Azərbaycanda orucluq MÜBAHİSƏLƏRİ

0
723

Hər il olduğu kimi bu il də Ramazan ayının başlaması, iftar və imsak vaxtları müzakirələrə səbəb oldu. Kimisi “İran qayda-qanunları ilə gedirik”, kimisi də “yolumuz budur” deyib özünə haqq qazandırdı. Məsələ ilə bağlı Modern.az saytı ilahyyatçıdan və din xadimindən fikir öyrənib.

 

“Sabah namazına durmayanlar, Ramazanda 20 rükət namaz qılır”

 

İlahiyyatçı Elşad Miri iyun ayının 6-dan etibarən oruc tutduğunu deyib:

“İnsanlara orucluğun mahiyyətinə uyğun olaraq oruc tutmalarını tövsiyə edirəm. İlk olaraq Ramazanın mahiyyətinə varmaq lazımdır. Ramazan yalnız ac və susuz qalmaq deyil, Ramazan “Quran” ayıdır.

 

Əgər biz bu ayı “Quran”la birlikdə davam etdirəriksə, o zaman ayı dərk edib, ona uyğun hərəkət etmiş olarıq. Yox əgər, “Quran”dan uzaq qalıb əlavə namazlar qılmaqla bu ayı bitmiş hesab edəriksə, biz Ramazanı itirmiş olarıq.

Həmçinin, “Quran”ı yalnız ərəbcədən deyil, öz dilimizdə oxuyub öyrənmək, suallar yaranarsa, onları qeyd edib, cavab tapmaq lazımdır. Bəzi insanlar var, orucluq boyunca 20 rükət təraveh namazı qılır, amma sübh namazına dura bilmirlər.

 

Halbuki, 1 ay boyunca qılınan təraveh namazı bircə dəfə qılınan sabah namazının fərzinə uyğun deyil, onunla heç bərabər də ola bilməz. Ona görə, bu məsələləri dəqiq anlamaq lazımdır. Hətta öz övladlarımızla məscidlərə getmək, insanlarla ünsiyyət qurmalarına, oynamalarına şərait yaratmaq lazımdır ki, orucluqdan onlarda xoş bir xatirə qalsın.

 

Əksər müsəlman ölkələrində Ramazan iyunun 6-dan, digər qismində isə bu gündən başladı. Mən həmin vaxt ərəb ölkələrində idim, orda da müsəlmanlar oruc tutmuşdular. Sadəcə bəzi iranyönümlü qurumların təklifilə Azərbaycanda orucluq ayın 7-dən başladı”.

 

“İstəyən namazını əli bağlı, istəməyən əliaçıq qılır. Kimə nə?!”

 

İlahiyyatçı bütün bunların kökündə İslam dünyasını parçalamaq niyyətinin durduğunu qeyd edib:

“Əsas odur ki, insanlarımız orucun mahiyyətini dərk edərək tutsunlar. Heç nədən qorxmadan, çəkinmədən, açıq şəkildə demək lazımdır ki, problemlərin kökündə İslam dünyasını bölmək anlayışı var.

 

İslam ölkələri arasında “kim daha çox bilir” yanaşması ilə “yarışma” gedir. Təəssüflər olsun ki, bu da islam ümmətinin birləşməsinə ən böyük əngəllərdən biridir. İndinin özündə şiə və sünninin fərqini deyəndə, biri namazı əli açıq qılır, digəri əli bağlı deyirlər. Biri dəstəmaz alanda suyu yuxarıdan tökür, o biri aşağıdan tökür. Nə olsun?… Əsas odur ki, qıl, ibadət et. Allahın qarşısında rükunu, səcdəni et. Bunların hamısı boşuna mübahisələrdir”.


“QMİ Şamaxı Rəsədxanasını məcbur edir…”

Təəssüflər olsun ki, bu gün Azərbaycanda da rəsmi qurum olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri özü də açıqlama verib ki, o, İranın ali liderini təqlid edir. Buna dair videogörüntülər də var.

 

Elə ona görə də, Allahşükür Paşazadə İran liderinin dediklərindən kənara çıxıb hər hansı fətva verə bilməz. Təəssüf ki, belə dini anlayışımız, belə dini liderimiz var. Bunun nəticəsidir ki, insanlar arasında çaşqınlıq yaranır. Bu gün günahı Şamaxı Rəsədxanasının üstünə atmağın da yeri yoxdur. Mənim rəsədxana ilə müxtəlif söhbətlərim olub. Oradan bildiriblər ki, “QMİ bizdən bu cür tələb etdiyi üçün o açıqlamanı vermək məcburiyyətindəyik”.
Təəssüf doğurur, amma buna baxmayaraq, biz “Quran”ın nazil olduğu ay olaraq Ramazanda ibadətimizi etməliyik. Çalışmalıyıq ki, “Quran” bizə nazil olurmuş kimi onu dərk edib oxuyaq, həyatımıza tətbiq edək. O zaman Ramazan bizə ac və susuz qalmaqdan ibarət olmayacaq. Arzumuz budur ki, Allah bu dünyanı bizə Ramazan, o biri dünyada da Cənnət eləsin İnşallah”.

 

“Hansısa ölkədə gün gec batırsa, burda ixtilaf axtarmaq lazım deyil”

Məşədi Dadaş məscidinin imam-camaatı, QMİ rəsmisi Hacı Şahin Həsənli Modern.az saytına deyib ki, Ramazan ayının başlanması və azan vaxtları ilə bağlı təqvimi Qafqaz Müsəlmanları İdarəsi tərtib edir:

“Bütün ölkələrdə olduğu kimi Azərbaycan üçün də vahid təqvim hazırlanıb. İdarənin təşəbbüsü ilə komissiya yaradılıb. O komissiyanın tərkibində həm din xadimləri, həm alimlər və mütəxəssislər təmsil olunub.

 

Eyni zamanda mən də həmin komissiyanın üzvüyəm. Biz Şamaxı Rəsədxanasında olduq, tam məsuliyyətimlə deyirəm ki, bu gün Azərbaycanda tətbiq edilən təqvim bütün elmi hesablamalara və şəriət qaydalarına uyğun tərtib olunub. Ölkələrin coğrafi mövqeyi ilə bağlı azan saatları və ayın görünüb-görünməməsilə bağlı fərqlərin olması normaldır. Bu hansısa ixtilaflı məsələ deyil, ölkələrin yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Bunu ixtilaf səviyyəsində təqdim  etməyin yanlış olduğunu düşünürəm. Hansısa ölkədə günəş gec batırsa, bu əqidə ixtilafı deyil, təbiətin qayda-qanunlarına əsaslanan məsələdir”.

 

“Oruc tutmayanlara Ramazan çətin görünür”

 

Onun sözlərinə görə, Ramazan mənəvi kamilləşmə ayıdır:

“Ramazan Allahın ən üstün saydığı aydır. Yeganə aydır ki, “Qurani-Kərim”də adı çəkilib. Müqəddəs kitab bu ayda nazil olduğundan müsəlmanlar arasında böyük sayğı ilə anılır.

 

Ramazanda bizlərə oruc tutmaq vacib buyurulub. Hamı bilir ki, bu ayın mahiyyəti təkcə ac və susuz qalmaqda deyil. Oruc insanı kamilləşdirir, insanlıq zirvəsinə ucaldır. Ən zəruri ehtiyaclarımızdan imtina etməklə, maddi həyatdan uzaqlaşıb mənəvi aləmə qədəm qoyuruq.

 

Müsəlman olan bilməlidir ki, ibadətlərin ən üstünü daha çətin olanlardır. İbadət nə qədər çətin olarsa, fəziləti də bir o qədər çox olar. Xüsusilə yay fəslində oruc tutmayanlar kənardan baxanda oruc tutmağın çətin olduğunu düşünür. Amma oruc tutanda çətin olmadığını görürsən.

Oruc insanın iradəsini möhkəmləndirir, həm cismani, həm də mənəvi rahatlıq verir. Allah oruc tutanların ibadətlərini qəbul etsin”.

 

 

BIR CAVAB BURAXIN