‘AzEurotel’də 800 minlik kondisioner müəmması

0
950

Kondisioner

«Bakı Telefon Rabitə» İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun «AzEurotel»in binasına kondisionerlər quraşdırmaq adı ilə 800 min manat mənimsəməsi haqda prokurorluqda ifadə vermiş Cabir Rəsulov yanvarın 6-da məhkəmədə də dindirilib.

Beytulla Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, «Aztelekom»un sabiq rəhbəri Məhəmməd Məmmədov və daha səkkiz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir.

Bu gün dindirilən şahid Rəşadət Gərayzadə deyib ki, müttəhimlər kürsüsündə əyləşənlərdən ancaq «Azərpoçt» MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevi tanıyır. Özü də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə işləyən bir çox şirkətlərdə çalışmış Rəşadət Gərayzadənin dediyinə görə, nazirliyin sifarişilə görülən işlərin icrası zamanı xərclər 35 faizə qədər şişirdilib.

600 MİN MANATLIQ MÜQAVİLƏ

Tərtər, Biləsuvar rayonlarının poçt filiallarının rəhbərləri də dindirilib, onlar istintaqa ifadələrini təsdiqləyiblər.

«Bunlar rabitə sahəsinin qaymaqlarıdır. İndi bilməyib gəlib bura düşüblər. 6-7 ay idi işsiz idim, işsizlikdən, pulsuzluqdan evdə arvadla da tez-tez dalaşırdıq. Allah Namazəli müəllimin canını sağ eləsin, iş verdi, gedib onun yanında işlədim. Mənim də başım dincəldi, arvad da sakitləşdi. İndi namaz qılıb, dua edirəm ki, Namazəli müəllim həbsdən çıxsın, gedim onun yanında işləyim», – bunu isə təqsirləndirilən şəxslərdən Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədovun yanında mühəndis kimi çalışmış Azər Alzamanov deyib.

O, istintaqda ifadəsində bildirib ki, çalışdığı idarədə görülən işlərə görə 600 min manatdan çox dəyəri olan müqaviləyə imza atıb. Prokurorun məhkəmədə bu haqda sualına isə belə cavab verib: «Bəli, imzalamışam. Namazəli müəllim dedi ki, gözün kordur?».

Vidadi Zeynalov

Vidadi Zeynalov

«Azeurotel»in direktoru Cabir Rəsulov dindirilərkən onun istintaqa dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyət olub. O, prokurorluqda deyib ki, Beytulla Hüseynov 800 min manatı «AzEurotel» MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun ifadəsinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, Beytulla Hüseynov 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan «PLZ» MMC-nin hesabına köçürüb, daha sonra oradan nağdlaşdıraraq götürüb.

«HƏYƏCANLANIRLAR»

Cabir Rəsulovun sözlərinə görə, «AzEurotel» MMC-nin səhmlərinin 50 faizi əvvəllər «Lukoil Europe» şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan «Lukoil Europe» öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.

Amma Cabir Rəsulov məhkəmədə dindirilərkən istintaqdakı ifadəsindən imtina edib. Deyib ki, «AzEurotel»in binasına kondisionerlər quraşdırılmışdı.

Onun bu cür davranışına təqsirləndirilən şəxslərdən Vidadi Zeynalov belə reaksiya verib: «Yəqin şahid andı içib, sənədə qol çəkəndə həyəcanlanırlar. İşlərin hamısı, deyiləndən də artıq iş görülüb, pul xərclənib».

Məhkəmə yanvarın 11-davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

BIR CAVAB BURAXIN