Ötən gün yaxın qonşularımdan biri işə gələndə qarşımı kəsdi və salam-kəlamdan sonra dərhal məndən soruşdu ki, müəllim, sən uzun illərin jurnalistisən, bilmirsən bazarda xiyar niyə pomidordan bahadır? Təəccüblə üzünə baxdım, yəni xiyarın və pomidorun mənə nə dəxli? Qonşum təəccüblə üzünə baxdığımı görüb dedi ki, vallah müəllim, nə isə bu il bazarda xiyar pomidordan bahadır, amma hər il əksinə olurdu. Görəsən, bazarda xiyar niyə pomidordan bahadır? Burada məni dəli bir gülmək tutdu və dedim ki, camaatımız xiyarı çox sevir, yəqin bahalıq da ondandır. Qonşum mənalı-mənalı üzümə baxı və dedi ki, xiyardakı hörmətə bax, e…və sonra da sağollaşmadan incik-incik məndən ayrıldı.
Qonşum gedəndən sonra başladım fikirləşməyə ki, görəsən camaatımız niyə pomidordan daha çox xiyar yeməyə başlayıb, axı biz pomidor yeyən xalq olmuşuq. Bu arada yadıma düşdü ki, əslində biz hələ sovet dövründə də xiyar yeməyi sevirdik. Məsələn, mənim hörmətli həmkarım, vaxtı ilə Muxtarovda eyni yataqxanada qaldığım dostum İttifaq Mirzəbəyli də yəqin ki, xatırlayar: O vaxt Lənkərandan Bakıya göndərilən kənd təsərrüfatı məhsulları ilə dolu maşınların qabağına yazardılar: Bakı zəhmətkeşlərinə Lənkəran xiyarı! Bəh-bəh, nə gözəl günlər idi. Lənkərandan Bakı zəhmətkeşlərinə xiyar göndərirdilər, üstəlik də kilosu 5-10 qəpiyə. Biz də yeyib kef çəkirdik. Amma indi zəmanə dəyişib, bilmirəm, Lənkəranda xiyar əkirlər, ya əkmirlər? Vaxtım olsa bunu Lənkərandakı keçmiş tələbə dostum və həmkarım Ağəddin Babayevdən hökmən soruşacağam.
Xiyar demişkən, bizim köhnə Baş nazirimizi Artur Rəsizadə də duzlu xiyarı çox sevirdi və əhalimizə də duzlu xiyar yeməyi məsləhət görürdü… Nə isə qonşumun bu xiyar söhbəti məni yaman tutub və dərin fikirlərə qərq olmuşam. Amma deyəsən bu xiyar məsələsi çox qəliz bir şeyə oxşayır. Belə ki, ötən günlərdə əməkdar jurnalistlərimizdən (vallah əmək, əməkdir, amma bu dar sözündən heç xoşum gəlmir, lənət sənə kor şeytan…) biri özünü hey tərifləyirdi. İstədim açım sandığı, töküm pambığı, deyəm ki, ay zalım oğlu, SSRİ dağılan ərəfədə meydandakılara “ekstremist” deyə qışqıran, imperiyanın qorunub saxlanılması üçün mətbuatda, efirlərdə bar-bağıran sən deyilmidin? Bunu həmkarlarımdan birinə deyəndə dedi ki, sussan yaxşıdır. Bu məsələni açıb-ağartsan dərhal xiyarlar üstünə töküləcək. Soruşdum ki, nə xiyar, hansı xiyarlar? Dedi ki, bu adına trollar dedikləri xiyarları deyirəm də. Sənin bostanına daş atmaq istədiyin həmkarımızın o qədər xiyarları-trolları var ki, yer-yerdən üstünə düşəcəklər, böş yerə başını ağrıtma. Bu yerdə yadıma düşdü ki, həqiqətən də əməkdar həmkarımın feysbukda yazdığı hər sözü onlarla trolu, yox e, xiyarları dəstəkləyir. Xiyarların gücünə bax e… Bizim hörmətli Elçin Şıxlı da trolların – xiyarların əlindən cana yığılıb və bir neçə il öncə onlardan şikayətlənirdi. Elçin müəllim, vallah, onlar siz dediyiniz kimi trollar deyil, xiyarlardır, özü də milli, müstəqillik dövrümüzün xiyarları.
Xiyar demişkən ötənlərdə qohumlarımdan biri qonşusuna zarafatla “xiyar oğlu, xiyar” deyib. O da cumub evə bıçaq götürub gəlib onun üstünə öldürməyə ki, “o nə sözdür, deyirsən mənə”. Qohumumu qonşuları zorla onun əlindən alıblar. Amma bunun sorağı gedib çıxıb polis idarəsinə. İndi qohumumun qonşusu “xiyar oğlu, xiyar” sözünü həzm edə bilməyərək bıçağa əl atdığı üçün azı 3 il həbsdə yatmalı olacaq.
Belə yerdə qalmışam məhəttəl, indi biz neynəyək, bəlkə xiyar əvəzinə daha çox pomidor yeyək? Dərhal da ağlıma gəldi ki, xiyar yeməyi tərgidə bilməyəcəyik, çünki bu zəhrimar pomidoru süfrəyə xiyarla birgə verirlər. Yəni istəsək də, istəməsək də biz xiyar yeməyə məhkumuq. Bu yerdə sinəmdən sorağı Amerikadakı “hüquq müdafiəçilərinə” də gedib çatacaq bir inilti qopur: Dad, bu xiyarların əlindən…
Əziz Mustafa, yazıçı-jurnalist