BARI AD GÜNÜMDƏ SEVİNDİR MƏNİ

0
583


Oğlunu, qızını əzirlər tək- tək,
Cırılıb xəlbirin, ələyin, millət.
Sənin saydığını saymayır fələk,
Ürəyim ağrıyır, ürəyim millət.

Səndən nə aparıb əli boş gedən,
Xeyir- bərəkətin, dirriyin hanı?
Kimdən çəkinirsən, qorxursan nədən,
Hanı o əvvəlki birliyin hanı?

Toparla özünü, toparla, canım,
Hamıya külünü, közünü göstər.
Hərəkət eləsin damarda qanın,
Doğmana, yadına özünü göstər.

Yandır içindəki çırağı, şamı,
Haqla qolboyun ol, bütlə deyil sən.
Gəlib hüzurunda baş əysin hamı,
Qoy hamı bilsin ki, kütlə deyilsən.

Qaralar ləkələr salmasın ağa,
Hər yerdə düzünə özün dayaq ol.
Qaldır yeri- göyü qaldır ayağa,
Sənlə abad olsun haqqa gedən yol.

Yağı sevincimə vurub dağ- düyün,
Baş- ayaq dayanıb başımda başım.
Ölməyə hazıram yolunda bu gün,
Bu gün tamam olur 55 yaşım.

Səni gözləyirəm meydanda səni,
Təpədən- dırnağa qəm içində mən.
Barı ad günümdə sevindir məni,
Millət olmağını sübut eylə sən.

Mübariz Məsimoğlu

6 ekim