AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİNİN PROBLEMLƏRİ VƏ HƏLL YOLLARI 3. Yazı

0
630

Bütün bunlarda əsas məqsəd türksüzləşdirmə siyasəti çərçivəsində etnik mənşəcə irandilli və qafqazdilli, ancaq danışdığı dilə görə türkdilli elan edilmiş “Azərbaycan xalqı”nın buna uyğun olaraq tarix, fəlsəfə tarixi, ədəbiyyat tarixi, dilçilik tarixi, mədəniyyət tarixini ortaya qoymaq idi. Üstəlik, həmin “Azərbaycan xalqı”nın bir millət kimi formalaş¬masının 19-cu əsrin ikinci yarısına aid edilməsi də tədsadüfi olmamışdı. Hər halda Azərbaycan türklərinin varlığının bütün vasitələrlə inkarı fonunda, guya türklərin buraya “gəlmə” olması, üstəlik “gəlmə” türklərin vəhşi, barbar olub “mədəni” və “yerli” qafqazdilli, irandilli xalqları türkləşdirməsi mülahizələri məhz yeni “Azərbaycan milləti”nin formalaşmasına hesablanmışdı. Ancaq bu cür əsassız, uydurma mülahizə¬lərlə Azərbaycan xalqının türk olmamasını, sadəcə zorla türkləşdirilib hazırda türk dillərindən birində danışmasını təbliğ etməklə, bu xalqın daim imperiyaların işağlı altında olmasını, yalnız 18-ci əsrdən etibarən əvvəlcə xanlıqlar, daha sonra da Çarlığın işğal dövründə Avropa millətçiliyinin təsiri ilə millət kimi formalaşmasını əsaslandırmağa çalışmışlar. Bu uydurma tarixçiliyə görə də, orta çağda zorla türkləşdirlimiş, guya etnik mənşəcə irandilli və qafqazdilli “Azərbaycan xalqı”na münasibətdə Türk dövlətləri (Səlçuqlar, Qaraqoyunlular, Ağqoyunlular, Əfşarlar, müəyyən qədər də Səfəvilər və b.), xüsusilə də Osmanlı, Əfşarlar və Qacarlar hər zaman yad, düşmən və imperialist mövqe tutublar. Guya, Çar Rusiyası da məhz bu Türk dövlətləri, xüsusilə də Qacarlarla müharibələr nəticəsində Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal edərək “Azəbaycan xalqı”nı “İran” və Osmanlı zülmündən xilas etmişdir. Bu baxımdan Çarlıq ideoloqları imperiya siyasətini pərdələmək üçün Quzey Azərbaycan xalqını etnik mənşəcə türklərdən ayırıb türkdilli elan edir və həmin türkdilli xalqın da əslində qafqazdilli ya da irandilli olub, vaxtilə Səlçuq türkləri tərəfindən zorla türkləşdiyini təbliğ edirdilər. Beləliklə, yalnız 1960-cı illərdə nəşr olunan “Azərbaycan tarixi” 3 cildiliyində deyil, eyni zamanada “Azərbaycan ədəbiyyat tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi” kitablarında da antitürk təbliğatı aparılmış, Azərbaycan xalqının Türk dövlətlərinin (Səfəvilər, Əşralar, Qacarlar) “müstəmləkəçi”liyindən qurtulub əvvəlcə xanlıqlara parçalan¬masını və daha sonra da çar Rusiyası tərəfindən işğal olunmasını faciə deyil, mütərəqqi hadisə kimi yozmağa çalışmışlar. Əsil həqiqəti isə ondan ibarətdir ki, Azərbaycan xalqı nəinki həmin Türk dövlətlərinin müstəmləkəsi olub, tam əksinə həmin Türk dövlətlərinin özbəöz qurucularıdır. O zaman mümkün deyil ki, həmin dövlətlərin qurucusu və əsas nüvəsi olan Azərbaycan xalqı, Azərbaycan türkləri özü özünün müstəmləkəçisi olsun! Şübhəsiz, bu rus imperiya təfəkkürünün məhsulu olub, Quzey Azərbaycan xalqını mümkün olduğu qədər öz türk kökündən uzaq tutmaq və ruspərəst, rusdilli formaya salmağa xidmət edirdi. Sovet-Rus ideoloqları bu işi həyata keçirmək üçün də, son iki əsrdə daha çox Quzey Azərbaycan xalqının öz içindən antitürk ruhlu məmurlar, alimlər, müəllimlər təbəqəsi formalaşdırmağa çalışmış və xeyli dərəcədə də bu məsələdə işlər görmüşlər. Xüsusilə də, XX əsrin ikinci yarısında bu proses bütün sahələrdə, o cümlədən də tarix, fəlsəfə tarixi, dilçilik tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi, siyasət tarixi sahələrində aparılmışdır. Bundan fəlsəfəsçilər, fəlsəfə tarixçiləri də kənarda qala bilməzdilər ki, bu baxımdan onlar yalnız “Azərbaycan fəlsəfəsinin ta¬ri¬xinə dair oçerklər” kitabında deyil, digər yüzlərlə monoqrafiya və kitablarında da eyni antitürk, antiislam ideyaları fonunda fəlsəfəçiliklə, fəlsəfə tarixçiliyi ilə məşğul olmuşlar. Belə ki, marksist-leninçi fəlsəfəçilər Azərbaycan xalqının mütəfəkkirlərini bir tərəfdən mümkün olduğu qədər türk kimliyindən uzaq tutmağa, digər tərəfdən isə onların dünyagörşündə materialist elementlər tapmağa çalışmışlar. Beləliklə, Sovetlər Birliyi dövründə Quzey Azərbaycan xalqının fəlsəfi fikir tarixinin dolaşdırılması, saxtalaşdırılması prosesi getmiş, bu da daha çox türksüzləşdirmə siyasətinin fonunda həyata keçirilmişdir. Sovet-Rus ideoloqları bir tərəfdən imperiya siyasətinə hesablanmış türklükdən uzaq, daha çox qarışıq-mələz (irandilli, qafqazdilli, türkdilli) bir Azərbaycan xalqı formalaşdırmağa çalışarkən, digər tərəfdən həmin xalqın tarixinin, fəlsəfə tarixinin, ədəbiyyat tarixinin, mədəniyyət tarixinin də buna uyğun olaraq yazılmasına siyasi-ideoloji nəzarəti həyata keçirmişlər. Bunun da nəticəsində Sovetlər Birliyi dövründə, xüsusilə də represiyya dövründən sonrakı Quzey Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimləri və qabqacıl fikir adamlarının əksəri könüllü, ya da məcburi olaraq təbii türk nüvəsini bir kənara qoyaraq, daha çox naməlum, ya da qarışıq-mələz (irandilli, qafqazdilli, türkdilli) formada irəli sürülən “Azərbaycan xalqı”, “Azərbaycan dili”, “azərbaycanlı”, “Azərbaycan milləti” anlayışları əsasında tarixçilik, dilçilik, fəlsəfəçilik, ədəbiyyatçılıqla məşğul olmuşlar. Xüsusilə də, akademik sahədə yazılmış “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi”, “Azərbaycan dili tarixi”, “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında türk nüvəsi uzaq tutulmuş, hətta türklüyü heç bir mənada şübhə doğurmayan Azərbaycan türk mütəfəkkirləri (Nəsimi, Nəimi, Füzuli, A.A.Bakıxanov, F.b.Köçərli, N.Nərimanov, H.Cavid və b.), hökmdarları (Şəmsəddin Eldəgiz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl və b.) belə “azərbaycanlı” kimliyi adı altında verilmiş, onların dili də “Azərbaycan dili” olaraq təqdim olunmuş, fəlsəfəsi də “Azərbaycan fəlsəfəsi” kimi xarakterizə olunmuşdur.Konuşma SonuBir mesaj yaz…


  • AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)