il tarixi olan divarın bir caminin divarı olduğunu iddia edirlər. Yəhudilər buraya məhv olmuş məbədə kədərlərini ifadə etmək üçün gəlirlər. Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazıb, divardakı dəliklərə yerləşdirərək tanrının onların dualarını eşidəcəyinə ümid edir.
Qüdsün tarixi
Yerusəlimin eramızdan əvvəl 4500-3500-cü illər arasında salındığı güman edilir. Şəhər haqqında ilk yazılı mənbə qədim Misirdə tapılan “Lənət mətnidir”. Misirin düşmənlərinin adı sadalanan mətndə Rusalim şəhəri haqda danışılır. Bibliyaya görə, təxminən e.ə. 1000-ci ildə yəhudilər Davud padşahın başçılığı ilə buranı işğal etdilər. Buna qədər burada ievuseylər yaşayırdı. Davud burada Davud şəhərini salır və ora yəhudilərin “Müqəddəs vəsiyyət sandığı”nı gətirdir. Bu şəhərdə Yaqub peyğəmbərin on iki oğlundan törəmiş qəbilələr bir-birinə qarışıb yaşamağa başlayırlar.
E.ə. 970-ci ildə hakimiyyətə Davudun oğlu Süleyman gəldi. O, “Müqəddəs vəsiyyət sandığı”nın saxlanıldığı ilk məbədi tikdirdi. Süleymanın hakimiyyətinin sonlarında şimaldakı on İsrail qəbiləsi Birləşmiş Monarxiyadan ayrıldı. Cənub qəbilələri İsrail çarlığının paytaxtı olan Yerusəlimdə qaldı. E.ə. 586-cı ildə şəhəri babillilər işğal etdi. Məbəd yandırıldı və “Müqəddəs vəsiyyət sandığı” itdi. Yerusəlim sakinlərinin çoxu öldürüldü, qalanı da əsir alınıb Babilistana qul kimi aparıldı. E.ə. 538-ci ildə Babilistanı işğal etmiş fars hökmdarı Kir qaçqınlara öz torpaqlarına qayıdıb məbədlərini bərpa etməyə icazə verdi. E.ə. 33-cü ildə Yerusəlim Makedoniyalı İsgəndərin idarəçiliyi altında idi. İsgəndərin ölümündən sonra Yerusəlim Misir hökmdarı Ptolomey tərəfindən işğal olunub dağıdıldı. E.ə 167-ci ildə IV Epifan Müqəddəs Məbəddəki Yandırma qurbangahının yerinə olimpli Zevsin mehrabını qoymaqla oranı “murdarladı”. Buna cavab olaraq yunan işğalçıları torpaqlardan qovuldu. E.ə. 73-cü ildə Yerusəlimə Roma imperatorluğu tərəfindən Yəhudi bölgəsinə ayrılan kral Hirodes hökmranlıq edirdi. O Müqəddəs məbədin bərpası və məbəd dağlarının yenidən tikilməsi haqda qərar verib. Eramızın 70-ci ilində Birinci yəhudi müharibəsi baş verdi, romalılara qarşı üsyana qalxan yəhudilər öldürüldü, şəhər dağıdıldı. İkinci yəhudi müharibəsi də eyni şəkildə bitdi. 325-ci ildə Roma çarı Konstantin şəhərin “Yerusəlim” adını qaytardı və buranı xristian dinin mərkəzi kimi bərpa etdi.
V əsrdən Yerusəlimə bizanslılar hökmranlıq etməyə başladı. 638-ci ildə Yerusəlim patriarxı şəhəri ərəb xəlifəsi Ömərə təslim etdi. 1099-cu ildə birinci Xaç Yürüşündə şəhərin müsəlman əhalisi məhv edildi, şəhər Yerusəlim krallığının paytaxtı oldu. 1088-ci ildə Yerusəlimi Misir sultanı işğal etdi və bütün məbədləri məscidə çevirdi. 1517-ci ildə Qüds Osmanlıların əlinə keçdi. Sultan Süleymanın dövründə şəhər çiçəkləndi, ətrafında hündür qala divarları tikildi, Osmanlı hakimiyyəti sakinlərin azad şəkildə dini inancını yaşamağını təmin etdi. 1850-ci illərdə tədricən qala divarlarının bayırında məskunlaşma artdı və əvvəlki köhnə şəhər, qala divarlarından bayırdakı isə yeni şəhər adlandı.
Tövləyə çevrilən sinaqoqlar, tualet olan qəbiristanlıq…
1917-1947-ci illərdə ingilislərin mandatlığında olan Fələstin ərazisinin inzibati mərkəzinə çevrildi. İkinci Dünya müharibəsindən iki il sonra, 1947-ci ilin noyabrın 29-da BMT-nin baş assambleyasının Fələstin torpağını yəhudi və ərəb dövlətlərinə bölünməsi haqda qətnamə verdi. Qətnamədə Yerusəlimdə BMT-nin müvafiq qurumu tərəfindən təmin olunacaq xüsusi beynəlxalq rejim nəzərdə tutulurdu. Yəhudi tərəf bununla razılaşsa da ərəblər razılaşmadı.
Bunun axırı bir il sonra Fələstinin ingilis mandatı ləğv olunan kimi ərəblər və yəhudilər arasında müharibə ilə nəticələndi. 1948-ci il müharibəsi Qüdsün bölünməsinə səbəb oldu. Köhnə şəhər İordaniyanın əlində qaldı. İordan ordu komandiri Abdullah və İsrail ordu rəhbəri görüşüb mövqeləri müəyyənləşdirdilər. Köhnə şəhər iordanların əlində qaldı. Müqəddəs yerlər İordaniyanın əlində idi və müqavilənin əksinə olaraq onlar yəhudilərə öz müqəddəs yerlərini ziyarət etməyə icazə vermirdilər. Onlar yalnız xristianlara öz məkanlarında dini ziyarətlərə icazə verdilər. İşğalın ilk 19 ilində İordanların əlində olan 58 sinaqoqun yarısı tövlə və hinə çevrildi, İsrail tərəfi də tarixi qəbiristanlıqları dağıdıb yerində tualet və park tikdi.
1960-cı ildə İsrail Qüds haqda qanun qəbul etdi, bu qanuna görə, Yerusəlim İsrailin paytaxtı elan olundu. Şəhərdəki ərəblərə vətəndaşlıq, vətəndaşlıq istəməyənlərə daimi yaşama icazəsi verildi. 2000-ci ildə Ehud Barak referendumda şəhərin bölünməsinin gərəkliliyi məsələni qoydu. 60 -70 faiz sakin sülhün tərəfində idi. Bu gün Yerusəlimin siyasi statusu məsələsi İsrail-Fələstin münaqişəsinin əsas mübahisəli mövzularından biridir. Beynəlxalq ictimaiyyət şəhəri İsrailin paytaxtı kimi tanımadığına görə, şəhərdə heç bir dövlətin səfirliyi yoxdur.
Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın bir çox dövlətləri tərəfindən tanınmasa da, bu günlərdə isə ABŞ prezidenti ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan etdi.
Sülh şəhəri
Yerusəlim sözünün etimologiyası şəhərin qoruyucu tanrısı Şalimə gedib çıxır və şalom, salam sözü ilə əlaqələnir. Bu sözsə yəhudi dilindən, həmçinin ərəbcədən tərcümədə (salam) “sülh” mənasına gəlir. Mütəxəssislərin fikrincə Yeru – semitcə bünövrə olarsa, o zaman Yerusəlim “Sülh şəhəri”, “Təhlükəsiz şəhər” mənasına gələr. Tarixi boyunca ən azı 2 dəfə tamamilə dağıdılmış, 23 dəfə mühasirəyə alınmış, 52 dəfə hücuma məruz qalmış və 44 dəfə işğal edilmiş şəhərin adının belə mənalandırılmağı düşündürücüdür, yozumludur. Təxminən belə: “Əgər Yerusəlimdə sülh olarsa, dünya xilas olacaq.”