Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi

0
1753

Müstəqil Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli maraqlar üzərində qurulub və beynəlxalq hüquq normalarına, ədalət prinsipinə əsaslanır. Respublikamız daim öz imkanlarını təqdim edərək regional və qlobal müstəvidə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməyə çalışır. Bu gün Azərbaycan elə ölkələrdəndir ki, heç bir transmilli güc mərkəzi, heç bir böyük dövlət ölkəmizlə diktat dili ilə danışa bilməz. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərini paritet əsaslarla qurur, milli maraqları daim öndə saxlayır. Belə xoş mərama əsaslanan prinsipial xarici siyasət beynəlxalq miqyasda Azərbaycana böyük nüfuz və hörmət qazandırıb. Son illərdə ölkəmizə gələn yüksəksəviyyəli qonaqların sayının artması, respublikamızın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Qısa müstəqillik tarixində Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son dərəcə qürurverici haldır. Belə misalların sayını kifayət qədər artırmaq olar.

Müstəqil Azərbaycanın ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandıran xarici siyasətində bir neçə mühüm məqam diqqəti xüsusi olaraq cəlb edir. Respublikamız Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun inkişaf və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin qonşu dövlətlərin yüksəksəviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərən amillər sırasında ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Son illərdə gözəl ənənə formalaşıb. 2019-cu ildə Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü, Bakıda Dünya dini liderlərinin Zirvə Görüşünün keçirilməsi də əlamətdar hadisədir.  Həmçinin 2019-cu ildə paytaxtımız həmçinin sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana təhvil verilmişdir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc