Bir neçə həftə əvvəl Badamdarda göz oxşayan otellərdən birinin giriş qapısında edilən dəyişiklik gözdən qaçmadı. Kempinski Hotel Badamdar adını qürurla daşıyan mehmanxananın giriş lövhəsindən Kempinski sözü müəmmalı şəkildə yoxa çıxdı.Hələ də dünyaca məşhur brendin Gilan Holdinqlə əməkdaşlıqdan niyə imtina etməsinin səbəbləri məlum deyil. Məlum olan bircə odur ki, Avropanın müxtəlif guşələrində 70 hoteli birləşdirən brend artıq Azərbaycandan gedib.
Həftədə 3-5 şirkət
Kempinski Azərbaycanı tərk edən yeganə brend deyil. Həftədə, ən azı, 3-5 xarici şirkət bağlandığı haqda rəsmi mətbuatda elan dərc etdirir.
Son aylar aşağıdakı şirkətlər Azərbaycandakı fəaliyyətlərini dayandırıblar:
- «Ekson Saus Kaspian Limited» – Baham adaları,
- «Shell Business Development Centlar Asia B.V.», «Offshore Independents International BV» – Hollandiya,
- «WilsonCos LLC» – ABŞ,
- «Rolls-Royce İndustrial Power Engineering (Overseas Projects) limited», «BJ Services Company Middle East Limited», «Inspectorate International Azeri» – Britaniya,
- «Teknip Məritaym Oversiz ltd» – Fransa,
- «Vogelsang Caspian» – Almaniya,
- «GSE Manutenzioni S.R.L.» – İtaliya,
- «Amiantit» – Səudiyyə Ərəbistanı.
Bu, gedən şirkətlərin tam siyahısı deyil. Ekspertlər deyirlər ki, bu şirkətlərin Bakıda sadəcə adı qalmışdı, fəaliyyətləri isə uzun müddət əvvəl dayanıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizlik sistemləri sahəsində sifarişini icra edən bu ölkənin «Pernix-Serka» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi də işini başa vurduqdan sonra ofisini bağlayıb.
Amerikanın telekommunikasiya sektorunda təmsil olunan «MFS GLOBENET, İNC.», eləcə də boya, optik məhsullar, fiber şüşə təchizatçısı – «PPG Coatings SPRL/BVBA» şirkəti də Azərbaycandan gedib.
Ofşorlardan gələn oliqarx şirkətləri də gedir
Bu ilin mayında Azərbaycan hökuməti altı filiz yatağında işlərin aparılması üçün yaradılmış «xarici sərmayəli» AİMROC korporasiyasının payını alacağını elan etdi.
Biznes reyestrində şəffaflığın olmaması indiyədək ölkədə xarici sərmayədar kimi qeydiyyatdan keçən şirkətlərin hansının həqiqətən də xarici investisiya, hansının ofşorlar vasitəsilə ölkəyə qayıdan oliqarx sərmayəsi olduğunu müəyyənləşdirməyə imkan vermir.
Xarici sərmayə kimi görünən oliqarx bizneslərinin payı Bağlan Group, Ata Holding, Azerfon, Azercell və sair şirkətlərdə üzə çıxmışdı.
Son iki ildə hətta oliqarx sərmayəli şirkətlər də iqtisadi tənəzzül və işgüzar fəallığın azalması ucbatından fəaliyyətini dayandırmalı, yaxud kiçiltməli olub.
Hökumət “gəl, gəl” deyir
Hökumət sərmayə yatırmaq üçün daha çox güzəştlərə getdiyini elan edir. Bakıda və ölkənin bölgələrində, eləcə də sənaye parklarında və sənaye məhəllələrində sərmayə qoymaq planları quran iş adamlarına vergi və gömrük güzəştləri təklif edilir. İqtisadiyyat Nazirliyinin açıqlamalarına görə, avqust ayının əvvəlinə investisiya təşviqi sənədi almış 30 şirkət müxtəlif sənaye məhsullarının istehsalına yaxın 3 ildə 300 milyon ABŞ dolları yatıracaq. Bu şirkətlər arasında, nazirliyin sözlərinə görə, xarici sərmayə də təmsil olunur.
Di gəl ki, əcnəbi iş adamlarının qurduqları şirkətlərin ölkəni tərk etməsi haqda məlumatların yayılma intensivliyi ölkə xaricindən gəlməsi gözlənilən sərmayələr barəsində informasiyanı sanki eşidilməz edib.
Rəsmi qurumlar hələ ki bu mövzuya münasibət bildirmirlər. Dövlət Statistika Komitəsi ləğv edilən xarici şirkətləri məhdud statistik güzgüdə əks etdirməklə kifayətlənir. Bu ilin birinci yarısında ölkədə xarici sərmayənin iştirak etdiyi 300-dən çox şirkət yaradılıb, 50 şirkətin fəaliyyətinə isə xitam verilib. Nə DSK, nə Vergilər Nazirliyi (kommersiya qurumlarının dövlət qeydiyyatı orqanı) bağlanan şirkətləri təmsil etdikləri ölkə, işçi sayı, fəaliyyət sahəsi haqda məlumat verirlər.
Xarici sərmayədarların izi itirilib
Qanunvericilikdə edilən dəyişikliklərdən sonra Azərbaycanda yaradılan şirkətlərin təsisçiləri haqda məlumatlar 2012-ci ilin iyulundan gizli saxlanıldığından, əslində nə yaranan, nə də bağlanan şirkətlərin sahibləri haqda qəti fikir yürütmək olur.
Bir çox xarici sərmayəli şirkətin direktoru vəzifəsinə isə Azərbaycan vətəndaşı təyin edildiyinə görə, onların xarici kapitalın iştirakı ilə yarandığını sonralar öyrənmək olur. Əgər şirkətin rəhbəri əcnəbidirsə, Vergilər Nazirliyi yeni yaranan şirkətin dövlət reyestri məlumatında həmin şəxsin vətəndaşlığını da göstərir.
Təxminən bağlanan şirkətlərdə də vəziyyət eynidir. Şirkətin ləğvi haqda məlumatda onun xarici sərmayəçi tərəfindən yaradılıb-qapadıldığını ayırd etmək olmur.
Yalnız xarici şirkətlərin nümayəndəlik və filialları istisnadır: başqa bir ölkədəki şirkətin nümayəndəlik və filial vasitəsilə Azərbaycanda təmsil olduğu asanlıqla anlaşılır. Son 7 ayda Azərbaycandan gedənlərin əsas hissəsi də elə «qapısını bağlayan» nümayəndəliklər və filiallardır.
İlham Şaban: “Gedənlərin yeri boş qalmır”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, nefin birja qiymətindəki eniş və qlobal iqtisadiyyatda baş verən dəyişikliklərlə əlaqədar bir çox şirkət müxtəlif ölkələrə səpələnmiş ofislərinin coğrafiyasına yenidən göz gəzdirir, xərclərini azaltmaq məqsədilə fəaliyyətsiz olanları bağlayır. Belə ölkələrin arasında Azərbaycan da var. Azərbaycanı tərk edənlərin bir çoxu neft-qaz sektorunda çalışan servis şirkətidir.
«Şahdəniz qaz layihəsinin 2-ci mərhələsi üzrə kontraktlar «bölüşdürüləndən» sonra tenderlərdə uğursuzluğa düçar olanların Azərbaycanda qalmasına bir lüzum yoxdur. Odur ki, onların Azərbaycandan getməsini dramatikləşdirməyə gərək yoxdur».
Ekspert əlavə edib ki, son vaxtlar Azərbaycanda Avstraliya, Fransa, Britaniya, Niderland və başqa ölkələrdən 20-dək şirkət öz filial və nümayəndəliyini açıb. Yəni gedən şirkətlərin yerini digərləri tutur.