Bakıda sürücü vəhşiliyi- məktəblinin başı avtobusun qapılarının arasında qaldı…

0
808
 

Bakıxanov qəsəbəsində 12 yaşlı uşağın başı 49 saylı marşrutun qapılarının arasında qalıb. Nəticədə məktəbli ciddi xəsarət alıb. Şahidlərin virtualaz.org-a bildirdiklərinə görə, hadisə ötən gün günorta saatlarında Sabunçu İcra Hakimiyyətinin yaxınlığında baş verib. Sürücü uşaq avtobusa daxil olmadan qapını bağlayıb.

Hadisə şahidinin danışdığına görə avtobus Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacaqda sərnişin götürürüdü. Sərnişinlər hamısı avtobusa minməmiş sürücü güzgüyə baxmadan qapıları bağlayıb. Bu zaman 6-cı sinif şagirdi olan oğlanın başı qapının arasında, bədəni çöldə qalıb, qapı uşağa ciddi xəsarət yetirib.  “Sifəti qan içində idi, başı partlamışdı. Sərnişinlərin qışqırığına sürücü qapını açdı”,-şahidlərdən biri deyir.

Lakin sürücü xəsarət alan uşağa yardım etmədən heç nə olmamış kimi yoluna davam edib. Xəsarət alan məktəblini isə avtobusun sərnişinlərindən biri-qadın təcili yardımla xəstəxanaya aparıb.

Hadisə ilə bağlı 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasına zəng etdik və xəstəxanadan faktı təsdiqlədilər. Məlum oldu ki, xəsarət alan 12 yaşlı məktəbli Hüseyn Məmmədovdur. O, ötən gün xəstəxanaya daxil olarkən başında yaralar olub və yaralar tikildikdən sonra evə buraxılıb. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan onu da bildirdilər ki, faktla bağlı polis idarəsinə məlumat verilib.

Qeyd edək ki, Bakıda sərnişin avtobuslarının törətdikləri qəzalar, bu zaman sərnişinlərin həlak olması və ya ciddi xəsarət alması, o cümlədən sərnişin avtobusları tərəfindən yol hərəkəti qaydalarının kobud pozulması halları haqda tez-tez eşdilir. Bakıda sərnişindaşıma sahəsində mövcud olan və uzun illərdir davam edən bu problemlərdən dəfələrlə yazılır, danışılır. Vəziyyət isə dəyişmir.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayevinvirtualaz.org-a bildirib, 49 saylı marşrutda baş verən bu hal araşdırılacaq və polisə müraciət olunacaq:“Bu faktla bağlı polisə müraciət  edəcəyik. Həmin sürücünün günahı varsa, barəsində ciddi tədbir görüləcək”.

Agentlikdə marşrut avtobuslarında baş verən özbaşnalıqlardan da xəbərdardırlar. M. Ağayevin sözlərinə görə, sürücülərlə bağlı çox ciddi problemlər var. Hazırda ən əsas problem peşəkar sürücülərin olmamasıdır. BNA avtobus sürücüləri tərəfindən baş verən qayda pozuntuları və dgər xoşagəlməz halların qarşısı almaq üçün vahid sürücü bazasının yaradılmasına başlayıb: “Bu bizi narahat edən ən əsas problemlərdən biridir. Bu gün ictimai nəqliyyatda peşəkar sürücülərlə bağlı kifayət qədər problem var. Peşəkarlıq təkcə nəqliyyat vasitəsini idarə etmək deyil, sərnişin-sürücü münasibətlərində də problemlər yaşanır. Bütün bunların qarşısını almaq üçün BNA vahid sürücü bazasının yaradılmasını təklif edib və artıq bununla bağlı konkret addımların atılmasına başlanılıb. İlkin mərhələdə bizim sürücü-təlim mərkəzimiz yaradılıb. Hazırda burada  İslam Həmrəyliyi Oyunları ilə bağlı fəaliyyət göstərəcək sürücülər çalışırlar, ondan sonra isə ictimai nəqliyyatda çalışan bütün sürücülər təlim mərkəzinə məcburi şəkildə cəlb ediləcəklər. Yəni sürücü-təlim mərkəzinin kurslarını keçmiş, buranın müsbət rəyini almış sürücülər  ictimai nəqliyyatda işləyə bilərlər. Bizim bütün daşıyıcılar qarşısında belə bir tələb qoyacağıq və onlar kimi gəldi işə götürməyəcəklər”.

BNA rəsmisi həmçinin qeyd edib ki, daşıyıcılarla bağlı tenderlərin keçirilməsi də nəzərdə tutulub. Artıq 125 saylı marşrutun sahibi tender əsasında seçilib. Bundan sonra da növbəti tenderlərin keçirilməsi planlaşdırılır.

Gülnar Əliyeva

Virtualaz.org

BIR CAVAB BURAXIN