«Bu gün Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayı 330 min 80 nəfərdir».
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
O, qeyd edib ki, onlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyüblər. Komitə sədrinin bildirməsinə görə, belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutmasından ötrü mühüm işlər görülsə də, onlar uşaq vaxtlarından güclü stress keçiriblər.
H.Hüseynova deyib ki, Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş 3 min 24 nəfərdən 60-ı uşaqdır. Onlardan 20-sinin qız, 40-ının isə oğlan olduğunu bildirən komitə sədri vurğulayıb ki, həmin uşaqlar haqqında uzun illərdir heç bir məlumat ala bilmirlər.
Azərbaycanda ümumilikdə 2 milyon 600 min nəfərə yaxın uşaq olduğu bildirilir.