Bu günlərdə Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda növbəti dəfə “III cahan savaşı olacaq” ajiotajı baş qaldıranda yadıma ötən illərdə də dəfələrlə qeyri-adi, ağlagəlməz mövzulu və məzmunlu söhbətlərini təqdim etdiyimiz Azərbaycanın məşhur milli mason lideri- 1959-1982-ci illərdə Azərbaycanın milli müstəqilliyi uğrunda gizli mübarizə aparmış Milli Azadlıq Qərargahını rəhbəri Oqtay Eldəgəzlə daha bir söhbətimiz yadıma düşdü… 1990-cı illərin sonunda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsindəki görüşlərimizdən birində 1962-ci ilin ABŞ və SSRİ arasındakı Karib böhranı zamanı planetin nüvə savaşından xilas edilməsində önəmli rol oynamış azərbaycanlı kəşfiyyatçı oğuldan bəhs etmişdi Oqtay əfəndi… O vaxt bu söhbət yazıya da köçürülmüşdü.
Aktuallığını nəzərə alaraq həmin söhbətin ən maraqlı məqamlarını Moderator.az oxucularının da nəzərinə çatdırırıq:
(Yazının əvvəli üçün bu linkə baxın: moderator.az/news/221777.html)
“…Neyləməli ki, iş işdi, Seyran da əmr quluydu, ona görə də sevənlərin vüsal pəriləri göylərdən yerə enməli idi. Az keçdi, yataq pıçıltıları Merilin Monronu kommunizm amallarına yaxınlaşdırdı. O, şər imperiyası SSRİ-yə qulluq etməyə razılıq verdi və 1959-ci ilin dekabrının son –Yeni il gecəsindən sovet kəşfiyyatı nəfinə Seyran Qasımlının casusluq tapşırıqlarını yerinə yetirməyə başladı…

Gəlin gözəllik ilahəsini, həmçinin azərbaycanlı kəşfiyyat rezidentini qınamayaq. Birincisi, artıq gələcəyinə inandığı siyasi məqsədlərin gerçəkləşəcəyinə ümid etdiyi üçün gül bədənini hərraca qoymaqla yad ölkə xeyrinə xəfiyyə məlumatları əldə edərək rezidentə çatdırır, digəri isə öz vəzifə borclarını unutmayaraq səmimi rəğbət bəslədiyi yataq məşuqə tərəfdaşını özgə qucağına göndərirdi. Burada heyf ki, əxlaq-ərkan qaydaları unudulmalıydı. Merilin Monro 1960-cı illərin ilk günlərindən Massaçusets ştatının keşmiş qubernatoru, həmin ştatdan Konqresin senatoru seçilmiş Con Kennedinin, ortancıl qardaş Robertin, ailənin sonbeşiyi Edvardın gizli olaraq ayrı-ayrılıqda zövqlərini oxşayırdı. Böyük qardaş ulduzla hovuzda əylənməyə üstünlük verir, ortancıl qardaş Merilinlə meşəyə çəkilməyi xoşlayır, Edvard isə Vaşinqtonun Betez bölgəsindəki gecə barının xəlvət otağını seçirdi. Məxfi əyləncələrin sonucunda aşkarlanacaq ki, Kennedilər ailəsinin kişi üzvləri ilə cinsi əlaqələrin zəruririliyi Moskva tərəfindən vaxtında və düzgün proqnozlaşdırılmışdı…

Merilin xanım həftənin digər günlərində Konqresin xarici məsələlər üzrə komissiyasının sədri senator Fulbraytla, Uol-Strit maqnatlarının başçısı senator Qolduoterlə, “Nyu-York” qəzetinin məhşur baş yazarı Lippmanla məhrəmanə gecə yataq oyunları keçirir, təmənna güdmədən əldə etdiyi qiymətli dövlət sirlərini ilk mənbədən öyrənərək sevgili Seyranına çatdırırdı…
1960-cı il aprel ayının 14-də Çikaqo şəhərində demokrat Con Kennedinin prezidentliyə namizədliyi irəli sürüləndə məlum oldu ki, SSRİ qorxunc düşməni ABŞ-ın dövlət maşınının işədüşmə düyməsini ələ keçirmişdir. Amerika siyasi tarixində ilk dəfə idi ki, namizəd Kennedinin seçki kampaniyasının 8 rəqəmli təbliğat xərclərini xarici rəqib məmləkət – Sovet İttifaqı hökuməti məxfi tərzdə maliyyələşdirirdi. Bu görünməmiş əməliyyat uğuru Merilin xanımın təkrarlı ehtiras anlarında gələcək prezidentə ünvanı və qaynağı göstərmədən naz-qəmzə ilə pıçıldadığı kəlamların sayəsində baş tutmuşdu. Bu misli görünməmiş durum Azərbaycan balası Seyranın tam peşə zəfəriydi. Con Kennedi prezident seçilən kimi(7-8 noyabr 1960) kino ulduzu digər yataq tərəfdaşlarını həsrətlə bir kənara qoyub nəvazişləriylə yalnız ABŞ prezidentini şərəfləndirməyə başladı…
İndi əslində Moskva Ağ Ev sahibinin bütün addımlarını öz nəzarəti altına almışdı. Prezidentin dillərdə əzbər olmuş şəhvət qızğınlığı ucbatından Merilin-Con görüşləri kəmiyyət və keyfiyyətcə yeni görkəm almış, saunalardan şəxsi rançoya keçirilmişdi. Kennedinin fransız əsilli arvadı Jaklin Burje ərinin xəyanətlərindən xəbərdar olsa da, bir qadın kimi susurdu…
(Davamı var)
Sultan Laçın