Azərbaycanda biabırçılıq-aborta gedən məktəblilər…

0
702

Məktəbli qızlar arasında abort hallarının sayı artır. Bu, abortlarla bağlı son statistik məlumatda yer alıb. Xəbərdə göstərilib ki, ötən il aborta gedənlərdən 50 nəfəri 15-17 yaş arası yeniyetmə, 1485 nəfəri isə 18-19 yaş arası qızlardır.

Aborta gedənlər arasında məktəbyaşlı qızların olmasının müxtəlif səbəblərinin olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova burada ilk növbədə məsuliyyətin valideynin üzərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, ötən il 15-17 yaş arasında 50 qızın aborta getməsi müşahidə edilmişdisə, 2014-cü ildə isə bu rəqəm 88 olub.

” Burada əsas məsuliyyət valideynin üzərinə düşür. Belə ki, valideyn uşağının təhsilinə, sağlamlığına, onun maraq dairəsi və əlavə məşğul olduğu məsələlərə, dostlarına nəzarət etməli, onu düzgün istiqamətləndirməlidir”, – deyən Veysəlovanın “azvision.az”a bildirdiyinə görə, təəssüflər olsun ki, bir çox hallarda bunun əksinə rast gəlinir. Komitə rəsmisi bildirib ki, bu da xoşagəlməz hallarla nəticələnir.

Veysəlova məsləhət görür ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etsinlər: “Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ekspress.az-a bildirib ki, evdən qaçan, azad və erkən münasibət yaşamaq istəyən qızların sayı getdikcə artmaqdadır və bu problem gündəmdədir: “Bəziləri qeyd edirlər ki, 15-17 yaş arası abort edənlər erkən nikah quran qızlardır. Amma bu, məntiqəuyğun deyil. Ən azı erkən nikah olsa, birinci uşağı heç kim abort etmir. Məktəbli olması da sübut olunan fakt deyil. Çünki abort edən 50 adamın məktəbli olması uyğunsuzluqdur. Ola bilər, kimsə aralarında məktəbli olub”.

Zeynalovanın fikrincə, bu problemin səbəbi gənc qızlar arasında erkən cinsi münasibətlərə başlayanların artması, assosial ailələrin və yaxud zorlanmanın olması, valideyn himayəsinin kifayət qədər olmaması, tək ana ailə üzvü olması, baxımsızlıq, küçə həyatı yaşayan xanımların yayılmasıdır. “Bu cür faktlar ola bilər. Hesab edirəm ki, şagirdin aborta getməsi o qədər aktual deyil. Hər halda, hamilə qalan şagirdin təhsil ocağına gedib-gəlməsi bir qədər çətin məsələdir. Ehtimal edilən versiya da var ki, 1-2 nəfər aralarında məktəbli olub”,- deyən Zeynalovanın sözlərinə görə, bununla belə, şagirdlərin, qızların təhsilə olan münasibətini, kasıbçılığı, baxımsızlığı nəzərə alsaq, 50 nəfər abort edən məktəbli o qədər də çox deyil.

Ekspert qeyd edib ki, bunun statistikası verilsə də, monitorinqi aparılmayıb: “Qız uşaqlarının məktəbli olduğu, hansı kateqoriyaya aid olduğu müəyyən olunmayıb”.

“Etiraf edək ki, bir çox valideynlər qızlarını məktəbdən yayındırır. Hazırda mərkəzimizdə xanımlar var ki, qızlarını 3-4-cü siniflərdən çıxarıblar. Qız uşaqları arasında təhsilsizlik mövcuddur. Bu da onların qeyri-adekvat addımlar atmasına gətirib çıxarır. Qızlar müstəqilliyə can atır və yaxud özləri işləməyə çalışırlar. Qanunvericilik azyaşlıları işə götürməyi qadağan edir. Onlar normal işə də düzələ bilmir”, – deyə Zeynalova bildirib.

Onun sözlərinə görə, məktəb monitorinqi, məktəb-ailə münasibətləri, məktəb, bələdiyyə, valideyn və polis münasibətlərinin sıx monitorinqi mövcud olmalıdır ki, hər bir neqativ fakt dərhal aşkar edilsin: “Rəsmi statistika verilib, amma orada məktəblərin adı, abortların anonim olub-olmaması göstərilməyib. Anonim abotlar da mövcuddur, bunu da nəzərə almaq lazımdır. Abort edən azyaşlı qızların sayı daha çox ola bilər. Bu, rəsmi statistikadır. Qeyri-rəsmi statistikada, təbii ki, rəqəm daha böyük olacaq”.

Psixologiya Nitq İnkişaf Mərkəzinin rəhbəri Vəfa Rəşidovanın dediyinə görə, yeniyetməlik yaş dövrü həssas, kritik və önəmli dövrdür: “Valideynlər yeniyetməlik dövründə olan uşaqlara daha çox sevgi və qayğı göstərməlidir. 14 yaşında yeniyetmənin ilişki və ya daha dərin münasibət qurması, bunun da nəticəsində hamilə qalması artıq SOS durumdur. Valideynlər üçün çağırış olmalıdır. Valideynlər daha ayıq olmalıdır. Biz həmin valideynləri danışdırsaq, deyəcəklər ki, mən övladıma normal tərbiyə vermişəm. Valideyn anlamalıdır ki, uşaq böyütmək yox, uşaq tərbiyə etmək lazımdır. Uşağı geyindirmək, yedizdirmək, məktəbə yola salmaqla tərbiyə olmur. Valideyn-övlad münasibəti tamam başqa anlayışdır”.

Rəşidova bildirib ki, atalar qız uşaqlarına diqqət ayırmalıdır: “Əminəm, abort edən məktəbli qızların atalarını danışdırsan, deyəcəklər ki, anası ona tərbiyə verməyib. Amma bu, belə deyil. Atanın da üzərinə böyük məsuliyyət düşür. Araşdırma aparsaq, məktəbli yeniyetmələrin özündən bir neçə yaş böyük insanla əlaqə qurduğu ortaya çıxacaq. Bu o deməkdir ki, bugünkü yeniyetmələrimiz ata obrazı ilə bağlı problem yaşayır”.

Psixoloq deyir ki, bu gün məktəblər, təhsil müəssisələrində tərbiyə, mənəvi dəyərlərin aşılanması ilə bağlı ciddi tədbirlər görülməsə, bu, daha çox arta bilər: “Bir gün gələ bilər ki, buna normal yanaşacaqlar. Bu, bizim xalqımız üçün çox təhlükəli vəziyyət, sabahımız üçün böyük zərbə ola bilər”.

BIR CAVAB BURAXIN