Azay Quliyevin adından dələduzluq edən barədə – sensasion faktlar

0
1070

“AF holdinq” və “Uğur 97” şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur

Ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən yayınması haqda yazı dərc etmişdik. Bildirmişdik ki, Azay Möhnətov vergidən yayınmaq üçün nüfuzlu şəxslərin adından istifadə edib və bu fakt ifşa olunub. Onun adından istifadə etdiyi şəxsin adını isə açıqlamamışdıq. Bu yazıdan sonra ortaya daha biabırçı faktlar çıxıb. Qəzetçilik təcrübəmizdə belə hallarla çox qarşılaşmışıq. Yüzlərlə belə dələduzluq hadisələri olub. Həmişə onun tərəfdarı olmuşam ki, belə halların, onun detallarının açıqlanması vacibdir. Ona görə ki, bu cür adamlar belə qanunsuzluqlarını, spekulyasiyalarını davam etdirə bilməsin.

indir.jpg (8 KB)

Azay Möhnətov

Ötən yazıdan sonra redaksiyamıza bu mövzuyla bağlı xeyli zənglər daxil oldu, daha ciddi qanunsuzluqlar barədə məlumatlar ortaya çıxdı. Sən demə, Azay Möhnətov dövlət qurumlarında imtiyazlar əldə etmək, torpaq sahələrinə sahiblənmək, müəssisə açmaq və biznesini böyütmək, qorumaq üçün özünü deputat kimi təqdim edirmiş. O, çoxsaylı obyektlərinə vergi yoxlaması gələndə, yaxud haradasa müəssisə açmaq üçün səlahiyyətli şəxslərə müraciət edəndə özünü “deputat Azay müəllim” kimi təqdim edib! “Ustalıqla” hamıda belə rəy yaradıb ki, guya o, hamının tanıdığı deputat, QHT Şurasının sədri Azay Quliyevdir. O, daim soyadını gizli tutmağa çalışıb. Nəhayətdə, Azay Möhnətov belə rəy yaradıb ki, guya bu obyektlər və şirkətlər deputat Azay Quliyevə məxsusdur. Hətta təəssüflər olsun ki, çoxları, xüsusilə bir sıra vəzifəli şəxslər onun bu yalanına inanıb.

Ancaq hamı bilir ki, belə işlərin ömrü 40 gündür… Azay Möhnətovun bu yalanı növbəti saxtakarlıq edən zaman müvafiq qurumların ayıqlığı sayəsində aşkarlanıb. Belə ki, onun illərdir ödəmədiyi vergi borclarının ödənilməsi tələb olunub. Müvafiq qurumlar bir neçə gün öncə verginin ödənməsi üçün müraciət edəndə, Azay Möhnətovun adamları yenə də Azay Quliyevin adından spekulyasiyalar edib, bu obyektlərin deputat Azay Quliyevə məxsus olduğunu bildirərək, müəyyən dividentlər və güzəştlər əldə etməyə çalışıblar. Ancaq bu dəfə məsələ sona kimi araşdırılıb və bu obyektlərin deputat Azay Quliyevə deyil, böyük maliyyə və biznes imkanlarına malik olan iş adamı Azay Möhnətova məxsus olduğu müəyyən edilib. Beləliklə, uzun müddət davam edən saxtakarlıq və spekulyasiya faktı ifşa edilib.

Bu haqda “Yeni Müsavat” da aşağıdakı linkdəki “Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı” sərlövhəli yazı (http://musavat.com/news/vergiden-yayinmagin-azay-mohnetov-varianti-ilginc-faktlar_524170.html) dərc olunandan sonra müxtəlif şəxslərdən də məlumatlar daxil olub ki, Azay Möhnətov (və adamları) özünü “deputat Azay müəllim” kimi təqdim etməklə və ya Azay Quliyevin adını məqsədyönlü şəkildə hallandırmaqla aşkar sui-istifadələrə yol verib və “deputat” adı altında bir sıra qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışıblar. Qurduğu mexanizm isə çox maraqlı olub – səlahiyyətli şəxslə heç zaman görüşə özü getməyib ki, xarici görünüşə görə həyata keçirdiyi fırıldaqlar ifşa oluna bilər. Xahişi dolayısı yolla, telefonla və adamları vasitəsi ilə edib. Araşdırmalarımız zamanı məlum oldu ki, o, sənədləşmə işlərini də öz adına deyil, ona yaxın olan şəxslərin adına edib ki, birdən soyadına baxanda ifşa olunar. Açıqca dələduzluq işidir! Azərbaycanın Cinayət Məcəlləsi bu kimi hallara görə ciddi hüquqi məsuliyyət nəzərdə tutur.

Bu hələ bizim bildiklərimizdir. Daha nə qədər vəzifəli şəxslərin adından dələduzluq məqsədi ilə istifadə etdiyini isə heç kim dəqiqi bilmir.

Elşad MƏMMƏDLİ

“Yeni Musavat”

BIR CAVAB BURAXIN