Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başlamasının 100 ili tamam olur.
Hər bir ölkənin hüquqi və demokratik bir dövlət kimi inkişaf etməsi və onun gələcək istiqamətyollarına istiqamət verən qanunların qəbul olunması, sivil inkişaf tələblərinə uyğun qanunvericilik bazasının yaradılması, dövləti idarəetmə mexanizminin müəyyənləşdirilməsi parlamentdən önəmli dərəcədə asılıdır. Parlament nəinki hər bir dövlətin idarəedilməsində xüsusi rola malik qanunların qəbul edilməsində, həm də onun totalitar və ya demokratik inkişafı yollarının müəyyən edilməsinə öz töhfəsini verir, həm də bu prosesdə özü də (parlamentli respublika) yaxından iştirak edir. Bu baxımdan günümüzdə sivil inkişaf dövrü keçirən ölkələrin demək olar hamısının güclü və qüdrətli dövlətə çevrilməsində parlamanet önəmli rol oynayıb.
Bu baxımdan bu il özünün yaradılmasının 100 illiyini qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin də qısa müddətdə sürətlə inkişaf edərək hüquqi və demokratik dövlətə çevrilməsində parlamentin əvəzsiz xidmətləri olub. Müstəqil Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclis də məhz Azərbaycan Xalq CümhuriyyətiParlamentinin layiqli varisi kimi ölkəmizin hüquqi və demokratik dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 1998-ci il may ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 80 illiyinə həsr edilən təntənəli iclasdakı çıxışında deyib:
“Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür.”
Azərbaycan parlamentinin yaradılmasının ilkin əsasları isə 1917-ci ildə qoyuldu. Həmin ilin fevral ayında Rusiyada baş verən burjua inqilabından sonra çarın devrilməsi nəticəsində Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumət tərəfindən keçirilən Müəssisələr Məclisinə seçkilərdəAzərbaycandan da deputatlar seçilmişdi. Rusiyada bolşeviklərin dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmələrindən sonra Cənubi Qafqazdan olan millət vəkilləri 1918-ci il fevral ayının 14-də Tiflisdə Zaqafqaziya seymini-parlamentini yaratdılar. Parlamentdə Azərbaycanı 44 deputat təmsil edirdi. Deputatlarımız əslində bununla da Zaqafqaziya seymində müsəlman parlamenti funksiyasını həyata keçirirdilər. Məhz Azərbaycandan olan deputatların təşəbbüsü və tələbi ilə 1918-ci il aprel ayının 9-da seym Zaqafqaziyanın müstəqilliyini elan etdi. Amma bu cümhuriyyətin ömrü uzun olmadı və may ayının 25-də daxili ziddiyyətlər nəticəsində gürcü deputatlar seymdən çıxaraq ertəsi gün müstəqilliklərini elan etdilər. Yaranmış vəziyyətdə mayın 27-də Zaqafqaziya müsəlman şurasının (parlamentinin) üzvləri xüsusi iclas keçirərək Azərbaycanın müstəqilliyinin elan etmək qərarına gəldilər.
Bu məqsədlə o dövrdə parlament funksiyasını həyata keçirən Milli Şura yaradıldı. Milli Şuranın fəaliyyətə başlaması ilə Azərbaycan tarixində ilk parlament yaradılmış oldu. Beləliklə parlamentli respublikanın, idarəetmənin ilkin əsasları qoyulmuş oldu. Iclasda M, Ə.Rəsulzadə Milli Şuranın (parlamentin) sədri seçildi. Mayın 28-də isə Həsənbəy Ağayevin sədrliyi ilə Milli Şuranın tarixi iclası keçirilidi. İclasda ölkəmizin müstəqilliyi barədə dövlətçilik tariximizə qızılı hərflərlə yazılan Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsində qeyd edilənlər nəinki bütün türk-müsəlman dünyasında, həm də Şərqdə Azərbaycanın simasında demokratik, hüquqi dövlət quruculuğuna xidmət edəcək parlamentli respublikanın, idarəetmə üsulunun ölkəmizdə bərqərar olacağını bir daha təsdiq etmiş oldu.
Azərbaycanda ilk seçkili Müəssisələr Məclisi qurulana kimi isə Milli Şura (parlament) və onun qarşısında cavabdehlik daşıyan Müvəqqəti hökumət ölkəni idarə etməyə başladı. Milli Şura Fətəli Xan Xoyskinin rəhbərliyi altında Müvəqqəti hökumətin tərkibini də təsdiq etdi. Müvəqqəti hökumətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli Xan Xoyski, xarici işlər naziri Məmməd Həsən Hacınski, müdafiə naziri isə Xosrov Paşa bəy Sultanov təyin edildi. Beləliklə Azərbaycan dövlətçiliyi tarixində hüquqi və demokratik dövlət quruculuğu prosesinə xidmət edən, ölkədə yaşayan və milli mənsubiyyətindən, dilindən, dinindən, siyası görüşlərindən asılı olmayaraq hamının maraqlarını müdafiə edən parlamentli respublika fəalyyətə başlamış oldu. Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesində önəmli rol oynayan parlamentimizin ilk fəaliyyət dövrü 1918-ci il mart ayının 27-də Milli Şuranın yaradılması ilə başladı və həmin il noyabr ayının 19-na kimi davam etdi. Bu dövr ərzində Milli Şura tərəfindən ölkəmizdə həyata keçirilən hüquqi və demokratik dövlət quruculuğu prosesində önəmli rol oynayan 10 tarixi iclas keçirildi.
Azərbaycan parlamentinin funksiyalarını həyata keçirən Milli Şuranın ilk iclası mayın 27-də keçirildi. Mayın 28-də isə Milli Şura tərəfindən parlament və müstəqillik tariximizdə böyük rol oynayan İstiqlal Bəyannaməsi qəbul edildi. Milli Şura tərəfindən qəbul edilən qərar əsasında 6 aydan sonra Müəssisələr Məclisi çağrılmaq şərti ilə Müvəqqəti hökumət yaradılmışdı. Bir müddət Gəncədə fəaliyyət göstərən Milli Şura Bakı erməni-rus güclərindən azad edildikdən sonra sentyabr ayının 17-də Bakıya köçərək burada fəaliyyətini davam etdirməyə başladı. Noyabr ayının 19-da isə Milli Şura Müəssisələr Məclisinin çağrılması haqqında qanun qəbul etdi. Qanuna əsasən Müəssisələr Məclisi–parlament dekabr ayının 3-də çağrılmalı idi. Milli Şuranın bu iclasıəslində həmin dövrdə ən demokratik ənənələrə sadiq qaldığını, sözün əsl mənasında hüquqi, demokratik dövlət quruculuğunu sona kimi davam etdirməkdə olacağını nümayiş etdirmiş oldu. Belə ki, iclasda qeyd edilmişdi ki, parlamentdə Azərbaycan hüdudları daxilində yaşayan və milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar təmsil olunmalıdırlar. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2 milyon 750 min nəfər əhali yaşayırdı. Onlardan 1 milyon 900 min nəfəri azərbaycanlı, 500 min nəfəri erməni, 230 min nəfəri isə ruslar idilər. Əhalinin sayı nəzərə alınaraq hər 24 min nəfər əhalidən bir deputat seçilməli idi. Bu nisbət nəzərə alınmaqla müsəlman əhali 80, ermənilər 21, ruslar 10 nümayəndə ilə parlamentdə təmsil olunmalı idilər. Buna paralel olaraq parlamentdə təmsil olunmaq üçün Bakı Həmkarlar təşkilatı Şurasına 3,Bakı Sənaye-ticarətinə isə 2 yer ayrılmışdı. Parlamentdə Azərbaycanda yaşayan almanlar 1, yəhudilər 1, gürcülər 1, polyaklar da 1 yerlə təmsil olunurdular. Ümumilikdə isə parlamentin tərkibi 120 nəfər deputatdan ibarət olmalı idi. Eyni zamanda iclasda qəbul edilən qərara əsasən Ümumrusiya Müəssisələr Məclisində təmsil olunan 44 nəfər türk-müsəlman deputat da parlamentin tərkibinə daxil edildi. Yeni parlamentin formalaşdırılması isə dekabrın 3-nə kimi başa çatdırılmalı idi.
1918-ci ilin mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımının həyatakeçirilməsinə baxmayaraq onlara parlamentdə 21 nəfərlə təmsil olunmaq hüququnun verilməsi də ilk milli cümhuriyyətimizin hüquqi, demokratik dövlət quruculuğunu həyata keçirdiyini, millimənsubiyyətindən asılı olmayaraq insan hüquqlarına böyük dərəcədə hörmət etdiyini bir daha sübut edirdi. Azərbaycan parlamentinin ilk iclasının çağrılması ilə bağlı Milli Şuranın sədri M Ə. Rəsulzadənin adından noyabr ayının 29-da bütün Azərbaycan əhalisinə müraciət qəbul edildi. Bu tarixi müracətdə deyilirdi: “Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi məmləkətin vilayətlərindən də vəkillər çağrılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidəümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssissanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək… Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarixi hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməldirlər”.
M.Ə. Rəsulzadənin bu müraciəti bir daha göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti həqiqətən də hüquqi və demokratik dövlət quruculuğu yolu seçərək bu yolla sona kimi getməyi qarşısına əsas məqsəd qoymuşdu. Təbi ki, bu məsələdə parlamentin rolu önə çıxarılmışdı. Çünki məhz parlamentdə qəbul ediləcək qanunlar hüquqi və demokratik dövlət quruculuğu prosesində Azərbaycanın gələcək inkişaf yollarını müəyyən edərək ölkəmizin dünyanın insan haqqlarına və azadlıqlarına hörmət edən dövlətlərdən birinə çevrilməsində önəmli rol oynayacaqdı. Ona görədə rəsmi şəkildə parlamentin ilk iclasına hazırlıq ən yüksək səviyyədə təmin edilmişdi. Lakin parlamenin ilk iclasını dekabr ayının 3-də keçirmək mümkün olmadı. Buna səbəb isə Bakıda fəaliyyət göstərən rus və erməni milli şuralarının parlamentin fəaliyyət göstərməsinə mane olmaları idi. Onlar Bakıda olan ingilis qoşunlarının komandanı general Tomsonu parlamentin iclasına icazə verməməyə təhrik edirdilər. Bütün bunlara baxmayaraq Tomsonla aparılan danışıqlardan sonra parlamentin ilk iclasının dekabrın 7-də keçirilməsi qərara alındı. Nəhayət 1918-ci il dekabr ayının 7-də H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında rəsmi şəkildə ilk milli parlamentin iclası öz işinə başladı. İclası açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyərək xalqımızı bu tarixi gün münasibəti ilə təbrik etdi. İclasda parlamentin sədri vəzifəsinə Ə.Topçubaşov seçildi. Onun birinci müavini isə Həsənbəy Ağayevin olması qərara alındı. Buna paralel olaraq parlamentin 3 nəfərdən ibarət katibliyinin üzvləri də müəyyən edildi. Mehdi bəy Hacıniski baş katib vəzifəsinə seçildi. Onu da deyək ki, həmin vaxt Topçubaşov Paris sülh konfransında iştirak etdiyindən onun vəzifəsini Həsənbəy Ağayev icra edirdi. Gündəlikdə nəzərdə tutulanlara uyğun olaraq Müvəqqəti hökumətin rəhbəri Fətəli Xan Xoyski fəaliyyətləri barədə hesabat verdikdən sonra kabinetin istefaya getdiyini bəyan etdi. Onun istefası parlament tərəfindən qəbul edildi. Eyni zamanda ilin sonuna kimi Xoyskiyə yeni hökuməti formalaşdırmaq tapşırıldı. Xoyski dekabrın 26-da yeni hökumətin tərkibini və fəaliyyət proqramını parlamentə təqdim etdi. Proqram və hökumətin tərkibi parlament tərəfindən təsdiq edildi. Burada ilk parlamentimizin fəaliyyəti ilə bağlı ubrətverici bir hadisəyə də diqqəti cəlb etmək istəyirik. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hüquqi və demokratik dövlət quruculuğu yolu seçməsinə, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə, o cümlədən ruslara və ermənilərə parlamentdə təmsil olunmaq hüquqi verməsinə baxmayaraq sonuncular ali qanunvericilik orqanımızın iclaslarında nəinki iştirak etmədilər, hətta hər vasitə ilə onun fəaliyətinə mane olmağa çalışdılar. Məsələn parlamentdə müvafiq olaraq 21 və 10 yerə malik olan ermənilər və ruslar ali qanunvericilik orqanımızın iclaslarını boykot etdilər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək səbəbini Azərbaycanın müstəqilliyini elan etməsini vahid Rusiya ideyasına xəyanət edilməsi ilə əlaqələndirirdi. Guya onların parlamentin işində iştirak etməsi Azərbaycanın Rusiyadan ayrılmasını tanımaları demək ola bilərdi. Ermənilər də bu məsələdə rusları dəstəkləyirdilər. Lakin onlar sonradan taktikalarını dəyişərək parlamentdə iştirak etdilər. Ermənilər parlamentdə iki fraksiya-erməni və Daşnaksutyun fraksiyaları qurdular. Erməni deputatlar parlamentdə onlara verilən imkanlardan istifadə edərək Azərbaycan əleyhinə pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər. Lakin bütün hallarda Azərbaycan parlamenti öz fəaliyyətini insan hüquq və azadlıqlarının təmin edilməsinə uyğun olaraq qurmuşdu. Parlamentimiz ermənilərin və rusların pozuculuq fəaliyyətinə baxmayaraq onlara münasibətdə dözümlülük prinsipinə sadiq qalmaqda davam edirdi. Onu da deyək ki, ilk milli parlamentimizin demokratikliyini, insan hüquq və azadlıqlarına hörmət etməsini burada 11partiya fraksiyasının olması da təsdiq edirdi. Parlamentdə ermənilərə və ruslara, o cümlədən siyasi partiyalara geniş yer verilməsi onlar tərəfindən bundan sui-istifafə edilməsinə gətirib çıxarmışdı. Belə ki, həm ermənilər, həm ruslar, həm də siyasi partiyalara məxsus 11 fraksiya parlamentin fəaliyyətinə əksər hallarda mane olur, diqqəti əsas müzakirə edilən məsələlərdən yayındırır və bununla da təxribatlara baş vururdular. Bu da bəzən Azərbaycan üçün taleyüklü hesab edilən qərarların qəbul edilməsi yolunda ciddi maneələrə səbəb olurdu. Çətinliklərə baxmayaraq Azərbaycan parlamenti həqiqətən qısa müddətdə böyük işlər həyata keçirərək, Yeni Zelandiya istisna olmaqla dünyada ilk dəfə qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verdi, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edən qanunvericilik bazası formalaşdıra bildi.
Həmin dövrdə pozucu qüvvələrin ölkə daxilində müxtəlif təxribatlar törətmə cəhdinə, o cümlədən bolşevik əlaltılarının fəallaşmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti çox böyük iş görə bildi. Hüquqi və demokratik dövlət quruculuğu prosesində önəmli rol oynayan təhsil, elm , mədəniyyət, səhiyyə sahəsində parlament tərəfindən qəbul edilən qərar və qanunlar ölkəmizin sivil inkişafına yol açdı. Parlament tərəfindən 1919-cu il sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın müstəqillik tarixində həqiqətən də böyük hadisələrdən biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və demokratik dövlət quruculuğu prosesində oynadığı əvəzedilməz roldan danışarkən qeyd edək ki,onun fəaliyyəti hərtərəfli idi. Belə ki, parlamentdə maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə 11 komissiya fəaliyyət göstərirdi. Azərbaycan Parlamentinin əsas vəzifələri qeyd etdiyimiz kimi insan hüquq və azadlıqlarının təmin edilməsinə, hüquqi və demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə və bu məqsədlə qanunvericilik bazasının formalaşdırılmasına xidmət edən qanunların qəbul edilməsinə, eyni zamanda ölkəmizin beynəlxalq aləmlə əlaqələrinin daha da genişləndirilməsinə, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanıdılmasına , güclü və qüdrətli ordu quruculuğuna yönəlmişdi. Bütün bu vəzifələrin öhdəsindən isə gənc parlamentimiz layiqlə gələ bildi. Yenə də qeyd edək ki, olduqca çətin şəraitdə çalışmasına baxmayaraq ilk müstəqil parlamentimiz tərəfindən vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, məhkəmə qanunvericiliyi haqqında qanunlar hazırlanaraq qəbul edildi. Bu da öz növbəsində müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsində önəmli rol oynadı.Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rəsmi şəkildə fəaliyyətə başladığı 1918-ci il dekabr ayının 7-dən 1920-ci il aprel ayının 27-nə kimi 145 iclas keçirdi və müzakirəyəçıxarılan 270 qanundan 230-nu təsdiq etdi.
Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesinə önəmli töhfəsini verən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası 1920-ci il 27-də axşam saat 20-45-də oldu. İclasda bolşevik Rusiyasının ultimatumunu müzakirə edildi və yaranmış vəziyyəti nəzərə alaraq qan tökülməsinə yol verməmək üçün müəyyən şərtlərlə hakimiyyətin dinc yollarla kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti dünyaya nümunə olacaq bir demokratik inkişaf modeli nümayiş etdirdilər. Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilsə də azadlıq mübarizəsi davam etdi və 1991-ci ildə ölkəmiz yenidən müstəqilliyini əldə etdi.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin o dövrdəki fəaliyyətinə yüksək qiymət verib. Bununla əlaqədar prezident İlham Əliyev sentyabr ayının 21-də Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyəti Parlametinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli iclasındakı çıxışında deyib:
“Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Ancaq buna baxmayaraq, Azərbaycan Demokratik Respublikası bir çox işləri görə bildi. Dövlət atributları təsis edildi və bu gün bizim dövlət bayrağımız, dövlət himnimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş dövlət atributlarıdır. Azərbaycan dili rəsmi dil kimi elan edilmişdir. İyunun 26-da Azərbaycan Milli Ordusu yaradılmışdır ki, bir neçə ay bundan sonra Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycan Milli Ordusu və könüllülər Bakını işğalçılardan azad etdilər.
Təhsillə bağlı çox önəmli qərarlar qəbul edilmişdir, o cümlədən Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Gələn il biz Bakı Dövlət Universitetinin 100 illiyini qeyd edəcəyik.
Bir çox qanunlar qəbul edilmişdir, daha doğrusu, 200-dən çox qanun qəbul edilmişdir. Qadınlara səsvermə hüququ verilmişdir. Yəni, qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir”.
Əziz Mustafa