Kənd Təsərrüfatı Nazirliyində bildirirlər ki, sağlam kartof toxumçuluğu qurulması istiqamətində atılan addımlar uğurla nəticələnərsə, bu bitkiyə tələbat yaxın 2 ilə yerli istehsal hesabına ödəniləcək.
Yeni laboratoriya qurulur
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ-də) kartof toxumçuluğu laboratoriyasının yaradılması üçün görülən işlərin yekunlaşmaqdadır. Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosuna bildirib və avadanlığın son texnoloji yeniliklərə əsaslandığını da sözlərinə artırıb:
«Məqsəd – hüceyrə səviyyəsində virussuz kartof toxumları yetişdirməyə nail olmaqdır. Bu məqsədə yetişsək, xaricdən toxum alıb gətirməyə ehtiyac qalmayacaq. Üstəlik, yüksək məhsuldar kartof toxumlarından istifadə etməklə, 950 min tona çatan illik tələbat tam ödəniləcək».
«Məhsuldarlıq 14 tondan 40 tona çata bilər»
Kartof toxumçuluğu, əsasən, Tərəvəzçilik ETİ-nin Tovuz və Gədəbəy rayonlarındakı zona təcrübə stansiyalarında gəlişdiriləcək. Həmin stansiyalarda yetişdiriləcək toxumlar artırılmaqdan ötrü özəl toxumçuluq təsərrüfatlarına satılacaq.
Bu il ölkədə 880 min ton kartof yetişdirilib. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, hər hektarın orta məhsuldarlığı 14 tondur. Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, gələcəkdə bu göstəricini, bölgədən və sortdan asılı olaraq, 30-40 tonadək çatdırmaq mümkündü
Bu il əkin üçün tələb olunan kartof toxumunun bir hissəsi (2 min 757,3 ton) xaricdən gətirilib. Fermerlər, əsasən, Rusiya sortlarına üstünlük verirlər. Elə ərzaqlıq kartofun da əsas hissəsi (59 min ton) bu ölkənin payına düşür.
Gömrükdə kartofu başqa cür «yeyirlərmiş»
Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 9 ayında Azərbaycana Rusiya, İran, Pakistan, Türkiyə və başqa ölkələrdən 110 min ton – əvvəlki ildəkindən 29,2 min ton və ya 36 faiz çox təzə kartof gətirilib. İdxalın toplam həcmi 19,8 milyon ABŞ dolları dəyərindədir.
Gömrük sistemindəki son şəffaflaşma bir ton kartofun sərhəddə 180,4 dollara və ya əvvəlkindən 8 dəfə baha rəsmiləşdirməyə yol açıb.
AzadlıqRadiosunun hesablamasına görə, idxal gömrük qiymətinin süni surətdə azaldılması ucbatından ötən ilin 9 ayında təkcə kartof idxalı üzrə dövlət büdcəsinə 5,2 milyon deyil, cəmi 2,1 milyon dollar həcmində gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödənilib.