Azərbaycanda general evindən oğurlanan bir çamadan qızıl və pulları axtarır

0
627

11

Məhkəmə önünə çıxarılan ev qulluqçusu oğurluğu generalın kürəkəninin törətdiyini deyir

Dövlət Gömrük Komitəsinin (DGK-nın) “Azərterminalkompleks” Birliyinin direktoru,general-mayor Qambay Əliyev-in evindən 160 min manat dəyərində bir çemodan qızıl-zinət əşyaları və pul oğurluğu ilə bağlı məhkəmə başlanıb. Generalın ev xidmətçilərindən biri – Sədaqət Məmmədova oğurluqda suçlanaraq məhkəmə önünə çıxarılıb.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə təqsirləndirilən Sədaqət Məmmədova ittihamı qəbul etmir. O, məhkəmədə də də deyib ki, oğurluğu generalın kürəkəni törədib vəqızı da ərinə kömək edib.

 

Kürdəmir sakini olan Sədaqət Məmmədova bu hadisəyə görə 4 ay həbsdə saxlansa da, ardından ev dustaqlığına buraxılıb. Ona ittiham maddəsi 6 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“Oğurluqdan əvvəl generalın kürəkəni evdən 200 min pul istəmişdi”

Oğurluğun baş verdiyi ev generalın anası Böyükxanım Əkbərovanın adına olub.Sədaqət Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr Böyükxanım Əkbərovaya da baxır və söylədiyinə görə, buna ayrıca pul alırmış. Oğurluq onun adına olan mənzildə baş verdiyindən, Böyükxanın Əkbərova cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Amma o, bir neçə ay əvvəl dünyasını dəyişib.

Sədaqət Məmmədova məhkəmədə ifadəsində deyib ki, qızılları və pulu generalın qızı və kürəkəninin apardığına əmindir. O öz söylədiklərini belə əsaslandırır:

“Hadisə olan gün səhər Sevinc (generalın qızı – red.) mənə zəng edib dedi ki, “bu gün gəlmə, nənəmin yanında mən qalacağam”. Ertəsi gün zəng eləyib, məni çağırdılar. Gedəndə gördüm ki, evdə polislər var. Dedilər ki, oğurluq olub. Evdə kameralar var, onlara baxmaq istəyəndə, məlum oldu ki, işləmirmiş. Sevincin, Raminin bu işdə əli yox idisə, niyə həmin gün məni gəlməyə qoymayıb, arvadın yanında özləri qaldılar? Sonra da, guya, çamadana sırğasını qoymaq istərkən, görüb ki, yerində yoxdur. O hadisədən təxminən bir həftə əvvəl Ramin yeni işə girməyə evdən 200 min pul istəmişdi, verməmişdilər”.

Sədaqət Məmmədovanın sözlərinə görə, kürəkən Ramin Qədimovu əsəbiləşdirən daha bir hadisə ondan gizli mənzil alınması olub:

“Evdə təmir gedirdi. Həmin vaxt Ramin həyat yoldaşı Sevincin adına 300 min manatlıq evin sənədlərini tapdı. Hirsləndi. Bir müddət sonra həmin sənədləri götürüb mənə verdi. Bir dənə də yazılı kağız verdi ki, orada yazılanları öz xəttimlə başqa bir vərəqə köçürüm, sonra da onu kimsə gətirib evə versin. Buna görə mənə “hörmət” eləyəcəyini də dedi. Doğrusu, 1800 manat da pul verdi”.

“Kağızı generalın ailəsinə verdim”

Sədaqət Məmmədova da kənddəki qonşusu və rəfiqəsi Dostuxanım Yunusova ilə Bakıda görüşüb, mənzilin sənədlərini və pulun 1500 manatını ona verib:

“Dedim ki, min manatını qardaşım arvadına, 500 manatını da özünün borcuna versin, sonra mənə qaytarar. Evin sənədlərini də Ramin geri istəyənədək saxlasın. Elə Dostuxanımın yanında Raminin verdiyi kağızda yazılanları da başqa vərəqə köçürüb, ona verdim ki, mən işdə olanda gəlib qapını döyüb çatdırsın. Dostuxanım gətirdi, qapını da özüm açdım, kağızı alıb apararaq, generalın ailəsinə verdim”.

Məhkəmədə prokuror həmin məktubun hədə xarakterli olduğunu desə də, konkret məzmununu açıqlamayıb. Yalnız o məlum olub ki, deyilənə əməl olunmasa, hansısa sənədlər prokurorluğa veriləcək.

Dostuxanım Yunusova məhkəmədə dindirilərkən, Sədaqətin dediklərini təsdiqləyib:

“Mənim yanımda bir yazılı vərəqdən boş vərəqə köçürdü”.

Kürəkən deyilənləri rədd edir

“Gilan Holdinq”ə daxil çörək zavodunun kommersiya direktoru olan Ramin Qədimovda məhkəmədə şahid qismində dindirilib. O, oğurluqda əli olması barədə deyilənləri rədd edib. Deyib ki, oğlu ilə gəzintidən qayıdıb, evdən yoldaşını götürmək istərkən, mənzildə polisləri görüb. Oğurluqdan da həmin vaxt xəbər tutub. Sədaqət Məmmədovanı evdə işləyən qulluqçulardan biri kimi tanıdığını deyən Ramin Qədimov onunla heç bir əlaqəsi olmadığını, ona heç bir sənəd vermədiyini söyləyib. Evdəki təmir işlərinə özü nəzarət etdiyini təsdiqləsə də, kameraların işləməməsindən və evə gətirilən məktubdan xəbərsiz olduğunu bildirib.

“Oğurluq olduğunu bilincə…”

Sədaqət Məmmədova Ramin Qədimovun yalan danışdığını deyir:

“Oğurluq olduğunu bilincə, Ramindən soruşdum ki, mənə verdiyin o sənədlərin bu hadisəyə dəxli var? Oğlunun canına and içdi ki, “yoxdur”. Soruşdum ki, o sənədləri neyləyim? Dedi ki, “nə istəyirsən, elə, yandır, cır at”. Mən də kəndə gedəndə yandırdım. Qoy, Ramin burada – hamının yanında əlini Qurana bassın ki, onun bu oğurluqdan xəbəri yoxdur”.

Sədaqət Məmmədova ifadəsində bunu da söyləyib ki, oğurluğu boynuna götürməsi Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verilməsindən qaynaqlanıb. Dediyinə görə, bu işdə generalın özünün və qızı ilə kürəkəninin adını hallandırmaması üçün ona işgəncə veriblər. Ev qulluqçusunun sözlərinə görə, həbsxanada olarkən, Sevinc Əliyeva da gəlib, 150 min təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin.

Məhkəmə davam edir.

BIR CAVAB BURAXIN