Bağırovun yuxusuz qoyaraq cəza verdiyi repressiya qurbanı

0
1541

 

Arazinfo.com Kulis.az -a istinadən filosof Aydın Əlizadənin “Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56)” yazısını təqdim edir.

 

“Milliyyətçi” və “sağçı-trotskiçilər” birləşməsinin məqsəd və vəzifələri

 

Məhbusların dindirilmə protokollarında (5, c. 4, Ə. Məmmədovun 01-03.07.1938 tarixli dindirilmə protokolları) və onların işi üzrə 17 sentyabr 1939 il tarixli İttihamnaməsində (5, c.4, 248) “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” məqsəd və vəzifələri aşağıdakı müddəalardan ibarət idi:

 

1. Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması;

 

2. Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçirilməsi;

 

3. SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması;

 

4. Dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi;

 

5. SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumətin yaradılması;

 

6. Əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyankarlığın həyata keçirilməsi;

 

7. Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması;

 

8. Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.

 

Daha sonra istintaq “aşkar” etmişdir ki, bu təşkilat Özbəkistanda, Ukraynada və SSRİ-nin başqa respublikalarında əksinqilabçı təşkilatlarla əlaqələr qurmuş, eləcə də İranın Bakıdakı konsulluğu vasitəsi ilə o ölkənin kəşfiyyatının xeyrinə işlər görmüşdür.

 

Dindirilmələr zamanı A. Məmmədov (ondan öncə İ. Əliyev kimi) etiraf etmişdir ki, onların hamısı azərbaycanlıların öz torpaqlarına sahibi olmadıqlarına, onların hüquqlarının pozulması və ölkədə başqa millətlərin öndə olmasına görə narazılıqlarını bildirmişlər.

 

Bu etiraflara İ. Əsədullayev “əlavələr” edərək bildirmişdi ki, onlarla əlaqədə olan “sağ-trotskiçilər” (məsələn məsul partiya işçiləri olan Ostaşko və Kvyatkovski) sovet hökumətinin dağılmasından sonra SSRİ-də, o cümlədən Azərbaycanda, milli dövlətlərin qurulmasının vacibliyi ilə razılaşırdılar.

 

Həmçinin, dindirilmələrin birində İ. Əsədullayev də Moskvanın “Moskva” mehmanxanasında 1938-ci ilin yanvarında onun Xəlilov, Əliyev və Məmmədovla görüşü olduğunu təsdiq etmişdi. Onun sözlərinə görə, orada onlar “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” vahid mərkəzinin yaradılması, Moskvada və digər yerlərdə sovetlərə qarşı olan başqa qruplarla (məsələn SSRİ Ali Sovetinin sədr müavini Petrovski və Kosiorla) əlaqə qurmaq məqsədini güdürdülər. İştirakçılar sovet hökumətinə qarşı mübarizənin gücləndirilməsi üçün bütün təşkilatların vahid mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Bu mərkəzin tərkibinə həmin “mehmanxana” görüşünün bütün iştirakçıları daxil olmuşdular.

 

Bundan sonra istintaq “təşkilat” başçılarının ifadələrinin əsasında onların əlaqə yaratdıqları “sağ-trotskiçilərin” şəxsiyyətləri barəsində məlumat əldə etmişdir. Bunlar Brener, Rodionov, Ostaşko, Yefim Smorqonski (Azərittifaq sədri), Xantsev (Bakının K(b)P Koqanoviç RK katibi), Sarumov Muşeq (Bakı Sovetinin sədr müavini) idilər. Bundan sonra İ. Əliyev çıxış edərək söyləmişdi ki, onun tərəfindən artıq Moskvada SSRİ Yüngül sənaye sistemindəki əksinqilabçı və sağ-trotskiçi təşkilatlarla əlaqələr qurulub.

 

Rəsmi dindirilmələr protokollarında məhbuslara edilən basqıların əlamətləri

 

İstintaq işində çox sayda bir-birinə zidd olan dindirilmələr və iddialar vardır. Məsələn İ. Əliyevin azərbaycan milliyyətçisi kimi göstərilməsinə baxmayaraq, bu iş üzrə keçən “sağ-tsotskiçilər” İvan Levkopulo (Az.SSR K(b)P BK sənaye şöbəsinin müdiri) (5, c. 4, 07.06.1938 tarixli dindirilmə protokolu) və Raymond-Roman Kvyatkovski (rəhbər partiya işçiləri şöbəsini müdiri) onu sağ-trotskiçi adlandırmışdılar.

 

Bundan başqa məhbusların da ifadələrində çoxlu sayda ziddiyyətlər görmək olar. Məsələn, İ. Əliyevə qarşı ilk ifadələr verən yüngül sənaye müəssisəsinin işçisi, öz başqa həmkarı ilə üzləşmə zamanı gözlənilmədən Əliyevin “əksinqilabçı təşkilatın” üzvü olmasını inkar etmişdi. Ancaq sonra İ. Əliyevin özü ilə üzləşmədə yenidən onun əksinqilabçı olduğunu söyləmişdi (5, c. 4, 13.07.1938 tarixli dindirilmə protokolu). Buna baxmayaraq, bu kimi hallar müstəntiqlər tərəfindən nəzərə alınmırdı. Çünki onların məqsədi bu iş yuxarılardan sifariş edildiyindən məhbusları nəyin bahasına olursa-olsun ittiham etmək idi.

 

Məhbuslara təzyiqlərin edilməsi halları elə rəsmi dindirilmə protokollarında öz əksini tapmışdır. Belə ki, dindirilmə zamanı onlara təhdidedici şəkildə öz ifadələrini tamamlamaq və başqa adamların adlarını vermək tələbi irəli sürülürdü. Məhbuslar isə cavablarında hər dəfə bu tələbə tabe olaraq deyirdilər ki, keçən dindirilmədə kimlərinsə adını gizlətmiş, indi isə onların adını çəkmək qərarına gəlmişlər. Məsələn dindirilmələrin birində müstəntiq məhbusa “Siz keçən dəfə sizə məlum olan təşkilat üzvlərinin adlarını çəkməmişdiniz. İstintaq onların adlarının çəkilməsini sizdən tələb edir” sözləri ilə müraciət edir. Məhbus da təqsirkarcasına cavab verir ki, doğrudan da keçən dəfə filan kəslərin adlarını çəkməmişdir. Ya da müstəntiq: “Biz artıq əksinqilabçıların adlarını bilirik, indi də onların adlarını gizlədib istintaqı aldatmaq fikrindəsiniz?”, – sualını verir. Cavabında məhbus yenə “etiraf” edir ki, həqiqətən də kimisə gizlətmişdir, indi isə açıqlamaq istəyir.

 

Bu kimi sual-cavablara istintaq işinin hər yerində rast gəlmək olar. Belə dindirilmələrdən sonra məhbuslar yeni adlar çəkərək kimisə gizlətdiklərini “etiraf” edirdilər. Aydındır ki, onlar fiziki işgəncələrə məruz qalıb istintaq tərəfindən onlardan tələb olunan insanların adlarını çəkirdilər. Sonra həmin adları çəkilən şəxslər həbs olduqdan sonra eyni sual-cavablardan keçərək öz növbəsində yeni adlar verirdilər. Beləcə məhbusların sayı getdikcə artırdı. Eyni zamanda, dindirilmə protokollarından məhbuslara həm də mənəvi təzyiqlərin edildiyini də hiss etmək olar.

 

Məhbuslara qarşı fiziki zorakılıq və işgəncələr

 

Az. SSR XDİK əməkdaşı Şneyder siyasi işlər üzrə tutulanların hansı şəraitdə başqalarına və özlərinə qarşı ifadələr verməyə məcbur olunduqlarını belə təsvir etmişdir: “Mən ətraflı olaraq (SSRİ XDİ komissarı) Yejovun qabağına (bunu izah etmək üçün onun yanına getmişdim) gurultulu işlərin necə hazırlanması haqqında çoxlu sayda faktlar qoymuşdum. Ona bildirmişdim ki, müstəntiqlər dindirilmə zamanı məhbuslara işgəncələr verərək özlərinin göstərdiyi vəzifəli şəxslərin adlarının çəkilməsini təmin edirdilər. Bu adlar da sonradan protokollara əksinqilabçı təşkilatın üzvləri kimi yazılır. Ona həmçinin bildirdim ki, istintaq məhbusların qabağına əvvəlcədən hazırlanmış siyahıları qoyur və onları döyərək orada çəkilən adları təsdiq etməyi tələb edir. Onlardan soruşurdular ki, bu adlardan kimlər əksinqilabçı təşkilatın üzvüdür? Məhbuslar da müstəntiqlər göstərdikləri adamların adlarını çəkirlər. Daha sonra məhbuslar onların ifadə vermədikləri, amma əvvəlcədən hazırlanmış və orada “təşkilatın yeni üzvlərinin”  adları çəkilmiş dindirilmə protokollarına döyülərək imza atmağa məcbur edilirlər. Üzləşmələrdən öncə məhbus döyülərək üzləşdirildiyi adama istintaqın göstərdiyi adları çəkməyi məcbur edilirdi. Həmin adam bunu inkar edirdisə, o protokollar qeydə alınmırdı (7, 428-431).

 

SSRİ baş prokuroru R. A. Rudenkonun 15. 03. 1954-cü il tarixli Sovet ittifaqı Kommunist partiyasının prezidiumuna məktubunda belə yazı keçməkdə idi: “Bağırov 1937-1938-ci illər ərzində əslində xüsusi xidmət orqanlarına başçılıq etmiş, onlardan məhbusları döyərək cinayət işlərinin saxtalaşdırılması, ona sərf etməyənlərin aradan götürülməsi, vicdanlı partiya və sovet işçilərinin məhv edilməsi üçün istifadə edirdi” (7, 428-431).

 

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işində isə işgəncələrin necə tətbiq edilməsi haqqında İskəndər Əliyev, M. C. Bağırovun və onunla əlbir olanlar üzərində 1956-cı ilin aprel ayında keçirilən məhkəmə prosesində öz ifadəsində demişdi ki, “onu rezin dəyənəklə döyürdülər, diz üstündə şüşə qırıntıları üzərinə çökdürürdülər. Həbs olunandan dörd gün sonra onu həmin vaxt M. C. Bağırovun da olduğu xalq daxili işlər komissarının kabinetinə gətirirlər. Bağırov ağır söyüşlər söyərək Əliyevdən onun nə üçün “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” üzvü olduğunu etiraf etmədiyinin səbəbini soruşur. İ.Əliyev və bu işlə bağlı başqa məhbuslar məhz bu “təşkilatın” üzvü kimi XDİK tərəfindən təqsirli bilinirdilər. İ. Əliyevin dediklərinə görə, o özünü təqsirli bilmədiyi üçün Bağırov əmr etmişdi ki, ona yuxudan məhrum etsinlər. Keçmiş Az. SSR xalq daxili işlər komissarı müavini Borşov isə həmin məhkəmədə təsdiq etmişdir ki, Əliyevi, Xəlilovu, Məmmədovu və başqalarını doğrudan da döyürdülər (16, 123-124).

 

İ. Əliyev istintaqa 20 avqust 1940 il tarixli İzahatında ona işgəncələr verdiyi adamların sırasında XDİK müstəntiqləri Babenko və Meşeryakovu göstərmişdi (5, c.4, 279).

 

Məhbusların öz ifadələrindən imtina etməsi

 

“1938-ci ilin avqust-sentyabr aylarında XDİK-də dəyişikliklər dövrü başlayır. Artıq zaman repressiyaların şiddəti bir qədər zəyifləyir… 1938-ci ilin dekabrında isə işlərin qısa yenidənbaxılma dövrü başlanır” (17). Ola bilsin ki, bu zaman “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işi üzrə keçən məhbuslara basqıların şiddəti azalmağa başlamışdı. Çünki məhz o zaman onlar öz verdiyi keçmiş ifadə və “etiraflardan” imtina etməyə başlayırlar. Həm də o zaman artıq Az. SSR XDİK rəhbərliyi dəyişmişdi.

 

14 sentyabr 1939-cu il tarixli dindirilməsi zamanı İ. Əliyev iddia edir ki, onun bundan öncə verdiyi ifadələri saxta və uydurulmuşdur; onları o güclü fiziki və mənəvi işgəncələrə məruz qoyularaq verməyə məcbur edilmiş və buna görə də onlardan imtina edir. Bu zaman onu dindirən müstəntiq Əliyevin yadına salır ki, ona qarşı ittihamlar təkcə onun etirafları üzərində deyil, həm də başqa adamların ifadələri, eləcə də digər materiallarla sübuta yetirilib. Ancaq Əliyev buna “istintaqın mənə qarşı əldə etdiyi dəlillərin hamısı böhtanlar üzərində qurulub (ona qarşı ifadələr verən ilk üç nəfər yüngül sənaye işçilərinin ifadələri nəzərdə tutulur)” deyərək cavab verir  və həmin adamlar onu şəxsi münasibətlər üzündən şərləyiblər (5, c.4, 240). Çünki o xalq komissarı olanda onları dələduzluğa və işin pozulmasına görə məsuliyyətə cəlb etmək istəmişdi.

 

Əliyevin bu kimi iddiası həqiqətə uyğun ola bilər. Çünki o zaman şəxsi münasibətlər səbəbi ilə XDİK-ə saxta ərizələr və ifadələr verməklə istənilən şəxsi şərləmək adi hala çevrilmişdi (1, 782). Bir sözlə kim kimdən qisas almaq istəyirdisə bu üsula əl atırdı. XDİK-ə isə bu kimi saxta materiallar istintaq işlərini yeni “faktlarla” zənginləşdirmək, məhbusların təqsirlərini “sübuta” yetirmək, təqibləri davam etmək üçün lazım idi.

 

Bundan sonra İ. Əliyevi dindirən müstəntiq Avanesov ona “Sizə qarşı ifadə verənlərin arasında sizinlə ədavətdə olmayanlar da var idi. Bəs bunu nə ilə izah edəcəksiniz?” sualını verir. Buna Əliyev “Onların mənə qarşı ifadə vermələrinin səbəbləri mənə məlum deyil” cavabını verir (5, c.4, 239-246).

 

9 iyun 1940 il tarixli dindirilməsi zamanı İ. Əliyev yenə keçmiş ifadələrindən imtina edərək deyir: “Mən özümü və başqalarını işgəncələr altında təqsirli bilmişəm… Adlarını verdiyim adamların siyahısını mənə müstəntiqlər verirdilər və onlar hər üzləşmədən qabaq mənə təzyiqlər edirdilər. Müstəntiqlər məni çağırıb istintaqa lazım olan ifadənin verilməsi haqqında xəbərdar edirdilər” (5, c.4, 261).

 

17 sentyabr 1939-cu il tarixli Yekun İttihamnaməsində deyilir ki, İ. Əliyevdən başqa M. Xəlilov, A. Məmmədov, İ. Əsədullayev də öz əvvəlki etirafedici ifadələrindən imtina edirlər. Buna görə də onların işi XDİK yanında xüsusi Müşavirədə həll edilməlidir (5, c.4, 250).

 

Ancaq məhbusların bu ifadə və ərizələri istintaq tərəfindən rədd edilir. 3 avqust 1940-cı il tarixli yeni Yekun İttihamnaməsində yazılmışdır: “Hesab edirik ki, məhbusların öz keçmiş ifadələrindən imtina etmələri əsassızdır və onlar tərəfindən cinayət işləri üzrə istintaq orqanlarını çaşdırmaq və aldatmaq məqsədini güdür” (5, c. 4, 288). Bu azmış kimi, istintaq məhbusları Sovet hökuməti və ÜK(b)P rəhbərlərinə qarşı terror aktları hazırlayan təşkilatın başçıları adlandırmışdır. (5, 8 avqust 1940-cı  il tarixli qərar, c. 4, 269).

 

İstintaq materiallarından görünür ki, bundan sonra məhbuslar yeni basqılarla üzləşirlər. 2 iyul 1940-cı il tarixli dindirilmədə Dövlət Təhlükəsizliyi müstəntiqi Qnezdov İ. Əliyevi terrorizmdə ittiham edir. Onun iddiasına görə guya Əliyev Az. SSR Ali partiya və dövlət rəhbərliyini öldürmək planını həyata keçirtmək istəyibmiş (5, c.4, 264). Ancaq Əliyev həmin dindirmədə bu ittihamları qətiyyətlə rədd edir. Buna görə düşünmək olar ki, keçmiş dindirilmələrdən fərqli olaraq, o zaman ona qarşı işgəncələr tətbiq edilməmiş, ya da basqılar o qədər də şiddətli olmamışdır. Ancaq, nəticə olaraq bu amil ona, nə də başqa məhbuslara heç bir xeyir verməmişdi.

 

 

Ardı var

 

BIR CAVAB BURAXIN