Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin Ermənistanın 8 min əfqan muzdlu əsgərini 5 illik müqavilə ilə Qarabağa gətirməsi haqda açıqlaması bu döyüşçülərin kimlər ola biləcəyi haqda suallar yaratdı.
Ermənistan rəhbərliyinin Qarabağa muzdlu döyüşçü gətirməsi haqda xəbərlər yeni deyil. Buna qədər minlərlə PKK terrorçusunun Azərbaycanın işğal olunmuş torpaqlarına gəldiyi, hətta terrorçuların Qəndildəki qərargahlarını Laçına köçürmək planlarının olduğu haqda məlumatlar yayılmışdı. Lakin məhz əfqan döyüşçülərinin gətirilməsi bəzi məqamları ön plana çıxarır: Bu döyüşçülər kimlərdir, onlar niyə Qarabağa gəlirlər, tranzit rolunu hansı ölkə oynayır?!
“Aprel müharibəsi”ndən sonra Ermənistanın Qarabağa muzdlu döyüşçü toplaması prosesini sürətləndirməsi təsadüfi deyil. Çünki erməni ordusunda intiharlar, qətllərlə yanaşı, Qarabağda hərbi xidmətdən yayınan, müxtəlif vasitələrlə bu bölgəyə gəlməkdən imtina edənlərin sayı artıb. Lakin niyə məhz əfqan döyüşçülərinin gətirilməsi maraqlıdır:
1. Əfqanıstandakı vəziyyət əfqanların yaşamaq üçün pulla döyüşməsinə səbəb olub. Yəni, daha yaxşı yaşamaq, xüsusilə başqa ölkənin vətəndaşlığını almaq üçün əfqan döyüşməyə asanlıqla razılaşır. G.Gökselin açıqlamasından da aydın olur ki, Ermənistan əfqan döyüşçülərə 5 il müddətinə 3 min dollar verəcək, həmçinin, 5 ildən sonra Ermənistan vətəndaşlığı və Avropaya viza almaq vədi verilib.
2. Muzdlu əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gəlib. G.Gökselin bu iddiasında həqiqət payı çoxdur. Çünki əfqanların Ermənistana gələ biləcəyi yeganə potensial marşrut İrandır. Bu baxımdan, Ermənistan üçün ucuz döyüşçü kütləsini əldə etmək o qədər də çətin deyil.
Burada İranın tutduğu mövqe də ikimənalıdır: hesab etmək olar ki, Tehran hakimiyyətinin əfqan döyüşçülərinin Ermənistana aparılması və Qarabağa yerləşdirilməsindən xəbəri yoxdur. Lakin İranın işğalçı Ermənistana müxtəlif vasitələrlə dəstək verməsi fonunda bu şübhəlidir.
Əgər əfqan döyüşçülərinin İran tərəfindən bilərəkdən Ermənistana göndərilməsi doğrudursa, bu, səbəbsiz deyil:
a) İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini nə qədər bəyan etsə də, işğalçı ölkəyə dəstək verdiyi məlumdur və bunun bir neçə səbəbi də aydın görünür: Tehran hesab edir ki, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edərsə, Cənubi Azərbaycanla birləşə bilməsi şansı yarana bilər; İran Ermənistana “düşmənimin düşməni dostumdur” prinsipi ilə yanaşmaqla yanaşı, bu ölkə üzərindən Cənubi Qafqaz siyasətini yürüdür; sanksiyalar dövründə İranın Ermənistan vasitəsilə pullarını xaricə çıxarmaq təcrübəsi var. Bu baxımdan, ABŞ-da Tramp hakimiyyətə gələndən sonra, İranın Ermənistana ehtiyacı artır; Azərbaycanın müstəqil siyasəti, son dövrlərdə isə Ərəb-İslam-Amerika sammitində iştirak etməsi İranın qəbul etmədiyi məsələlərdən ola bilər.
b) Əfqanlar üçün İran iş tapmaq və yaşamaq üçün getdikləri ölkələrdən biridir. İddialara görə, Tehran ölkəyə gələn əfqanlara işləmək və yaşamaq hüququ vermək qarşılığında, onlardan Suriyada Bəşər Əsəd tərəfindən döyüşmək tələb edir. Suriyada ən azı bir ay döyüşən əfqan İranda iş tapır və yaşamaq hüququ qazanır. Eyni prinsipi Ermənistan da irəli sürür: Qarabağda döyüşmək əvəzinə maaş və yaşamaq hüququ. Ehtimal ki, Qarabağa gələn əfqan döyüşçülər İranda yaşamağa gələn əfqanlardır.
İrana gələn əfqanların şiə məzhəbinə aid olduğunu nəzərə alsaq, bu ölkə üzərindən Ermənistana keçənlərin də şiələr olduğu məlum olur. Burada onların kimliyi də müəyyən mənada aydınlaşır.
Əfqanıstan əhalisinin 80-90 faizi sünnilərdir. Yerdə qalanların əksəriyyəti isə şiələr – xəzər-bərbərlər, teymurlar, qızılbaşlar, əfqan-dzadzlar, əfqan-fars qrupu və farslardır. Onlar arasında qızılbaşlar vaxtilə Səfəvilər dövründə Azərbaycandan Əfqanıstana köçənlərdir. Qızılbaşlar Əfqanıstana gedəndən sonra bu ölkədə kompakt şəkildə yaşayıblar, həmçinin, ictimai-siyasi həyatda aktiv iştirak ediblər. Bu amil Qarabağa gələrək, Azərbaycana qarşı döyüşə hazırlanan şiə əfqanların içində də qızılbaşların olması ehtimalını artırır. Azərbaycan əsilli insanlar illər sonra öz tarixi vətənlərinə qarşı döyüşürlər. Araşdırma bunun istisna olmadığını deməyə əsas verir. Beləliklə, Ermənistanın niyə muzdlu əfqan döyüşçlərini Qarabağa gətirməsinin əsas səbəblərindən biri də aydınlaşır.Publika.az
Asif Nərimanlı