Bakı qəbiristanlıqlarında qiymət özbaşınalığı

0
629

Atası dünyasını dəyişən Bakı şəhər sakinindən ölüsünü dəfn edə bilməsi üçün məzar yerinə görə 800 manat pul tələb olunub. Bu barədə ANS PRESS-ə paytaxt sakini Samir Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl atası dünyasını dəyişib və onun dəfn edilməsi üçün Suraxanırayonunun Hövsan qəsəbəsində yerləşən qəbiristanlığın rəhbərliyinə məzar yeri verilməsi üçün müraciət edib. Lakin axirət mənzilinin rəhbərliyi mərhumun oğlundan atasına məzar yeri ala bilməsi üçün 800 manat ödəməsini tələb edib. Sonunda çıxış yolu qalmayan ölü sahibi rəhbərliyə razılaşma yolu ilə 700 manat ödəmək məcburiyyətində qalıb.

Mərhum və mərhumələri niyə ayrı salırsan?

Redaksiyamıza daxil olan bu şikayət hələ də paytaxt məzarlıqlarında yerindən asılı olaraq qəbirlər üçün konkret qiymətlərin müəyyənləşdirildiyini göstərir. Ancaq araşdırmamız zamanı başqa mətləblər də ortaya çıxdı. İlk əvvəl onu qeyd etmək lazımdır ki, əksər axirət mənzillərində tək yerlər satılmır. İşbazlar məzar yeri götürənlərin “qayğısına” o qədər çox qalırlar ki, iki və daha çox adamın basıdırılması üçün məkan təklif edirlər. Arqumentləri isə belədir: “Qardaş, ölümlü-itimli dünyadır. Bu gün əri ölənin sabah arvadı öləcək. Mərhum və mərhumələri niyə ayrı salırsan? Həm də iki yer götürəndə qiymət daha ucuz başa gəlir. Gəl bu iki yeri verim sənə”.

Elə bu minvalla müraciət etdiyimiz ilk məzarlıq Binəqədi qəbiristanlığı oldu. Burada yerlər əvvəlcədən rahat şəkildə hissələrə bölünüb və ətrafı hasarlanıb. Ona görə də bu qəbiristanlıqda tək yerin olmadığını, yalnız iki nəfərlik məzar yeri sifariş verə biləcəyimizi dedilər. Hasarlı axirət evinə qoyulan qiymət isə, həqiqətən də, ölü sahiblərini yenidən şoka salacaq qədər yüksək idi – 2500 manat. Bildirdilər ki, qiymətin belə baha olması yerin ətrafının hasarlanması üçün sərf edilən vəsaitlə bağlıdır. Sanki hansısa bir vətəndaş həmin işbazlardan yerin ətrafını hasarlamasını xahiş edib. “Bu yerin ətrafının hasarlanması üçün 1000 manatdan çox pul xərclənib. Ona görə də qiymət belə bahadır. Ancaq bu qiymətə qəbirin qazılması, ölünün dəfn edilməsi daxil deyil. Bunun üçün də 2500-dən əlavə 300 manat ödənməlidir. Ucuz yer istəyirsinizsə, Sulutəpə qəbiristanlığına gedin! Orada yerin qiyməti 700 manat, dəfn xərcləri isə 300 manatdır”, – deyə qəbiristanlıq müdiri təklifini əsaslandırdı.

Yeganə ürəkaçan məqamla Biləcəri qəsəbə qəbiristanlığında qarşılaşmaq olar. Rəhbərlik deyir ki, onlar ölünün məzar yeri üçün pul almırlar: “Yer pulsuz verilir. Ancaq 300 manat dəfn xərcləri üçün pul alırıq. Bu qiymətin içində isə qəbrin hörülməsi üçün daşlar, sement və işçilərin əziyyət pulu var”.

Məzar yerləri ilə bağlı paytaxtda vəziyyət elə bir hal alıb ki, 300 manat xərci ürəkaçan adlandırmağa məcbur qalırıq.

Xırdalan məzarlığında isə qiymət qəbrin yerləşdiyi məkandan, onun panoramasından, yola yaxınlığından asılı olaraq dəyişir. Hələ burada müştəri cəlb etmək üçün qiymət “öldürən” rəhbərlikdən heç danışmıram. Xırdalanda bir nəfərlik məzar yeri almaq istəyən insana digər ölülərin qəbirlərinə bitişik, quru ot basmış yerlər təklif edilir. Bunun üçün isə yuxarıda sadalandığı kimi, vətəndaşa ilk əvvəl iki və daha çox adam üçün nəzərdə tutulan yerlərin vacibliyi, fəzilətləri (üstünlükləri) açıqlanır. Vətəndaş təkliflə razılaşdıqda dərhal “B” planına – yerlərin qiyməti məsələsinə keçilir.

Dirinin bağrını, ölünün gorunu çatladan qəbir qiymətləri

Qohumlarından biri dünyasını dəyişmiş kimi yaxınlaşdığımız Xırdalan qəbiristanlığının müdiriyyəti bizə ilk əvvəl “A” planını, daha sonra isə “B” planını uğurla qəbul etdirdi. Ancaq qiymətdən razı qalmadığımızı gördükdə başladı qiymətləri aşağı salmağa: “Qardaş ən gözəl yer buradır. Həm də iki nəfərlikdir. Qiymət 1300 manat. Narazı qaldız? Sizin üçün 1100 olsun”. Daha sonra isə həmin dəllal yenə də razılaşmadığımızı görərək “yaxşı oğlana oxşayırsız. Həm də yasınız var. Axı hamımızın son mənzili bura olacaq” deyərək qiyməti 900 manata qədər endirdi.

Digər baş çəkdiyimiz məkanlarda da vəziyyət eyni idi. Məsələn, Masazır qəbiristanlığında 1 nəfərlik yerin qiyməti (poçta ödəyib qəbzi gətirmək şərti ilə) 500 manat, Badamdar məzarlığında (1 nəfərlik yer verilmir) iki nəfərlik qəbir yeri 600-700 manat, 4 nəfərlik (topdan satış olduqda) isə 1000 manatdır. Yasamal məzarlığında isə ümumiyyətlə yer yoxdur.

Hələ bu sahəni bəzi rəsmi qurumlardan başqa biznesə çevirən adi vətəndaşlar da var. Araşdırma apardığımız zaman Yasamal qəbiristanlığında məzar yeri tapmadığımızı görən bir qadın yaxınlaşaraq onun Xırdalan qəbiristanlığında mənzərəsi gözəl olan 4 nəfərlik məzar yerinin olduğunu, həmin yeri bizə 3000 manata sata biləcəyini dedi.

Bakıdakı məzar yerlərinin qiymətləri (qiymət minimum göstərilib)

Bakıdakı məzar yerlərinin qiymətləri (qiymət minimum göstərilib)

Müşahidələrimizdən əmin olduq ki, dövlətin humanizm göstərərək vətəndaşlarına pulsuz verdiyi məzar yerləri, elə həmin humanist dövlətin insani duyğulardan məhrum olan və heç vaxt ölməyəcəyini, bu gün vətəndaşlara “od” qiymətinə satdığı məzar yerlərindən birinin sabah onun özünə qismət olacağını düşünməyən bəzi üzdəniraq məmurlar tərəfindən sanki hərraca çıxarılır və satılır. Bütün bunlar isə qanunda olan boşluq və nəzarət mexanizminin yox səviyyəsində olması ilə əlaqədardır. Çünki dövlətin torpağını, onsuz da əzizini itirdiyi üçün dünyası başına yıxılan vətəndaşa baha qiymətə satmaqla Allah qorxusunu unudan məmur və qurumların, onların bu əməllərini ifşa edə biləcək daha üst qurumlardan qorxusu yoxdur.

“Məzar yerlərinin qiymətləri bir nəfər üçün minimum əmək haqqının iki misli miqdarında (280 manat) müəyyən edilib və buraya yerin ayrılması ilə yanaşı dəfn xərcləri də daxildir”.

Hələ bir müddət əvvəl bu qayda pozuntularından “yaralı” olanlardan biri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirmişdi ki, Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib və təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Həmin məbləğdən yuxarı olması mümkün deyil. Bununla bağlı qanun layihəsi artıq hazırlanıb və icrası üçün ayrı-ayrı strukturlarla razılaşdırılma aparılır.

İndi hər kəs üçün maraqlı olan bu bir neçə ay ərzində mövzu ilə bağlı hansı dəyişikliklərin baş verməsidir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ANS PRESS-ə açıqlamasında bildirdi ki, məzar yerləri ilə bağlı qanun layihəsi artıq hazırlanıb və dövlət strukturlarına təqdim edilib. Həmin strukturlar bu layihəyə baxıb onu təsdiq etməlidirlər. Layihə təqdim edilən həmin dövlət qurumları məzar yerləri üçün ayrılacaq yerləri və bu layihənin xərclərini müəyyənləşdirməlidirlər. Bundan sonra layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu layihə təkcə Bakı yox, bütün rayonlar üçün nəzərdə tutulub.

Deputat hazırda məzar yerlərinin kimlər tərəfindən satıldığına da aydınlıq gətirdi. Onun sözlərinə görə, əslində yerlərin satışı bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Ancaq Qəbiristanlıqlar İdarəsi tərəfindən həyata keçirilir.

Yeni layihədə məzar yerlərinin qiymətləri bir nəfər üçün minimum əmək haqqının iki misli miqdarında (280 manat) müəyyən edilib. Buraya yerin ayrılması ilə yanaşı dəfn xərcləri də daxildir.

Siyavuş Novruzov - Milli Məclisin deputatı

Siyavuş Novruzov – Milli Məclisin deputatı

Azərbaycanda hazırlanan hazırkı qanun layihəsi dünya dövlətlərinin əksəriyyətində artıq uzun müddətdir ki, tətbiq edilir. Məsələn, qonşu Türkiyədə məzar yerlərinin qiymətləri hər il əhalinin maddi rifah səviyyəsinə görə yenidən müəyyənləşdirilir. İllərə görə qiymətlər yüksələ, eyni zamanda azala, yaxud sabit qala da bilər.

Məzar yerlərinin təşkili barədə qanun layihəsi hazırdır

Məsələn, İstanbulda qiymətləri şəhər bələdiyyəsi müəyyənləşdirir. Bu şəhərdə məzar yerləri coğrafi mövqeyinə görə 4 kateqoriyaya bölünüb. Ötən ilin qiymətlərinə nəzər salsaq görərik ki, şəhərin mərkəz hissəsində 1-ci qrup ərazilərdə məzar yerinin qiyməti 5 min lirə (2780 manat), mərkəzdən kənarlara doğru, daha dəqiq desək, 2-ci qrup yerlərdə məzar yerləri 1000 lirə (553 manat), 3-cü və 4-cü qrup yerlərdə isə qəbir yerlərinin qiymətləri 100 türk lirəsidir (55 manat). Düzdür, ilk baxışda 1-ci və 2-ci qruplar üçün qiymətlər yüksək görünə bilər. Ancaq qardaş dövlətdə aztəminatlı şəxslər dünyasını dəyişdikdə onların məzar yerləri, tabutu, meyitin yuyulması, tabutun örtüyü və cənazənin qəbiristanlığa aparılması üçün ölünün sahibindən heç bir pul tələb edilmir.

Xarici ölkələrdən birində qəbiristanlıq

Xarici ölkələrdən birində qəbiristanlıq

Bundan başqa, məsələn, İstanbulda dünyasını dəyişmiş vətəndaşlar hətta ölkənin bütün ucqar əyalətlərinə də pulsuz aparılır. Bu xidmətdən yararlanmaq istəyən vətəndaşların yaxınları isə kasıb olduqlarına dair yerli bələdiyyədən yaşıl kart almalıdırlar.

Rusiya Federasiyasında isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. Qanunun müvafiq maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması öz əksini tapıb. Rusiya dövlətinin vətəndaşı üçün federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.

Hazırda isə Bakıda məzar yerlərinin satışı açıq-aşkar bazara və alverə çevrilib. Hər halda, bütün bunların başında müvafiq qurumların özlərini qanundan üstün tutması dayanır. Əks halda dövlətin ayırdığı yerləri sadə bir qəbiristanlıq sahibi istədiyi qiymətə təklif edə bilməzdi. Onun arxasında dayananlar olmalıdır ki, o, belə bir hərəkət edə bilsin. Burada qanuna əməl edilməsi ilə yanaşı, bir az da insanların hisslərinə hörmət olmalıdır. Bunu etməyənlərin isə sadəcə bir adı var – ölü sahibinin cibinə girənlər.

BIR CAVAB BURAXIN