Bakıda intihar etmək istəyən Südabənin yeganə günahı qız doğulmağıdır

0
599
 

“…Planlaşdırmışdım, uşaqları internata verib, özümü öldürəcəkdim. Uzun-uzun düşünürdüm, məndən sonra uşaqlara internatda necə baxacaqlar, döyəcəklərmi, ac qalacaqlarmı? Məni qınamağa tələsməyin, bir dilim çörəyə möhtac qalmaq ölümdən də betərdi…”

Südabə Həsənova 4 yaşlı oğlu ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. Onunla müsahibəni təqdim etməzdən əvvəl bir məqamı qeyd edək. Sığınacaqda 30-a yaxın qadın qalır, hər birinin də valideynləri, yaxınları var. Amma onlara sahib çıxan yoxdur, məhz ona görə ki, onlar ailənin qız övladıdır. Aralarında qız doğduğu üçün evdən qovulanlar da var.

Beləliklə günlərlə ac qalan Südabənin başına gələnləri dinləyirik:

– Həyat yoldaşımdan ayrılmışam. O, Türkiyəyə işləməyə getdi. İndi orada maşınyuma məntəqəsində fəhlə işləyir. Mənə də dedi ki, uşaqları internata ver, Türkiyəyə gəl, sən də xadimə işləyərsən, birtəhər dolanarıq. Əvvəlcə təklifi ilə razılaşdım, dedim ki, uşaqları müvəqqəti bir müəssisəyə yerləşdirərəm, pul toplayandan sonra geri götürərik. Amma razılaşmadı, dedi bəlkə də oğlumu geri götürərəm, qız isə mənə lazım deyil. Mən uşaqları internata vermək istəmədim, yoldaşım isə bizimlə münasibəti kəsdi.

– Bəs aliment ödəmir?

– Rəsmi nikah bağlamamışıq. Bu illər ərzində dəfələrlə nikah bağlamağı təklif etsəm də, illəri yola verdi, nikah bağlamadı. Hər dəfə döyüləndə, təhqir olunanda, yalnız bir şeyi fikirləşirdim, heç olmasa, uşaqlarımın qarnı doyur. Artıq dolanmağımıza yardım da etmir. İndi isə nə aliment alıram, nə də qalmağa yerim yoxdur. Ailəm məni qəbul etmir. Anam deyir ki, qardaşlarına yüksən, onlar öz ailələrini dolandırsınlar, yoxsa səni və uşaqlarını saxlasınlar? Öz valideynlərim belə uşaqlara qarındolusu yemək vermirdilər. Sonuncu dəfə dayımgildə gecələdik, onun məsləhəti ilə də sığınacağa gəldim.

– Valideynlərin maddi imkansızlıqdan sənə sahib çıxmırlar, yoxsa…

– Yox, acından ölmürlər. Sadəcə olaraq, daim mənimlə qardaşlarımın arasında fərq qoyulub. Anam deyirdi ki, Allah hansısa günahima görə mənə qız övladı bəxş edib. Tək mənimlə deyil, qızı olan bütün qadınlara bədbəxt kimi baxırlar. Bizim ailədə qız ikinci plandadır. Deyir, Allah qızı itaət etmək üçün yaradıb. Mən heç vaxt valideynlərimin köməyini hiss eləməmişəm, arxam, dayağım olmayıblar. Qardaşlarım da gözünü açıb qadına bu cür münasibəti görüblər. Deyirlər ki, hər kəsin öz övladı, ailəsi var, başının çarəsinə bax.

– Amma sən təhsil almısan.

– Hə, müəlliməyəm, amma heç vaxt işləməmişəm. Öz gücümə oxumuşam, kimsə əlimdən tutmayıb, mənə kömək etməyib. Bir məqsədim olub – canımı o ailədən qurtarım. Baxın, elə buna görə də, şəxsi həyatımda çoxlu səhvlər buraxmışam. Hər dəfə də məni tək qoyublar, o səhvləri dəfələrlə başıma qaxıblar. Bəzən xırda bir məsələyə görə mənə işgəncə verib, amma ailəmin yanına qayıtmamışam. Bizi atıb gedəndə də valideynlərimə dedim ki, heç olmasa, müvəqqəti sizinlə yaşamağa icazə verin. Restoranda işləyirdim, toydan sonra qalan qabları yuyurduq, səhər də evlərə təmizliyə gedirdim. Hər gün gəlirdim ki, uşaqlar ac qalıb, üst-başları çirkin içindədir. Onları o qədər incidirdilər, qız yalvarırdı ki, gedək küçələrdə qalaq, amma bizi burdan apar. 10 yaşlı uşaq onun-bunun evində qalmaqdan yaşlılar kimi danışır, çörək yeyəndə gözlərinin yaşı dayanmır. Buna görə də, evimizdən çıxanda yalnız onu düşünürdüm ki, özümü də, uşaqları da öldürəcəyəm. Əgər sığınacağa gəlməsəydik, yəqin ki, çoxdan intihar etmişdim.

– İndi sığınacaqdasan. Kimsə maraqlanıb, arxanca gəlibmi?

– Həyat yoldaşım bircə dəfə zəng vurdu. Onda da dedi ki, məndən əlinizi üzün, özümü güclə dolandırıram. Yenə də uşaqlardan imtina etməyimi məsləhət görürdü. Valideynlərim də burda olduğumu bilir, amma nə onlar, nə də qardaşlarım maraqlanmayıblar. İnsanı silmək çox rahatdır, silirsən, onun həyatında nə baş verdiyinə laqeyd olursan. Onlar da belə etdilər. Bilirsiniz, arxası, dayağı olmayan qadın hər yerdə əzilir. Yoldaşım valideynlərimin mənə münasibətini görüb, onlar kimi rəftar edirdi. Burda isə yalnız onu öyrəndim ki, intiharla bir şeyə nail olmayacağam. Uşaqlarıma sahib çıxmalıyam. Çalışıram ki, qızım məktəbdən yayınmasın. Ailəmizdə, cəmiyyətdə qadına, qıza olan münasibət ona təsir etməsin. Nə qədər qız, qadın ailədə oğlan uşaqlarından fərqləndiriləcək? Valideyn qıza Allahın cəzası kimi baxacaq? İndi tək bir istəyim var – qızımı bu cür düşünənlərin əhatəsindən xilas edim.

Jalə Ağazadə

Foto Samirənindir

Virtualaz.org

BIR CAVAB BURAXIN