Bakıda lift qəzasının baş verdiyi binadan reportaj: “Lifti geniş görüb doluşublar”

0
702

 

Ötən gün mətbuatda toy günü gəlin gətirməyə gedən bəyin ölümü ilə nəticələnən lift qəzasının baş verməsi ilə bağlı xəbərlər yayıldı. Məlumata görə, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində lift qırılıb və 11 nəfər köməksiz vəziyyətdə qalıb.

Bunun ardından Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq, ölüm faktının olmadığını və 11 nəfərin xilas edildiyini açıqladı.
Tbilisi prospekti, 3007-ci məhəllə, 4Z ünvanındakı binanıın sakinləri hələ də hadisənin şokundan ayılmayıblar.

Binanın fasadının bir hissəsinin dağıdılması diqqətimizi cəlb edir. Sakinlər bunun xilasetmə əməliyyatları zamanı FHN əməkdaşları tərəfindən edildiyini bildirirlər.

Hadisənin necə baş verməsinə gəlincə, bizi qarşılayan qız atası adının çəkilməsini istəməsə də, danışmağa razılaşdı. O bildirdi ki, dünən mətbuatda yeznəsinin ölüm xəbərini oxuyanda şok keçirib: “Rayonda olan qohumlarımız hamısı pis vəziyyətə düşdü. Mən özüm də çox pis oldum. Ancaq hadisənin gerçəyi o cür deyil. Heç kim xəsarət almayıb və xilasetmə işləri aparıldıqdan sonra, bəy də, gəlin də restorana gedib, normal toy keçib”.

Qəzanın səbəbinə gəlincə, müsahibim dedi ki, lift geniş olduğundan oğlan evindən gələn qonaqlardan 11 nəfər liftə daxil olub və ağırlıq çox olduğundan bu qəza yaşanıb: “Onların məlumatı olmayıb ki, liftə 5-6 nəfərdən artıq minmək olmaz. Bunu binada yaşayanlar bilir, kənar adamlar isə lifti geniş görüb sığa bildiyi qədər doluşublar. Ağırlıq liftin qaldıra biləcəyi yükün həcmindən çox olub. Lift cəmi 600 kiloqram götürə bilir. Ona görə də, lift birinci mərtəbədən yuxarı qalxmaq əvəzinə aşağı enib və asta-asta zirzəmi qatına enib. O ərəfədə biz yuxarıda idik və bəyin gəlməsini gözləyirdik. Gördüm ki, liftin biri gəldi, musiqiçiləri yuxarı çıxdı, ikinci lift gəlmədi. O dəqiqə anladıq ki, lift xarab olub. Lift 7-8-ci mərtəbəyə qədər qalxıb oradan buraxılsaydı, o zaman itki olardı. Ancaq şükür ki, lift heç yuxarı qaxlmayıb, bir mərtəbə aşağı enib. Sonra FHN əməkdaşları gəlib binanın divarının bir hissəsini söküb onları zirzəmi qatından çıxartdılar. Çox şükür ki, heç bir xəsarət alan olmadı. Liftdəki yaşlı insanlar bir az həyəcan keçirmişdilər”.musavat.com

BIR CAVAB BURAXIN