“Azəriqaz”ın qiymət oyunu nəyə hesablanıb?

0
614
"Azəriqaz"ın qiymət oyunu nəyə hesablanıb?
Dekabrın 5-də “Azəriqaz” İstehsalat Birliyinin rəsmi emaili, yəni info@azeriqaz.az vasitəsilə Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə “Hürriyyət” qəzetinə edilən şikayətlə bağlı müraciət etsək də, hələ də müraciətimizə cavab verilməyib.

Hansı ki, bu müraciətdə abonentlərin “Hürriyyət” qəzetinə yazdıqları şikayətlə bağlı sorğu vermişdik. Müraciətdə qeyd olunurdu: “Evində “kombi” istilik sistemi istifadə edən abonentlər şikayət edirlər ki, qaz kartına 100 manat yükləyəndə kartda 500 kub göstərilir. Vətəndaşlar illik 1500 kubu 10 qəpikdən hesablanan limitdən istifadə edə bilmədiklərini qeyd edirlər. Daima qaz kartına yüksək məbləğ yükləyən vətəndaşlar limitin nəzərə alınmadığından şikayətçidirlər. “Azəriqaz” İstehsalat Birliyi bu məsələni necə tənzimləyir? Ümumiyyətlə, bu limit ilk ödənişdə, yoxsa hər ay nəzərə alınıb, hesablanır? Xahiş edirik, bunu aydınlaşdırasınız və münasibətinizi qeyd edəsiniz”.

“Hətta qaza hava da buraxırlar”

Məsələ ilə bağlı “Azəriqaz”-ın keçmiş işçisi Baba Rzayev “Hürriyyət”ə bildirdi ki, bu idaərnin əməkdaşları necə istəyirlərsə, elə də edirlər: “Hətta qaza hava da buraxırlar”.

“O artıq qanunvericiliyə sığışımır”

“Şikayətçilər deyirlər ki, 1700 kubmetr limit 10 qəpikdən hesablanmır. Karta 100 manat vuranda 500 kubmetr göstərir. Heç ilin əvvəlindən də bu limit nəzərə alnmır” fikrinə B.Rzayev belə cavab verdi: “Bu onların öz əməliyyatlarıdır və qanunvericiliyə sığışımır”.

“Onları heç nə maraqlandırmır”

“Bununla bağlı “Azəriqaz”a məktub yazmışıq, ancaq cavav verməyiblər” deyəndə isə B. Rzayev bunu “təbii” qəbul etdi: “Əlbəttə ki, onlar öz xeyirlərinə məktuba cavab verməyəcəklər. Onlar qanunvericiliyə uyğun hərəkət etmirlər, ümumiyyətlə “Azəriqaz” rəhbərliyini heç nə maraqlandırmır”.

B.Rzayev əlavə etdi ki, limit ilin əvvəlindən hesablanır, sonra hər kuba görə 20 qəpik odənilir.

“Hündürmərtəbə evlərlə həyət evlərinin norması eyni ola bilməz”

Uzun illər “Azəriqaz” İstehsal Birliyində çalışmış, qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımov isə dedi ki, “kombi” üçün normanı düzgün qoymayıblar: “Hazırda bir ildə 1700 kub metrdən artıq qaz işlədirsənsə, artıq işlətdiyin qazın hər kubuna görə 20 qəpik ödəyirsən. O da düzgün deyil. Hündürmərtəbə evlərdə yaşayanların norması ilə həyət evlərində yaşayanların normasını eyniləşdiriblər. Bu, qətiyyən düzgün deyil. Burada ədalət prinsipi pozulur. Dördgözlü soba bir saatda 0, 57 kubmetr, “kombi” isə saatda 2,9 kubmtr qaz yandırır. Hündürmərtəbəli evlərdə istilik itikisi azdır. Çünki sağ, sol divarlar qızdırıldığından istilik itkisi az olur. Bu norma ilə həyət evlərinin norması eyni ola bilməz. Həyət evində yaşayanların 3-4 otağı var. Hər otaqda bir batareya olanda bunların saatda işlətdiyi qaz ən azı 3 kubmetrdir. Bu da 10 saatda 30, ayda isə 900 kubmetr edir. Deməli, həyət evlərində yaşayanlar iki ayda bu normanı işlədib qurtarır. Sonra onlar 10 ay müddətində neynəməlidir? Məcbur qalıb 20 qəpikdən ödəyirlər. Ona görə də bu normaya təzədən baxılmalıdır”.

“Norma düzgün təyin olunmayıb”

“1700 kubmetr limit yanvar ayının 1-dən bitənə qədər nəzərə alınır. 1700 kubmetr limit bitəndən sonra 20 qəpiklə hesablanır. Həyət evlərində heç olmasa 3-4 min kubmetr limit 10 qəpiklə olmalıdır ki, əhaliyə çox əziyyət düşməsin. Ümumiyyətlə, norma düzgün təyin olunmayıb”, – deyə ekspert əlavə etdi.

“İllik qaz sərfiyyatını dekabrın 28-də yox, yanvarın 10-da bağlayacaqlar”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirdi ki, ölkədə çoxlu qaz itkisi var: “Hər gün hansısa rayona qaz verilmir. İtkilər çoxdur deyə, əhalinin hesabına doldururlar. Mənə verilən məlumata görə, ilik qaz sərfiyyatını dekabrın 28-də yox, yanvarın 10-da bağlayacaqlar. 2 milyon qaz abonenti var. Bu 10 gün ərzində 2 milyon qaz abonentindən kim ki, limiti ötüb, onlar ikiqat pul ödəyəcəklər. Niyyətləri odur ki, ilik qaz sərfiyyatındakı itkinin qarşısını həmin ikiqat pul ilə çıxsınlar, borclu qalmasınlar”.

“1700 kubmetri 10 qəpiklə istifadə edə bilməyən abonentlər var”

“1700 kubmetr limitdən sonra pulu ikiqat hesablayırlar. Mənim qızım də həyət evində yaşayır, zülmdədir. Hər həftə 30-40 manat ödəyir. Düzdür, 1700 kubmetri də 10 qəpiklə istifadə edə bilməyən abonentlər var. Ölkə əhalisnin 60 faizi o gündədir”, – dedi NHMTsədri.

Hurriyyet.org
P.S Müraciətimizə cavab verməyən “Azəriqaz” rəhbərliyini elə keçmiş işçisinin dediyi kimi, görünür ki, heç nə maraqlandırmır. Aydın olan odur ki, nə əhalinin şikayətləri, nə də hansısa media orqanın müraciəti onlar üçün əhəmiyyət daşımır və heç bir qanunvericiliyi belə yada salmaq istəmirlər. Hansı ki, hər bir qurumun mətbuat xidmətinin ilk işi mətbuatın sorğularına cavab verməkdir. Təəssüf ki, əhalinin şikayətlərinə sayğısız yanaşan mətbuat xidmətlərinin rəhbərləri unudurlar ki, özləri də bir gün elə sayğızlıqla üzləşəcəklər. Necə ki, yeri gələndə üzləşirlər də.

BIR CAVAB BURAXIN