Xatırlayırsınızsa, professor, Rusiya lideri Putinin tələbə yoldaşı və dostu İlham Rəhimov mediaya açıqlamasında demişdi: “Mənim Moskvadan xahişim ondan ibarət oldu ki, nə olursa-olsun, bircə təşkilatın qeydiyyatı ləğv olunmasın”. İndi soruşmaq istəyirəm, nə oldu, İlham Rəhimov?
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı Rusiya Ali Məhkəməsinin Plenumunda Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının bu gün ləğv olunmasına münasibət bildirərkən deyib. N.Orduxanlı bildirib ki, İ.Rəhimovdan fərqli olaraq, hamı bu qərarın siyasi bir yanaşma olduğunu əvvəlcədən bildirdi:
“Düşünmürəm ki, bu qərar “təsadüf” nəticəsində və ya hansısa bir anlaşılmazlıq səbəbindən verildi. Yəni bu, birbaşa Azərbaycan dövlətinə qarşı növbəti təzyiq kampaniyasının tərkib hissəsidir. Rusiya hər dəfə Azərbaycanda prezident seçkilərinə bir il qalmış ənənəvi metoduna əl atır. Xatırlayırsınısa, 2013-cü il prezident seçkilərinə bir il qalmış Rüstəm İbrahimbəyovu Rusiya mətbuatının gündəminə gətirdi və o da Azərbaycan dövlətinin əleyhinə açıq kampaniyaya başladı. Eynən həmin siyasət bu gün də davam edir. Yəqin ki, yaxın zamanlarda yeni bir Rüstəm İbrahimbəyovun simasını görəcəyik”.
N.Orduxanlı ÜAK-ın qeydiyyatının ləğvi məsələsində hamının fikrinin əleyhinə gedən professor İlham Rəhimovun “məsələni siyasiləşdirmək lazım deyil” sözlərini xatırladıb:
“Putinin tələbə yoldaşı və dostu kimi tanınan İlham Rəhimov bir müddət bundan öncə Musavat.com-a açıqlama vermişdi. O bildirirdi ki, bu məsələni eşidəndən sonra narahat olub və Moskva ilə əlaqə saxlayıb. Onun sözlərini olduğu kimi xatırladıram: “Mənim Moskvadan xahişim ondan ibarət oldu ki, nə olursa-olsun, bircə təşkilatın qeydiyyatı ləğv olunmasın. İndi gözləyirəm ki, hər halda, mənim xahişimi nəzərə alacaqlar. Yəni mənim əlimdən gələn bu oldu. Bu yaxınlarda Moskvaya gedəcəyəm, məhkəmə baxışından qabaq orada olacağam. Təbii ki, bir azərbaycanlı kimi – baxmayaraq ki, Konqresə heç bir aidiyyətim yoxdur – mən biganə qala bilmərəm və öz təşəbbüsümlə bu işlə məşğul olacağam”. İndi sual olunur, nə oldu İlham Rəhimov?! İndi əmin oldunuzmu ki, Rusiyanın siyasi ambisiyaları yanında “dostun” sözünün kəsəri yoxdur?”
N.Orduxanlı bildirib ki, bu siyasi qərarın qarşılığı da siyasi olacaq və 2013-cü ildə olduğu kimi, bütün təzyiqlər neytrallaşdırılacaq.