Baş redaktor həbs olundu

0
728

11

”İcra hakimiyyətində öyrədilmiş bir qadın Əfqan Sadıqovun üstünə hücum çəkib, bundan sonra cinayət işi açıblar”

Cənub bölgəsində fəaliyyət göstərən azel.tv xəbər saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqov noyabrın 22-də həbs olunub.

Məlumatı “Turan” Agentliyinə jurnalistin anası Hülnisə Sadıqova verib.

Ə.Sadıqovu polis əməkdaşları Qazax rayonunda saxlayıb, Cəlilabada gətiriblər.

Məhkəmə Ə.Sadıqov barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Jurnalist Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) günahlandırılır.

Anası bildirib ki, oğlu qohumunu Qazaxdan Gürcüstana yola saldıqdan sonra saxlanıb. Ana övladının həbsinin bilavasitə fəaliyyəti ilə bağlı olduğunu deyib.

“İllərdir ki, o saytı işlədirdi. Həmişə qanunsuzluqlardan, haqsızlıqlardan yazırdı. Dəfələrlə xəbərdarlıq etmişdilər ki, yazmasın. Elə hey deyirdilər ki, tərif yaz. Əfqan da onların dediyinə əməl etmədi, həbs etdilər”.

Anasının sözlərinə görə, bir neçə həftə əvvəl Ə.Sadıqovu Cəlilabad rayon İcra Hakimiyyətinə dəvət ediblər.

“Orda öyrədilmiş bir qadın bunun üstünə hücum çəkib, dava-dalaş salmağa cəhd göstərib. Bunu da dərhal sənədləşdirib, cinayət işi açıblar”, -deyə ana söyləyib.

Ana noyabrın 24-də polis şöbəsinə getsə də, oğluyla görüşə icazə verməyiblər.

Ana Ə.Sadıqovun durumundan narahat olduğunu deyib: “Mənə xəbər çatdırdılar ki, onu içəridə incidirlər”.

Ə.Sadıqov həbs edildikdən sonra onun rəhbərlik etdiyi azel.tv saytı da qeyri-aktiv olub. Saytın youtube-dakı kanalının məzmunu da təmizlənib.

Azadlıq Radiosu jurnalistin həbsini Facebook-dakı “Cəlilabadımız” səhifəsi ilə bağlayır. Həmin səhifə davamlı olaraq icra hakimiyyətinin və digər dövlət qurumlarının fəaliyyətini tənqid edir.

“Son zamanlar, xüsusilə daşqınlar zamanı həmin səhifədə Cəlilabaddakı yolların durumu, icra hakimiyyətinin gərəkli addımlar atmaması geniş işıqlandırıldı”, deyə mənbə bildirib.

Cəlilabad rayon polis şöbəsindən Ə.Sadıqovun həbs olunmasının detalları ilə bağlı bilgi verilməyib. Oradan deyiblər ki, detallı bilgi vermək səlahiyyəti Daxili İşlər Nazirliyinə aiddir.

Rayon İcra Hakimiyyətindən də sualları cavablandırmayıblar.

BIR CAVAB BURAXIN