Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Çin Xalq Respublikasından Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.
“Dövlət Gömrük Komitəsi bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 2016-cı ildə Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan cəmi 2 ton düyü idxal edilib. Belə ki, Çin Xalq Respublikasından Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir”, – deyə məlumatda vurğulanıb.