Bakı-Tbilisi-Qars dəmir yolu

0
2005

Bakı-Tbilisi-Qars dəmir yolu

Asiya və Avropanı birləşdirən ən qısa və etibarlı dəmir yolu olan Bakı-Tbilisi-Qars bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bu nəqliyyat qovşağı Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Bakı-Tbilisi-Qars yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.

Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə infrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, respublikamızın ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı ölkəyə valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, turizmin inkişafına, ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olacaq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal