Azərbaycanla Gürcüstan arasında əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi vacib amildir

0
2084

Prezident İlham Əliyevin Gürcüstana səfəri, bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi mətbuat üçün bəyanatda səsləndirdiyi fikirlər mühüm əhəmiyyətə malikdir. Burada dövlət başçısı tərəfindən səslənən fikirlər bölgənin bu günü və gələcəyi üçün mühüm yol xəritəsi hesab edilir. Həmçinin bölgədə qarşılıqlı əlaqələrin formalaşması, xalqların birgə və rahat bir şəraitdə inkişafa, tərəqiyyə nail olması kimi vacib məsələlər önə çəkilir.

Hazırkı mərhələdə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi vacib amildir: “Bu, təkcə ikitərəfli layihələrin ölkələr və region üçün deyil, ümumilikdə Avropa üçün mühüm önəmi daşıyır. Çünki Azərbaycanın yaratmış olduğu yeni reallıq, həyata keçirdiyi iqtisadi layihələr bütövlükdə regionu və qlobal partnyorların maraqlarını əhatə edir. Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına, xüsusən də Avropaya çıxarılmasında Gürcüstanla formalaşmış ənənəvi münasibətlər artıq yeni bir müstəvidə inkişaf edir. Sözsüz ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan region ölkələrinin iştirakı ilə yeni bir inkişaf konsepsiyasının formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu mənada Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması üçün mühüm imkanlar yaranıb. Təbii ki, Ermənistanın bu məsələyə olan yanaşması fonunda prosesin genişlənməsi imkanları da dəyərləndirilə bilər. Bu da öz növbəsində uzun müddət işğal siyasətinə görə, blokada vəziyyətinə düşərək ağır iqtisadi böhran yaşayan Ermənistan üçün təklif edilən mühüm çıxış qapısıdır. Yaxşı olardı ki, Ermənistan tərəfi Azərbaycanın onun üçün müxtəlif istiqamətlərdə təklif etdiyi sülh konsepsiyasına əsaslanan inkişaf xəttini doğru-düzgün dəyərləndirsin.

Cari ilin 9 ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara yaxınlaşıb. Eyni zamanda Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırması yaxın perspektiv üçün iqtisadi əlaqələrdə daha böyük uğurların əldə edilməsi ilə müşahidə ediləcək. Ölkələrimiz arasında enerji və nəqliyyat sahəsində yeni layihələr mövcuddur. Gürcüstan vasitəsi ilə Avropa İttifaqına qaz ixracının artırılması və 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Bununla yanaşı elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün imkanlarından da geniş istifadə üçün perspektivlər mövcuddur. Paralel olaraq isə Asiyadan Qərbə və əksinə daşınan yüklərin artması yeni reallıq yaradıb. Bu baxımdan da Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır ki, bu da yaxın gələcəkdə daha geniş imkanların formalaşmasına zəmin yaradacaq. Bütün bunların fonunda dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə mühüm imkanlar formalaşdırıb.

 

Gülnaz Məmmədova – Zərdab Rayon Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin əmədaşı