Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Elyar Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. Saat 21:00 radələrində 1976-cı il təvəllüdlü Elyar Bayramov idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi “VAZ-21102” markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər – 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin – 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər.
“Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.
İnarə Rafiqqızı
Virtualaz.org