Azərbaycandan “beyin köçü”: kimlər hara və niyə gedir?

0
977

Əsasən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir

Rusiyada yaşı 24-ə qədər olan gənclərin 40 faizi öz vətənində yaşamaq və işləmək istəmir. Bunu ölkədəki siyasi-iqtisadi şəraitlə izah edirlər. Rus gəncliyi antidemokratik idarəçilikdən, iqtisadi sanksiyaların gətirdiyi ağır vəziyyətdən beziblər.

Azərbaycandan isə “beyin köçü”ndə  2012-2013-cü illərdə artım müşahidə edilib. 2014 və 2015-ci illərdə səngiyən proses devalvasiyadan sonra yenidən sürətləndi. Analitiklər gedişatı həm də sosial-iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqələndirirdilər. Avropa, Amerikaya, hətta Şərqi Avropa ölkələrinə – Polşa, Macarıstan, həmçinin Rusiya, Ukraynaya gedənlər var.  Xüsusən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir. 

Təkcə ötən il “green card”la qalib gələrək ABŞ-a gedənlərin siyahısına nəzər yetirəndə daha çox 1985-1994 təvəllüdlü gənc vətəndaşlara rast gəlinir.

Son dövlərdə isə müğənni Elariz Məmmədoğlu, Qismət, ritm ustası Natiq Azərbaycandan köçüblər. Azərbaycanlılar ölkədən niyə gedirlər? Dövlət hansı addımlar ataraq “beyin köçü”nün qarşısını almalıdır?

Azər Mehtiyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Azər Mehtiyev “Yeni Müsavat”a bunun müxtəlif səbəblərini açıqladı. Onun sözlərinə görə, prioritet səbəb xaricdə təhsil alan gənclərin müqayisə imkanlarının yaranmasıdır: “Onlar Azərbaycana qayıdırlar, Avropa və ya Amerikadakı mühitlə buranın fərqini görürlər. Çünki orada yüksək səviyyədə təhsil alırlar, sonra potensiallarını Azərbaycanda reallaşdıra bilmirlər, verilən məvacib sərf eləmir, yaxud maaş normal olsa da, sərbəstlikləri təmin edilmir. Gənclər özlərini daha rahat hiss edəcəkləri yerlərin axtarışına çıxırlar, bu səbəbdən ölkədən gedirlər. ”Beyin axını”nın əsas faktoru budur”.

A.Mehtiyev ikinci səbəbi normal biznes və yaradıcı mühitin olmamasında görür: “Bu gün miqrant axınının qarşısını almaq istəyən ölkələr belə savadlı kadrları qəbul etməyə açıq olurlar. Avropa, Kanada, Amerika inkişafa, sərvətlərinin artırılmasına kənardan gələn ”beyin köçü” ilə nail olur”.

Ekspert hesab edir ki, biznes və yaradıcı mühitin yaxşılaşdırılması, məhkəmə sisteminin işləməsi, özəl mülkiyyətin qorunması, qanunların işləməsi nəticəsində Azərbaycandan “beyin köçü”nün qarşısını almaq mümkündür: “İnsanların sabaha ümidi olmalıdır. Yaradıcı qabiliyyətin ortaya qoyulması üçün mühitin, sabaha ümidin olmaması bu vəziyyətə gətirib çıxarır.

Gənclik Avropa mühiti ilə Azərbaycanın fərqini müqayisə edir, öz potensialına, təhsilinə bələddir və təbii ki, daha əlverişli, sərbəst, yaradıcı mühiti seçir”.

Azad İsazadə ile ilgili görsel sonucu

Tanınmış psixoterapevt Azad İsazadə gəncliyin ölkəni tərk etməsi ilə “ağıl axını” arasında fərq qoymağın tərəfdarıdır. Onun fikrincə, “beyin köçü” təkcə gənc nəsillə məhdudlaşmır, bura yaşlı və savadlı nəsil də aiddir: “Gənclər xaricdə bakalavr təhsili alır və ya özünə yaxş iş tapır, çalışır ki, orada qalsın. Çünki perspektivi yaşadığı həmin ölkədə görür. Əsasən də Qərb dövlətləridir, Türkiyəyə də axın var. Son vaxtlar isə Azərbaycandan Çinə də axın az deyil. Çində ali məktəblərin səviyyəsi qalxıb, gənc mütəxəssisləri cəlb edirlər, elmi işlər aparırlar. Gənclər maksimalistdirlər, enerjiləri çoxdur, bu potensialdan daha sərfəli istifadə etmək istəyirlər. Həm də pul baxımdan qiymətləndirirlər.

Deyirlər ki, məni mütəxəssis kimi dəyərləndir, yaxşı məvacib ver. Azərbaycanda bu mənada xaricdən daha zəifdir. Bu gün karyera qurmaq üçün bilik yox, “day-day” lazımdır.  Qərbə və Çinə gedirsə”, orda “day-day” anlayışı yoxdur. Deməli, gənc özünə güvənir ki, öz potensialını ortaya qoya biləcək. Ona görə də bəzən onların arasında 10-15 il sonra özünə yer tutan, bilik və pul qazananlar Azərbaycana qayıdır, təcrübəli kadr kimi vəzifəyə gedir, xarici kompaniyalarda işləyirlər.  Buna pis, yaxud yaxşı baxmaq lazım deyil. İnsan təcrübə yığır, ona harada rahatdırsa, orada yaşamaq qərarı verir”.

A.İsazadənin sözlərinə görə, daxildə bu proses kəndlərdən Bakıya axınla müşahidə olunur: “Bakıdan da rayonlara qayıdanlar azdır. Bu, prosesin bir tərəfidir, ikinci tərəfi Avropaya axındır. Gənclər Fransa, Almaniya, Britaniya, hətta Belarus, Bolqarıstan, Macarıstan kimi ölkələrdə oxumağa, işləməyə üstünlük verirlər. ”Ağıl axını”na gəlincə, bu köç elmlə məşğul olanlara aiddir. Əsasən də 30-dan yuxarı yaşı olan insanlardır.

Ümumiyyətlə, milli elm olmur. Bir riyazi araşdırmanı tək ölkə aparmır, müxtəlif ölkələr tədqiq edir, sonra fikir mübadiləsi gedir. Bunu üçün alimlər aparıcı mərkəzlərə getməli olurlar. Bu gün dünyada hansısa ölkə elm sahəsində hamını qabaqlayır deyə bilmərik. Hətta etnoqrafik milli xüsusiyyətləri öyrənən elmləri də başqa ölkələrdən gələnlər araşdıra bilir. Məsələn, Türkiyə laboratoriyası daha yaxşı təmin olunubsa, alim gedib orada araşdırma aparır. Bu baxımdan postsovet məkanında elmin bürokratik aparatı çevik işləməyə imkan vermir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”