Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, müavini Ramiz Tatarovun və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun korrupsiyaya yol verdiklərinə görə saxlanılmaları Azərbaycanda həyata keçirilən islahatların davamıdır”.
Bunu “Report”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, bundan sonra korrupsiyaya yol verən məmurlara qarşı aparılan mübarizənin bu şəkildə həyata keçiriləcəyi qaçılmazdır:
“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev müavini Ramiz Tatarov ilə birlikdə sahibkarlardan rüşvət alıblar və dövlət tərəfindən ayrılan pulları da mənimsəyiblər. Hamımız bilirik ki, rayon icra hakimiyyətlərinin rəhbərlərinin əksəriyyəti bu işlə məşğuldurlar. Sadəcə olaraq, bu günə qədər onlarla mübarizə bu səviyyədə aparılmırdı. Korrupsiyaya yol verən icra başçılarına qarşı mübarizə çox yaxşı haldır. İndiyə qədər bu şəkildə mübarizə olmamışdısa, hesab edirəm ki, bundan sonra mübarizə daha sərt şəkildə davam edəcək. Çünki cənab Prezident son təyinat alan rayon icra hakimiyyətlərinin başçılarını qəbul edərkən də xəbərdarlıq etdi. Biz dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayanların taleyini gördük”.
Hüquqşünas Əkrəm Həsənov:
“Korrupsiyaya, rüşvətxorluğa yol verən, vətəndaşları, sahibkarları incidən məmurlar həbs olunacaq”.
Hüquqşünas bildirib ki, Azərbaycanda sözün əsl mənasında yeni dövr başlayır:
“Ümid edirəm ki, bu proses davam edəcək və korrupsiyaya, rüşvətxorluğa yol verən, vətəndaşları, sahibkarları incidən məmurlar həbs olunacaq. Bu, həm hazırkı icra başçılarına, həm də sabiq icra başçılarına aiddir. Çünki hər kəs qanun qarşısında cavabdehdir. Çox yaxşı oldu ki, Dövlət Təhlükəsizliyi Xidməti keçirdiyi əməliyyatın görüntülərini ictimaiyyətə təqdim etdi. Əminəm ki, bundan sonra məmurlar düzgün nəticə çıxaracaqlar. Çünki sabah hər hansı sahibkar və ya sadə vətəndaş məmurlar tərəfindən təzyiqlərə məruz qalanda şikayət edəcəyini bildirəcək. Düşünürəm ki, hazırkı icra başçıları bundan sonra daha qanunsuz əməllərə yol verməyəcək. Hesab edirəm ki, törətdiyi əmələ görə cavab verməlidir. Məndə böyük ümidlər var ki, bu proses parlament seçkilərindən sonra daha da güclü şəkildə davam edəcək”.
Ə.Həsənov vurğulayıb ki, korrupsioner icra başçının həbs olunması orada sahibkarlığın inkişafına daha da yol açacaq:
“Əvvəlcə, saxlanılan bu məmurlar mənimsədikləri pulları qaytarmalıdırlar. Onların bu fəaliyyəti və ümumiyyətlə, korrupsiya ölkədə sahibkarlığı boğur. Heç kəs real işlə məşğul olmaq istəmir. Çünki əlində olan pulların korrupsioner məmurlar tərəfindən alınacağını bilir. Korrupsiya olmasa, sahibkarlıq inkişaf edəcək. Təbii ki, bizim şəffaf şəkildə fəaliyyət göstərən, korrupsiyaya bulaşmayan məmurlarımız var. Onlara cəmiyyətdə əksəriyyət tərəfindən əfəl kimi baxılır. Sanki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bacarana can qurban”.
Hüquqşünas qeyd edib ki, əgər N.Quliyevin övladları da fəaliyyətlərində qanunsuzluğa və korrupsiyaya yol verdikləri sübut olunarsa, onların da məsuliyyətə cəlb olunması gözləniləndir: “Ağstafanın saxlanılan icra başçısının Bakının Nərimanov Rayon Məhkəməsində hakim işləyən oğlunu tanısam da, hüquq-mühafizə orqanlarında işləyən digər oğlunu tanımıram. Hakim işləyən oğlunun icraatında vəkili olduğum işlər olub və onun qanunsuz qərarlarını çox görmüşəm. Amma təbii ki, oğul ataya görə məsuliyyət daşımır. Əgər Nizaməddin Quliyevin övladları işlərində qanunsuzluğa yol verməyiblərsə, fəaliyyətlərini çalışdıqları dövlət qurumlarında davam etdirə bilərlər”.