Faiz Bastrakov adlı şəxs facebookda iş elanı verir; gündəlik 200 manatlıq qazanc vədi ilə xanımları şirnikləndirir; tora düşənlər onun əməllərini ifşa etsələr də, Bastrakov “əməlimdə cinayət tərkibi yoxdu” deyir; hüquqşünaslar isə həyəcan təbili çalır…
Vaxtaşırı paytaxt Bakıda və bölgələrdə işə düzəltmək adı ilə dələduzluq faktları baş verir. Bu günlərdə növbəti belə bir hadisə olub. Adətən sosial şəbəkələr üzərindən işədüzəltmə adı ilə elanlar verilir, sonra da insanlar tora salınır. Üstü açılanda da artıq gec olur.
Növbəti belə bir fakt Bakıda olub. Minval.az saytının əməkdaşı Yana Mədətova paytaxtdakı bu cür dələduzluq faktı ilə bağlı araşdırma yazı hazırlayıb. Yazının tərcümə variantını musavat.com saytı iki gün öncə çap edib (sözügedən yazıya bu linkdən daxil olub, baxmaq olar:http://musavat.com/news/diqqet-bakida-ise-duzeltmek-adi-ile-qizlari-tovlayan-deleduz-peyda-olub-foto_548947.html)
Y.Mədətovanın yazısından bəzi sitatları təkrar oxucunun diqqətinə çatdırırıq: “Bir həftə qabaq facebook sosial şəbəkəsində belə bir informasiya yayılmışdı: Bakı sakini Fariz Babayev (əsl adı Faiz Bastrakov – red.) guya işə götürən şəxs adından elan verərək, qızlara sərfəli iş və yaxşı maaş təklif edir. Nəzərə alanda ki, ölkənin əmək bazarında müəyyən problemlər və çətinliklər var, aydındır ki, belə vakansiyaya sahiblənmək istəyənlər çox olacaqdı.
Ancaq məlum olub ki, elandakı bütün bu yönəltmələr adi bir tələ yemi imiş: sən demə, F.Basrtakov, sadəcə, qızları və qadınları iş haqda “söhbət” adı ilə aldadıb tora salır və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışırmış – bəzilərini facebookda, bəzilərini – telefonda, bəzilərini isə – realda”.
Müəllif yazır ki, belə bir alçaq hərəkətdən hiddətlənən qızlar kütləvi şəkildə status paylaşaraq, xəbərdarlıq ediblər: “Fariz Babayev dələduz və əclafdır, onun elanlarına uymayın!” Y.Mədətova daha sonra yazıb ki, facebookdakı müxtəlif qruplarda kütləvi statuslardan sonra F.Bastrakovun dələduzluğu haqda KİV-lərdə də informasiyalar dərc edilib.
Jurnalist həmkarımız bu yazıların və statusların sonra qadınları “iş” adı ilə intim toruna salan fırıldaqçıya təsir edib-etmədiyini yoxlamaq qərarına gəlib.
Məlum olub ki, F.Bastrakov hələ də iş başındadır, yəni yenə öz elanlarını facebookda dərc edir, müxtəlif qruplarda yerləşdirir və ən qəribəsi – öz fotosunu və telefon nömrəsini də gizlətmir.
Minval.az saytının əməkdaşı F.Bastrakova facebookdan yazıb. Y.Mədətova həmin yazışmanı bu cür nəql edib: “Əvvəlcə özünü ehtiyatlı apardı, o dəqiqə mənə cavab vermədi. Sonra cəsarətləndi və daha konkret yazmağa başladı.
Dialoq təxminən belə oldu: ona yazdım ki, ixtisarlar üzündən mənim işsiz qalan bir neçə rəfiqəm var. Bunu da bildirdim ki, həmin qızların sosial şəbəkələrə çıxışı yoxdur və o üzdən məndən xahiş ediblər ki, öyrənim görüm nə, necədir, həmçinin telefon nömrəsini xahiş ediblər.
O, mənə cavab verdi ki, onun sosial şəbəkədəki bütün qruplarını izləmək lazımdır. Maaş – günə 175 manatdır. Ancaq bundan ötrü onun yanına – ofisə gəlmək lazımdır və şəxsi görüş zamanı detalları müzakirə edəcək. Mən də öz növbəmdə bildirdim ki, belə şərtlər məni də qane edir. O zaman cavab verdi ki, həmin görüşə görə 200 manat verəcək. Fəqət, onun nəyi nəzərdə tutduğunu (hərçənd onsuz da hər şey aydın idi) öyrənmək üçün göstərdiyim bütün səylərdən o, yalnız müəmmalı şəkildə yayındı və bildirdi ki, “əgər sən sözəbaxan olsan, bir həftə sonra daha 200 manat verəcəyəm. Sonra yenə”.
Mən ondan birbaşa soruşdun: siz bu 200 manatı intimə görə təklif edirsiniz?
F.Babayev inkar eləmədi. Bundan əlavə, sırtıqcasına bəyan elədi ki, bilir ki, ona zəng edən KİV əməkdaşıdır. “Mənim haqqımda növbəti məqalə yazacaqsınız? Mənim üçün fərqi yoxdur. Nə istəyirsiniz, yazın. Qanun mənim tərəfimdədir. Mənim özüm hərbçiyəm, mənə onsuz da heç kim heç nə etməyəcək – nə jurnalistlər, nə də polis” bildirdi”.
F.Bastrakov xanım jurnalistə aydın şəkildə deyib ki, belə işlərə görə Cinayət Məcəlləsində maddə yoxdur və ona görə də rahatdır.
Y.Mədətova yazır ki, onunla söhbətdən sonra F.Bastrakovun fotosunu bir daha facebookda yenidən paylaşmağa başlayıblar: “Ən maraqlısı odur ki, ”günün qəhrəmanı” da polemikada fəal iştirak edir, şərhlərində açıq şəkildə iştirakçıları hədələyir, onlara küçə söyüşləri yağdırırdı. Bundan əlavə, bizim söhbətdən sonra o, növbəti qrupda qadın əməkdaşların axtarışı barədə özünün şirnikləndirici statusunu dərc eləmişdi.
Əslində olduqca xoşagəlməz situasiyadır: adam açıq formada qanun pozuntusu ilə məşğuldur – hansı hərəkətə görə ki, istənilən sivil ölkədə onu sərt şəkildə cəzalandırardılar. Azərbaycanda isə onun hərəkəti yalnız xuliqanlıq və ya xırda dələduzluq kimi tövsif edilə bilər.
Əlbəttə ki, polemikanın gedişində F.Bastrakovun müdafiəçiləri də peyda oldular. Onlar birbaşa bildirdilər ki, günahkar heç də bu dələduz – “işə düzəldən” yox, tələ yeminə aldanmaq istəyən qızların özüdür. Müzakirə iştirakçılarının əksəriyyəti isə bu “iztirab çəkən” vətəndaşın ədalətli şəkildə cəzalandırılmasını tələb edirdilər – hansı ki, ən utanmaz şəkildə cəmiyyətin mənəviyyatını pozur və iş axtaran qadınlarla aldatma yolu ilə intim əlaqələrə nail olmağa çalışır. Və bu zaman o, cəzasızlığından yararlanır və buna da apelyasiya edir”.
Minval.az-ın əməkdaşı yazır: “Öz kanallarımızla bizə bunu da öyrənmək müyəssər oldu ki, özünü zabit kimi təqdim edən F.Bastrakovun orduya heç vaxt heç bir dəxli olmayıb. Əvvəllər o, ”Caspian Fish Co”da sistem inzibatçısı işləyib. 2011-ci ildə nikaha girib (sosial şəbəkədə onun toy şəkilləri yayılıb). Aydındır ki, arvadı onun yanından qaçıb gedib. Axı evli kişi öz yuvasında intim üçün qadınları öz toruna salası olmayacaq”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı bu qalmaqalla bağlı iki hüquqşünasdan rəy alıb. Öncə mövzu ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyevin fikirlərini təqdim edirik: “Faiz Bastrakovun əməlləri hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılmalıdır. Əgər Faiz Bastrakov qadınlara qarşı – istər rədd cavabı verənlərə, istərsə də onunla könüllü intim münasibətdə olanlara zor tətbiq etməyibsə, əməlində cinayət tərkibi yoxdur. Fiziki zor olmayıbsa, araşdırılmalıdır ki, qadınları qorxutmayıb ki? Yəni onlara deməyib ki, bax, mənim evimə gəlmisən, şəklini çəkib yoldaşına və ya qardaşına deyəcəyəm. Və ya internetdə yayacağı ilə şantaj etməyib ki? Şantaj niyyəti ilə qadınlara dediyi sözlər olubsa, araşdırma aparılmalıdır. Bu cür hərəkətlər də faktiki qorxutmaqdır. Burada incə məqam Faiz Bıstrakovun qadınları aldadıb evlərindən çıxararaq öz evinə, ofisinə gəlmələrini təşkil etməkdir. Bu məsələ mütləq qaydada hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Onun fəaliyyəti nəzarətə alınmalı, qadınlardan başqa niyyətlərlə istifadə edib-etməməsi də müəyyən olunmalıdır. Dələduzluq tərkibinin yarana bilməsi ehtimalı da araşdırılmalıdır”.
Mahmud Hacıyev deyir ki, Azərbaycanda günü 200 manata iş yerinin olması çox yaxşıdır:“Amma belə işə məhz qadınların götürülməsi də maraq doğurur. Araşdırılmalıdır ki, özünü işə götürən kimi təqdim edən Faiz Bastrakov kimdir, nəçidir? Bu günə qədər onun təklif etdiyi günü 200 manata olan işlə neçə nəfər təmin olunub. Həmin işə götürülənlər nə işlə məşğul olurlar? Əgər konkret zorakılığa məruz qalan qadın varsa, həmin qadın hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bundan sonra Faiz Bastrakovun əməlini konkret tövsif etmək mümkündür. Hazırda isə belə bir şikayətin varlığı haqda məlumat yoxdur. O, evinə çağırdığı qadınlara zor tətbiq etmədən, qadının könüllü istəyi ilə intim münasibətdə olubsa, buna görə qadına 200 manat bəxşiş veribsə, burada cinayət yoxdur. Və ya onun evinə gələn qadın onun intim münasibət təklifini rədd edibsə, bundan sonra da qadın sərbəst şəkildə, şantaj olunmadan oranı tərk edibsə, yenə də cinayətdən söhbət gedə bilməz”.
Tanınmış hüquqşünas Əkrəm Həsənov da deyir ki, Faiz Bastrakovun əməlləri araşdırılmalıdır: “Bu adam elan verir, iş adı ilə qadınları evinə çağırır. Vəd edir ki, gününə 200 manat verəcək. Evində isə intim münasibət təklif edirsə, bu məsələ araşdırılmalıdır. Onun fəaliyyəti ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Qadınları pul qarşılığında intim münasibətlərə cəlb edirsə, bu artıq fahişəliyə cəlb etmədir. Azərbaycanda Avropanın bəzi ölkələrindən fərqli olaraq fahişəlik leqallaşdırılmayıb. Azərbaycanda bu əməli törədənlər qanunla cəzalandırılır”.
Əkrəm Həsənov da o fikirdədir ki, Faiz Bastrakovun əməlləri əsas verir ki, hüquq-mühafizə orqanları onun fəaliyyətini araşdırsın.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə də əlaqə saxlayıb. Xidmətin rəis müavini Orxan Mansurzadə deyib ki, gündəlik olaraq sosial şəbəkələrdə milyonlarla yazışma, paylaşım, şərhlər olur və bütün məlumatları real vaxt çərçivəsində saf-çürük etmək fiziki və texniki baxımdan mümkün deyil. Bu baxımdan vətəndaşların bu və digər qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri vacibdir: “Bu halda Bastrakovun əməlindən zərərçəkən varsa, konkret halla bağlı hüquq-mühafizə orqanına müraciət olunmalıdır. Bastrakovun əməlləri haqda bir-birinə müraciət yollayan vətəndaşlara da məsləhət bilirik ki, konkret faktlar, hallarla varsa, onun əməlindən zərər çəkiblərsə, bununla bağlı DİN-in 102 xidmətinə məlumat versinlər. Ərazi üzrə konkret polis orqanına da ərizə ilə müraciət oluna bilər”.
Rəis müavini deyib ki, belə müraciət olacaqsa, həmin müraciətə də digər müraciətlər kimi operativ reaksiya veriləcək, müvafiq addımlar atılacaq.