Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 4.7-2-ci və 4.7-3-cü bəndlər əlavə edilir:
“4.7-2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
4.7-3. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir”.