Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıb.
28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub.
Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr olub. İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq olub Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edilib. Humət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşıb və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan olub İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi olub.
Bəyanatda qeyd edilir ki, yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoyub. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışıb. Azərbaycan dili rəsmi dövlət dili elan edilib, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edilib. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası – Manat dövriyyəyə buraxılıb. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Diplomatik müstəvidə əsas irəliləyiş Əlimərdan Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edilib. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiqlilikləri ilə xarici nümayəndələri heyrətləndiriblər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olunub və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb. Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna doğru yönəlib. Azərbaycan diplomatiyası 1919-cu ildə ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla, 16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilib.
Ancaq 1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edib. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə edib: “Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşımızı oyatmaqla, eləcə də müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 100 illik yubileyini fəxrlə və xüsusi bayram əhval- ruhiyyəsi ilə qeyd edir. Bu ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalaması göstərilənlərin canlı təzahürüdür. Bu gün müstəqil, suveren və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu və effektiv idarəçiliyi ilə əldə etdiyi sosial-iqtisadi və insan kapitalı inkişafı, nailiyyətləri və beynəlxalq münasibətlərdə rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını və məramlarını reallığa çevirir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər. Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”.(qafqazinfo)