Azərbaycan xalqının əzmi,Azərbaycan əsgərinin gücü,Vətən sevgisi.
Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə yox,həm də hər kəsin baxışında,duruşunda,əzmində,danışığında özünü büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir qarış böyüyürük,mətinləşirik. Bu gün mübarizəmizin mənası,qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil,bütünlükdə Azərbaycan Respublikasıdır,müstəqilliyimizdir,ərazi bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bir xalq olaraq böyüklüyümüzü,bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi,səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bu gün Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də,Azərbaycan höküməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan,işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də,əsgər yolu gözləyən valideynlər də,övladlar da,bir sözlə,bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağ görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı,bu gənclər Qarabağı yalnız kitablardan,qarabağlıların xatirələrindən,kinofilmlərdən,internet materiallarından tanıyırdılar. Lakin onlar cəbhədə böyük ürəklə və böyük inamla döyüşürdülər. Bu gün bölgəsindən,milliyətindən,dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı,Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.
Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun