Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

0
1789

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

 

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan kompleks bərpa işləri möhtərəm Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir. Qısa dövrdə görülən böyük işlər olduqca heyrətamizdir.
Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün əziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı cənab Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.

Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizində hərəkətin bərpası üçün Azərbaycan tərəfdə işlər qrafikə uyğun icra edilir, Zəngilan və Laçın hava limanlarının tikintisi üçün lazım olan hazırlıq işləri görülür. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Bu baxımdan 2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuğunda növbəti mühüm mərhələ olacaq.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva