Azərbaycanı özündən çox sevən, iki həmyerlimizlə evlənən amerikali

0
769

Bu hadisə 1988-ci ildə Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova üçlüyünün ABŞ-dakı konsertində baş verib. Zaldakı tamaşaçılardan biri xanəndənin ifasına o qədər valeh olur ki, Alim Qasımov mahnını bitirəndə o, “Gözəl muğam!” – deyə qışqırır. Həmin şəxs konsertdən sonra Alim Qasımova məktub verərək Azərbaycana gəlmək istəyini ifadə edir. “Vətən” cəmiyyətinin sədri Elçin Əfəndiyev və Xalq şairi Nəbi Xəzrinin köməyindən sonra həmin ABŞ vətəndaşı, muğam ifaçısı Cefri Verbokun Azərbaycana yolu açılır. Beləcə, ABŞ-da, Kanadada, Avropa ölkələrində Azərbaycan milli musiqisini ifa və təbliğ edən Cefri Verbok muğamın sirlərini daha dərindən öyrənir. Biz də öz növbəmizdə qərara aldıq ki, Azərbaycana vurğunluğu ilə seçilən musiqiçinin həyatı barədə xatirələrini onun öz dilindən eşidək.

Cefri Verbokla söhbətimizdə o, Publika.az-a bunları dedi:

“Qocaya pul verib kamançanı aldım”

Filadelfiyada anadan olan Cefri Verbok deyir ki, musiqiyə marağı güclü olduğundan gənclik illərində Kaliforniyaya getməyi qərara alır: “Bir dəfə məclislərdən birində musiqi ifa etdim. Dostum dedi ki, bu bacarıqla şərq musiqisini əla ifa edə bilərsən. Cənab Ziyə – Zefulon Avşalamova müraciət etsən, o sənə şərq musiqisini öyrədər.

Amma Ziyin yaşadığı yeri heç kim bilmirdi. Onun axtarışına başladım. Yaşadığı ərazidəki küçələrdə gəzib dolaşdım. Küçədə insanlardan Zefulon Avşalamovu tanıyıb-tanımadıqlarını soruşurdum. Nəhayət, 63 yaşlı Zefulonun evini tapdım. Xahiş etdim ki, mənim üçün şərq mahnısı ifa etsin. Əslən Qafqazdan olan qoca əvvəlcə mahnı ifa etmək istəmədi. Amma sonra Qafqaz qonaqpərvərliyi üstün gəldi. Kamançasını gətirib mahnı ifa etməyə başladı. İlk dəfə idi kamança görür, kamança ifasını dinləyirdim. O, Şur ifa etdi. Düzdür, azərbaycanlılar kimi ifa etmirdi, amma mahnı və alətin səsi sanki məni iflic etmişdi. Heyranlığımdan yerimdə donub qalmışdım. Musiqi şüurumu əlimdən almışdı. İfaya acgözlüklə qulaq asdım. Ondan soruşdum ki, mənə də kamançada ifa etməyi öyrədərsənmi? Qoca bunu eşidəndə mənə hirsləndi. Dedi ki, çıx get buradan”.

Lakin buna baxmayaraq Cefri yaşadığı şəhərdən kilometrlərlə məsafə qət edərək hər həftə qocanın evinə gəlir: “Bir gün qoca dedi ki, iki kamançam var. Onu almaq istəyirsən? Başa düşdüm ki, pul istəyir. Pul verib kamançanı aldım, üstəlik əlavə də pul verdim ki, mənə muğamı öyrətsin. Zefulon 10 il ərzində mənə kamançada ifanı, şərq musiqisini öyrətdi. Onun ölümü həyatımın ən ağır günlərindən idi”.

“Zeynəb Xanlarova ilə birlikdə oxuduq”

Bir il sonra – 1988-ci ildə Zeynəb Xanlarova, Arif Babayev, tar ifaçısı Zamiq Əliyev və Ədalət Vəzirov ABŞ-a qastrol səfərinə gəlirlər: “İranlı dostum məni konsertə apardı. Onların ifasına heyran qaldım.

Bundan sonra Azərbaycana gəlməyim haqda məktub yazdım. Lakin SSRİ dövrü olduğundan bu, çətin idi. 1988-ci ilin dekabrında Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova üçlüyü ABŞ-a konsertə gəldi. Konsert xəbərini eşidən kimi qaçaraq zala gəldim. Oturub böyük maraqla onların ifasını dinlədim. Muğama o qədər valeh olmuşdum ki, zalda “Gözəl muğam!” – deyə qışqırdım.

Konsertdən sonra Alim Qasımovun qaldığı otelə gəlib məktubu ona verdim. Xahiş etdim ki, məktubu Azərbaycana gətirsin. Alim Qasımov isə məktubu “Vətən” cəmiyyətinin sədri Elçin Əfəndiyevə verib. Nəbi Xəzri də bundan xəbər tutub. Həmin vaxt onların xaricdən Azərbaycana qonaq dəvət etmək səlahiyyətləri vardı”.

Bir gün Zeynəb Xanlarova ABŞ-a ikinci dəfə qastrol səfərinə gəlir: “Mənim bəxtimdən qastrol üzvlərinin hotel problemi vardı. Nyu-Yorkda hotel tapıb, Zeynəb Xanlarovanı ora yerləşdirdik. Zeynəb dedi məşqlərimizdə iştirak et. Zamiq Əliyev ona “Dəli Ceyran” mahnısını ifa etdiyimi deyib, səhnədə duet oxumağımızı istədi.

Tarda, kamançada ifa edib, “Dəli ceyran” mahnısını oxudum. Sən demə, ifanı Azərbaycan Dövlət Televiziyasının “Dalğa” verilişində bir neçə dəfə nümayiş etdiriblər. Hamı amerikalı oğlanın bu ifasına təəccüblənib.

Onların ikinci səfərləri zamanı təsadüfdən ABŞ-a Nəbi Xəzrinin dəvət məktubu gəldi. Azərbaycana gələndə küçədə hamı məni qucaqlayıb öpürdü. Sonradan başa düşdüm ki, “Dalğa” verilişində ifamı bir neçə dəfə nümayiş etdiriblər”.

“20-30 il sonra biz olmayanda muğamı kim ifa edəcək, kim qulaq asacaq?”

1989-cu ilin iyununda Azərbaycana ilk səfəri zamanı buradakı qonaqpərvərliyə heyran qalan müsahibim dilimizi öyrənməyə qərar verib: “Azərbaycan dilini lüğətsiz, müəllimsiz, təkbaşına öyrəndim. Qarşıma məqsəd qoydum ki, bu dili öyrənməliyəm. Amma əsl Bakı ləhcəsi ilə danışmaq istəyirəm. Burada heç kim amerikalı olduğuma inanmır”.

1991-ci ildə Azərbaycana ikinci dəfə gələn Cefri Verbok filarmoniyada milli musiqi alətlərimizdə ifa edir və “Azərbaycan maralı”, “Dəli ceyran” da daxil olmaqla, 20 Azərbaycan mahnısını oxuyur: “Qırx ildir fasiləsiz işləyirəm. İnanın, bircə gün dəniz kənarına, bağa, dağa xizək sürməyə getməmişəm. Boş vaxtım olan kimi Azərbaycana gəlirəm.

1997-ci ildə Bakıya növbəti dəfə səfər etdim. Prezident Heydər Əliyev tapşırıq verdi ki, onu yanıma gətirin. Onunla maraqlı görüşümüz oldu. Tarda, kamançada ifamla, bunu necə öyrənməyimlə maraqlandı. Dedi ki, tez-tez xalqımızın qarşısında ifa et, konsertlər ver. Onun sözləri məni daha da ilhamlandırdı.

Mən gəncləriniz qarşısında ona görə ifa edirəm ki, onlar əcnəbi vətəndaşın muğamı necə sevməsinə, ifa etməsinə diqqət ayırsınlar. Özləri də muğamı sevsinlər. Mən 20-30 il sonra olmayacam. Bəs onda muğamı kim ifa edəcək, kim qulaq asacaq?”

Kanadada, ABŞ-da muğam ifaçısı kimi məşhurlaşan müsahibimin Avropada da populyarlaşıb: “Almaniyada 1 dəfə, İsveçrədə 13, Londonda 10, İsraildə 1 dəfə, habelə digər ölkələrdə muğam konsertləri vermişəm.

Azərbaycanda isə dəfələrlə. İstəyirəm gənclər muğamı daha çox sevsinlər. Muğam ifaçıları çoxdur, amma qulaq asanlar da çox olmalıdır.

ABŞ-da universitetlərə gedib muğam ifa edirəm. Bilirsiniz amerikalı tələbələr necə qulaq asır! Qaydaya əsasən, ifanı bitirəndən sonra başqa kursun tələbələri auditoriyaya gəlməlidir. Bəzən elə olur ki, tələbələr otaqdan çıxmır. Bir dəfə amerikalı tələbə hirsləndi: axı niyə mən indiyə qədər muğama qulaq asmamışam?! Bu barədə bizə niyə məlumat verməyiblər?”

“Həyat yoldaşım da azərbaycanlıdır”

İki dəfə ailə quran müsahibimin ilk həyat yoldaşı da azərbaycanlı olub: “Onunla evlilikdən iki övladım dünyaya gəldi. Amma xasiyyətimiz uyğun gəlmədiyindən ayrıldıq. İkinci həyat yoldaşım da azərbaycanlıdır. 2008-ci ildə Azərbaycanın qaçqın düşərgələrində yaşayan uşaq muğam ifaçıları barədə sənədli film çəkirdik. Həmin vaxt operatorumuz rus dilli idi. Azərbaycan dilində az bildiyindən onunla çətin ünsiyyət qururdum. İndiki həyat yoldaşımla həmin vaxt tanış oldum. O, bildirdi ki, kompüteri, montaj proqramı var. Xahiş etdim ki, montaj işində mənə kömək etsin. İşlə əlaqədar tez-tez görüşməli olduq. Hiss edirdim ki, onu sevirəm. Bir gün ürəyimi açdım. O da məni sevdiyini dedi. Oy dad, qismət! Xanımım Amerikaya çox asan öyrəndi və ingiliscə sərbəst danışır. Evləndik, oğlum Yusif dünyaya gəldi”.

Müsahibim deyir ki, Azərbaycanı doğma vətəni hesab edir: “Bura gələndə elə bil doğma evimə gəlirəm. Şəki, Gəncə, Mingəçevirdə, İmişli, Sabirabad, Saatlı, Bərdədə, Qubada olmuşam.

Azərbaycan yeməklərini çox sevirəm. Xüsusən dovğanı, dolmanı, plovu xoşlayıram. Dovğa çox ölkələrdə var, amma Azərbaycan dovğasından dünyanın heç yerində yoxdur.

Azərbaycanda 9 milyon yarım dostum var. Bura o qədər gəlmişəm ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mühafizəçi məni görən kimi deyir: “Ooo, Cefri, xoş gəlmisən”.

Hər dəfə Azərbaycana gələndə yeni sözlər öyrənirəm. Bu gün yeni söz öyrəndim – qələt etmək (Gülür). Amma onun əksini də öyrəndim – əcəb etmək. Qələt elədin, əcəb elədim. Məqsədim Azərbaycan dilində təmiz danışmaqdır. Azərbaycan dilindən həzz alıram”.

Anar Tağıyev,

Fotolar müəllifindir

BIR CAVAB BURAXIN