Azərbaycanda 32 yaşlı şəxs 11-ci sinif şagirdi olan qızı qaçırdı (VİDEO)

0
715
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

Qızın valideynləri dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq qızı qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq, onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

Faktla bağlı Ağdaş RPŞ tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi başlanılıb.

BIR CAVAB BURAXIN