İlk marksist tənqidçilərdən Əli Nazim də hər cür milliliyə, milli mədəniyyətə qarşı çıxaraq «vahid türk ədəbiyyatı» nəzəriyyəsinin elmi cəhətdən əsassız olduğunu yazır, bu işlə uğraşan B.Çobanzadəni, İ.Hikməti, F.Ağazadəni və başqalarını tənqid edirdi. Onun fikrincə, ümumiyyətlə oktyabr inqilabına qədər Azərbaycanda milli mədəniyyət olmamış, Füzuli və Nəvai türk saray aristokrat şairləri olmuş, hətta M.F.Axundzadənin maarifçiliyi belə burjuaziyanın mənafeyinə xidmət etmişdi (29, s.53, 57). O, sovet beynəlmiləlçiliyinin, rus kosmopolitizminin təsiri altında yazırdı: «Çünki biz milli mədəniyyət etibarilə çox fəqirik və bizdə mədəni inqilab dövrü milli mədəniyyətin yeni yaradılması dövrüdür. Bizdə mədəniyyət yoxdur» (29, s.28-31). Onun iddiasına görə, Azərbaycan proletar mədəniyyətini isə Cavad-Cavid zümrəsi, ya da «mollanəsrəddinçilər» deyil, «Gənc qızıl qələmlər» ətrafında toplananlar yaratmaq iqtidarındadırlar (29, s.64). Bu dövrdə Azərbaycan poeziyasında sovet beynəlmiləlçiliyinin ən tanınmış nümayəndəsi kimi Səməd Vurğun da «sosialist mündərəcəli, milli formalı ədəbiyyatın» tərəfdarı kimi çıxış edirdi (30, s.20-63). Şeirdə Əhməd Cavad nə qədər milli idisə, S.Vurğun bir o qədər sosialist, proletar mədəniyyəti tərəfdarı idi. Belə ki, Cavad millətin haqq bağıran səsi kimi üçrəngli bayraqdan, aypara və səkkizgüşəli ulduzdan bəhs etdiyi halda, S.Vurğun özünü dünya məzlumlarının haqq bağıran səsi adlandırırdı (31, s. 97). Milli vətəndən daha çox qeyri-müəyyən SSRİ vətənini tərənnüm edən şairə görə, artıq M.Ə.Rəsulzadələrin milli ideyası deyil (31, s.139), Leninin beynəlmiləlçiliyi qələbə çalmışdır (31, s.178). S.Vurğun¬un fikrincə, oktyabr və aprel inqilablarından sonra ədəbiyyata gələn beynəlmiləlçilik-internasionalizm ideyası isə yeni bir şeydir: «Bu, hər dürlü millətçiliyə, vətənçiliyə zidd olan proletar ideoloji-sinin bir ifadəsidir. Türk ədəbiyyatı tarixində internasionalizm yeni və tarixi bir hadisədir ki, şura ədəbiyyatı ordusu bu ideyanın əksinə çalışan pantürkizm, panislamizm kimi burjua ideyaları ilə ciddi mübarizələr aparmışdır. İnternasionalizm ideyası artıq konkret bədii obrazlar vasitəsilə ədəbiyyatımızda yaranmaqdadır» (30, s. 28). Beynəlmiləlçiliyin proqresivliyini isə o, milli mahiyyəti məhv edərək beynəlxalq ədəbiyyat sahəsinə keçilməsinə imkan yaratmaqda görürdü (30, s.29). Bizim bütün bunları yazmaqda məqsədimiz hər hansı bir Azərbaycan Türk ziyalısının, ya da şairinin nüfuzuna xələl gətirmək, yaxud da kölgə salmaq deyildir. Sadəcə, sovet ideologiyasının Azərbaycan xalqının milli mənlik şüurunda hansı dərin izlər açdığını, eyni zamanda həmin izlərdən günümüz də hansı nəticələr çıxarmağımızdır. Yəni sovet ideologiyasının sovet beynəlmiləlçiliyi adı altında milli mədəniyyətimizə vurulan zərbələri dərk etmək əvəzinə, bunu sadəcə taleyin hökmü kimi qəbul etməyimiz doğru olmazdı.Biz də yaxşı anlayırıq ki, Ə.Nazim, S.Vurğun, S.Rüstəm və onlar kimi sovet beynəlmiləlçiliyini, «proletar mədəniyyətini» tərənnüm edənlər bunun bəşəri dəyərlərə söykənən beynəlmiləlçiliklə heç bir əlaqəsinin olmadığını yaxşı dərk etmişlər. Çünki SSRİ imperiyası qurulmamışdan çox-çox əvvəllər bir sıra mütəfəkkirlər, şairlər və alimlər (N.Gəncəvi, Şekspir, İbn Xaldun, Höte və b.) bəşərilik duyğularını tərənnüm ediblər. Ancaq bunu anlaya-anlaya M.Rəfili, S.Vurğun, Ə.Nazim və onun kimi düşünənlərin beynəlmiləlçiliyi yeni bir ideya kimi qələmə vermələri sovet ideologiyasının, marksizm-leninizm-stalinizmin tələbi idi. Bu mənada hesab etmək olar ki, onlar zamanın ideoloji tələblərindən və şəraitindən çıxış edərək «proletar mədəniyyəti», sovet beynəlmiləlçiliyini müdafiə etmək zorunda qalıblar. Amma fikrimizcə, bu o demək deyildir ki, sovet ideologiyasının beynəlmiləlçiliyini müdafiə edənlərlə, müdafiə etməyənlər arasında da, asanlıqla heç bir ciddi fərqin olmadığını iddia edək. Hər halda, sovet beynəlmiləlçiliyini deyil, assimilyasiyaya məruz qalan milli-mənəvi dəyərləri müdafiə edənlər yanlız milli mədəniyyəti deyil, həm də bəşəri dəyərləri tərənnüm ediblər. Çünki bir milləti ayaq üstə tutan, öncə onun özünəməxsusluğu, milli mentallığıdır. Milli özünəməxsusluq isə yalnız o halda mövcud ola bilər ki, mədəniyyətdə, ədəbiyyatda, fəlsəfədə, incəsənətdə yaşaya bilsin. Yəni öncə milli mədəniyyət olmalıdır ki, daha sonra o, bəşəri dəyərlərin tərkib hissəsinə çevrilsin. Bu baxımdan fikrimizcə, saxta sovet beynəlmiləlçiliyini tərənnüm etməklə yanaşı, milli mədəniyyətə töhfə verənlərin əməyi birdirsə, «proletar mədəniyyəti»nə qarşı çıxaraq ona qarşı milli mədəniyyəti müdafiə edənlərin əməyi birə on qat artıqdır. Bunun nə üçün məhz belə olmasını anlamaq üçün bir neçə məqama diqqət yetirmək yetərlidir.Birincisi, aydınlığa qovuşmalı olan məqam odur ki, SSRİ rəhbərliyi və ideoloqları «proletar mədəniyyəti» adı altında nəyi hədəfləmişdir. Şübhəsiz, işğalın ilk illərindən başlayaraq (1920-1930-cu illər) Sovet Rusiyası qarşısına ilk məqsədlərdən biri kimi, müstəmləkə halına gətirdiyi millətlərin, özəlliklə türk-müsəlman xalqlarının milli mədəniyyətini məhv etmək siyasəti yürütmüşdür. Sovet rəhbərləri və ideoloqları bu siyasətini «proletar mədəniyyəti» adı altında həyata keçirməklə isə, əsil məqsədlərini pərdələmiş olurudlar. İkinci məqam isə odur ki, sovet ideoloqları sosialist mədəniyyəti, yəni sovet beynəlmiləlçiliyi ideyasını yerli mütəfəkkirlərin əli ilə həyata keçirmək, bir növ vahid və milli mədəniyyətin ikitirəliyinə, üçtirəliyinə nail olmaq istəyirdilər. Əgər xalq özünün yaratdığı mədəniyyətə, milli mədəniyyətə inamını itirərsə, ona yuxarıdan aşağı baxarsa o zaman, onun şüuruna istənilən saxta mədəniyyəti yeritmək də çətin olmayacaqdır. Başqa sözlə, bu halda yerli xalqı mənasını və mahiyyətini anlamadığı istənilən mədəniyyəti, o cümlədən «proletar mədəniyyətinə», yəni sovet beynəlmiləlçiliyinə uyğunlaşdırmaq, daha doğrusu zorla tabe etdirmək də asanlaşacaqdır. Sözün açığı, etiraf etməliyik ki, SSRİ-nin mövcud olduğu 70 il ərzində müəyyən qədər də olsa, sovet rəhbərliyi və ideoloqları bunu bacardılar.Bizcə, işğalın ilk illərindən başlayaraq, xüsusilə repressiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan xalqının şüuruna zorla yeridilən formaca milli, «mahiyyət»cə sosialist mədəniyyətini, nə milli, nə də sözün həqiqi mənasında beynləmiləl mədəniyyət adlandırmaq mümkün deyildir. Xüsusilə də, bir xalqın mədəniyyətinin mahiyyəti ona məxsus deyilsə, onun zahiri, forması nə qədər milli olursa-olsun, o saxta olacaqdır. Xalqın içindən çıxmayan, onun mənəviyyatına əsaslanmayan saxta mədəniyyət hansı məzmun və forma daşımasından asılı olmayaraq həmin millətə, onun varlığına və gələcəyinə xidmət edə bilməz. Ona görə də, hesab edirik ki, bir millət milli-mənəvi dəyərlərdən istər könüllü olaraq, istərsə də zorla uzaqlaşdırılarsa, çox keçməz ki, həmin məmləkətdə əxlaqi-mənəvi aşınma baş verər. Hətta, o millət gələcəkdə müstəqil və azad yaşamağa haqq qazansa belə, onun ağrılarını, acılarını çiyinlərində daşıyar. Zənnimizcə, bu mənada hazırda Azərbaycan xalqı xeyli dərəcədə SSRİ dövründə onun mədəniyyətinə qarşı yönəldilmiş assimilya¬siya siyasətinin ağrılarını, sancılarını çəkir.Hazırda Quzey Azərbaycanda milli-mənəvi və dini dəyərlərə münasibətdə əsasən yeniləşmə yolu tutanlar, Qərb dünyasına inteqrasiyada maraqlı olanlar ifrat qərbçilər, modernizm tərəfdarlarıdırlar. Milli-mənəvi və dini dəyərlərə münasibətdə mötədillik.Milli-mənəvi və dini dəyərlərə münasibətdə mötədil, ya da orta mövqe tutanlar isə həm müəyyən qədər türk törələrinə, islam dəyərlərinə sahib çıxmağı, eyni zamanda Qərbin mütərəqqi dəyərlərini mənimsəməyi mümkün hesab edirdilər. Bunların arasında isə A.A.Bakıxanov, S.Ə.Şirvani, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə və başqalarının adlarını çəkmək olar.Məsələn, A.A.Bakıxanov Şərqin tənəzzülü Qərbin tərəqqisi məsələsində Axundzadədən tamamilə fərqli xətt seçmişdir. Halbuki bu məsələ Bakıxanovu Axundzadədən heç də az rahatsız etməmişdir. Məhz bu narahatçılığın və bundan çıxış yolunun axtarılmasının nəticəsi idi ki. Bakıxanov Rusiya və Avropaya səyahət etmiş Şərqin nədən «geri», Qərbin nədən «irəli» getməsini gözləri ilə görmək istəmişdir və görmüşdür də. Bu zaman Bakıxanov müsəlman ölkələrindəki problemlərdən çıxış yolu kimi Rus-Avropa-Qərb mədəniyyətini seçməkdənsə, Türk-İslam-Şərq mədəniyyətinin klassik ənənə¬lərini dirçəltməkdə görmüşdür (32, s.200). Bu mənada, o, Şərq mədəniyyətinin tənəzzülünə səbəb olan yalançı ruhaniləri, aşiq və məşuqdan yazan şairləri kəskin şəkildə tənqid etmişdir. Ancaq bütün hallarda İslam-Türk-Şərq mədəniyyətinə qarşı çıxmamış, tərsinə İslama və Türklüyə aid əsərlər yazmışdır. Azərbaycan Türk filosofuna görə, avam adamların idrakla mərifətlərinin yüksək dərəcəsi təqlidlə bağlıdır ki, onlar heç bir halda bundan kənara çıxmağa qadir deyildir. Bu anlamda hər bir ölkənin əhalisi öz milli adət-ənənələrini, qayda-qanunlarını, həyat tərzini bəyənərək digər ölkənin millətini bu kimi məsələlərdən ötrü töhmətləndirirlər. Bu anlamda milli adətlərinə görə türklər farsları, farslar ərəbləri, ərəblər almanları, almanlar ingilisləri bəyənmirlər. Bakıxanov yazır: “Hələ avam camaat kənarda dursun, kamal sahibləri də təqliddən əl çəkə bilmirlər. Zahidliyə əsir olan şəriət başçıları, vacib şeylərdən başqa, ehtiyatla hərəkət edib, heç bir şeyin puçluğunu qəbul etmirlər” (32, s.30).Qasım bəy Zakir də mahiyyət etibarilə milli adət-ənənələri və dini qayda-qanunları tapdalayan çar Rusiyasının işğalı ilə heç zaman barışmamışdır. Xüsusilə, 1848-1849-cu illərdə xanzadələrin, bəyzadələrin hüquqlarının əlindən alınmasıyla bağlı çıxarılan rus “zakon”larına etiraz olaraq Zakir yazırdı: “Təfavüt qalmadı gədayə, bəyə, Barkeşlər indi keçib yedəyə,Qənaət eyləsən bezə, qədəyə, Cameyi-gülguni görən canımız” (33, s.43). Həsən bəy Zərdabi isə əsas diqqəti zəmanədən şikayət etmək əvəzinə iş görməyə, tərəqqi etməyə yönəltmişdir. Zərdabiyə görə, son əsrlərdə din alimləri millətə və onun övladlarına sənət, sənaye, siyasət, dövlət haqqında bilik verməkdənsə, ancaq onları dini nağıllarla, dini əfsanələrlə aldadıblar. Onun fikrinə görə, bunun nəticəsində də dünyada ən mühüm iki qardaşlıqdan bir millət qardaşlığıdır ki, ancaq bizdə varlı varsız hər kəs öz haqqına razı olmamasına baxmayaraq bir-birinə inanmır: “Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-əqvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbzalıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər. İnsafən bizim xalq ziyadə bahuşdur ki, elmi-tərbiyət görməmək ilə genə belə dolanır” (34, s.150).
Faiq Qəzənfər oğlu Ələkbərli,dosent, fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi
Arazinfo.com