Azərbaycanda 70 manatlıq “cənnət”

0
666

Seymur Verdizadə

Yerli turizmin inkişafı istiqamətində göstərdiyimiz səylər nəticəsiz qalır. Ölkədə mövcud olan əksər istirahət mərkəzlərində yeni mövsüm üçün müəyyən edilmiş qiymətlər orta statistik azərbaycanlının cibinə uyğun deyil. Çox güman ki, azərbaycanlılar ötən il olduğu kimi, bu il də yay tətilini, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna və qiymətlərin nisbətən ucuz olduğu Şərqi Avropa ölkələrində keçirməli olacaqlar…

İstirahət haqda düşünən adam üçün burdan Gürcüstana 7-8 saat yol getmək, avqustda 40 dərəcə istidə xəmir xörəkləri yemək heç də xoş deyil. Türkiyə, Rusiya və Ukraynaya getmək istəyəndə isə təkcə təyyarə bileti üçün bir ətək pul xərcləmək lazım gəlir. Üstəlik, o uzaq ölkələrdə başına hansı macəraların gələcəyini Allahdan başqa heç kim bilmir. Ortaya sual çıxır: əgər belədirsə, azərbaycanlılar niyə qulaqlarının dibindəki Qubada, Nabranda, yaxud İsmayıllıda, Şəkidə deyil, xaricdə dincəlməyə üstünlük verirlər?

Bu suala cavab tapmaq, yerli turizmin inkişafına mane olan səbəbləri müəyyənləşdirmək üçün son 15 gündə üz tutduğum rayonlarda turizm obyektlərinin qiymətləri ilə maraqlandım. Aydın məsələdir ki, hamı paytaxta nisbətən yaxın olan bölgələrdə dincəlməyə üstünlük verir. Biz də bunu nəzərə alıb, araşdırmalarımıza Bakıya nisbətən yaxın olan İsmayıllı rayonundan başladıq. İsmayıllı Azərbaycanın füsunkar gözəlliyə malik olan dilbər guşələrindən biri olduğundan burda çoxlu sayda istirahət mərkəzi fəaliyyət göstərir. Bunlardan biri də adı oxuculara yaxşı tanış olan “Green House” istirahət mərkəzidir. Sözügedən obyekt böyük bir ərazini əhatə edir. Sahibkar qardaş meşənin anasını ağlatmaqla gözəl bir istirahət mərkəzi yarada bilib. Bu problemin məndən çox Ekologiya və təbii sərvətlər naziri cənab Hüseyn Bağırovu narahat etməli olduğunu nəzərə alıb, əsas məsələyə keçdim. Məlum oldu ki, “Green House” istirahət mərkəzində 4 nəfərlik kotecin qiyməti 80 manatdır. Bu isə o deməkdir ki, mən burda öz ailəmlə bir ay dincəlmək üçün təkcə 2400 manat yerpulu ödəməliyəm. Bilirəm, indi bəzi oxucular ürəyində deyir ki, kasıb jurnalistsən, təbiətin qoynunda bir ay dincəlmək sənin harana yaraşır? Narahat olmayın, elə mən də sizin kimi fikirləşdiyim üçün cəmi 10 gün dincəlməyin hesab-kitabını aparmağa başladım. Beləliklə, “Green House”də 10 gün qalmaq 800 manat etdi. İnsaf naminə deyək ki, menyüdə şişirdilmiş qiymətlərə rast gəlmədim. Əgər arağa tərəf baxmasaq, çaxıra qarşı “müharibə” elan etsək, pivənin adını, təbii şirələrin dadını bir neçə günlüyə yaddan çıxarsaq nahar və şam yeməklərini 100 manata başa gətirmək olar. Bu isə 1000 manat edir. Deməli, jurnalist dostum Niyaz Niftiyevin maşını ilə İsmayıllıya pulsuz getsək, qayıdanda bu işi başqa bir dostumun, TUMİB başqanı Çingiz Bayramovun boynuna qoysaq, qəlyanaltını istirahət mərkəzinin hesabına etsək, nahar və şam zamanı qazan yeməklərinə üstünlük versək, susayanda ağzımızı çayın təmiz yerinə dirəsək, 1800 manat pulla 10 gün bu istirahət mərkəzində qala bilərik. Hansı ki, cəmi 1500 manat pulla biz ötən il Tbilisidən vurub Batumidən çıxmış, 3 gün də Trabzonda qalmış, qayıdanda isə uşaqlara bir illik əyin-baş almışdıq…

İsmayıllıda baş çəkdiyimiz digər ünvan isə “Xəzər” istirahət mərkəzi oldu. Orda iki nəfərlik koteci bizə 50 manata təklif etdilər. “Xəzər”in gənc əməkdaşları suallarımıza həvəssiz cavab verdiklərindən xüsusi araşdırma aparmağa lüzum görməyib, geri qayıtdıq. Buna baxmayaraq, İsmayıllıda dincəlmək üçün ucuz və rahat məkan tapa bildik. Əgər belə demək mümkündürsə, Allah-Təala mənim və yeni aldığı maşını dağa-daşa sürməkdən çəkinməyən dostum Çingiz Bayramovun əziyyətini yerdə qoymadı. Məşhur Buynuz kəndində, dağların qoynunda, Qalacıq çayının sahilində yerləşən “Şirvan” ailəvi istirahət mərkəzində bizə 3 otaqlı kotecləri 25 manata təklif etdilər. “Şirvan”ın digər istirahət mərkəzlərindən bir üstünlüyü də odur ki, turist cüzi ödəniş etməklə özü ilə gətirdiyi ərzaqdan ləziz yeməklər bişirtdirə bilər.

Bakıya yaxın olduğu üçün turistlərin ən çox üz tutduğu bölgələrimizdən biri də Xızı rayonunun Altıağac qəsəbəsidir. Uzun illərdi ki, Altıağacda “Cənnət bağı” adlı istirahət mərkəzi fəaliyyət göstərir. İki gün əvvəl dostlarımla birlikdə bir neçə saat “Cənnət bağı”nda qonaq olduq. Orda bizə iki nəfərlik otaq üçün 70 manat qiymət oxuyanda əlavə sual verib, nə özümüzü, nə də onları yorduq. Dostlarımızdan birinin çay içmək arzusu bizdə bu məkandakı qiymətlərlə bağlı müəyyən təsəvvür formalaşdırdı. İki çaynik boz-bulanıq çay üçün 12 manat ödəyəndə anladıq ki, “cənnət”ə düşmək təkcə o dünyada deyil, elə bu dünyada da çətindi…

BIR CAVAB BURAXIN