Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI (4. Yazı)

0
934
Zeynalabdin Marağalının yaradıcılığında məhərrəmlikdə, o cümlədən Aşura günündə həyata keçirilən «Heydər təpmək», Şəbih gəzdirmək və sair kimi İslamun ruhuna zidd dini oyunları, o cümlədən baş yarmaq, zəncir vurmaq kimi halları tənqid etmişdir. Məsələn, «Heydər təpmək» mərasimində heydərilər və nemətilər adlanan iki qrup guya, İmam Hüseyn (ə) yolunda bir-birləri ilə dava edirdilər. Z.Marağalıya görə əslində hər iki tərəf heç özləri də bilmirdilər ki, Heydər kimdir və yaxud da Nemət. O yazırdı: “Xüsusilə, insafsız mərsiyəxanlar həmin fitnə alovnu qızışdırır, bu cahilləri təhrik edirlər. İndi millətin cahil kütləsinin qəlbində bu düşmənçilik toxumunu elə dərin səpmişlər ki, heç deməklə qurtaran deyil. Tərəflərin hər biri güman edir ki, o biri tərəfə qarşı nə qədər dərin kin bəsləsə, nə qədər çox düşmənçilik eləsə, dünya və axirətdə o qədər xoşbəxt olacaqdır. Öləndən sonra sorğu-sualsız behiştə gedəcəkdir. Ona görə də bir-birinin acığına mərsiyəxanların kisəsini doldururlar. Təkyələri bəzəməkdə, döşəməkdə bir-birləri ilə rəqabətə girişirlər. sinəzənlik edirlər, zəncir vurur, baş yarırlar”.
Halbuki, Marağalının fikrincə, bütün bunların hamısı xüsusi riya üzündən olduğuna görə şəriətə ziddir. O yazırdı ki, məhz ruhanilərin ikiüzlülüyü nəticəsində məscidlərin çoxu xarabdır, hamısını toz basıbdır, qapları çox vaxt bağlı qalır: “Amma bu insafsızlar hər bir millət və əhalinin get-gəl etməyə haqlı olduqları küçə-bazarda, karvansaralarda və yol üstündə rövzəxanalıq dəsgahı açıb, camaata mane olurlar. Hələ pis-pis də öz aləmlərində İmam Hüseyn əleyhissəlamın boynuna əbləhcəsinə böyük bir minnət də qoyurlar. Daha bilmirlər ki, o həzrət şəhadəti öz pak övladının əsarəti müsibətini cəddi-büzürgvarının pak dininə xələl toxunmaması və bidətin aradan götürülməsi xatirinə qəbul etdi. Bunlar isə o cür mühüm bir təlimi korlayır, yəhudinin, xaçpərəstin get-gəl etməyə haqlı olduğuna fikir vermədən ümumi yolu bağlayır, mərsiyəxanlıq edirlər. Hələ utanmayıb belə bir xilaf işin üstündə ibadət adı da qoyurlar. İmam Hüseyndən, onun qiyamət günü hamının bağışlanmasını Allahdan xahiş edən böyük cəddindən xəcalət çəkmirlər”.
O hesab edirdi ki, məhərrəmlikdə həyata keçirilən bu cür təziyədarlığın vəziyyətindən isə din alimlərinin hamısı xəbərdardırlar. Ancaq onların əksəriyyəti bundan nəinki narazı, əksinə tamamilə razıdırlar. Çünki onlar özləri də məhərrəmliyin bu şəkildə həyata keçirilməsindən mənfəət güdürlər. Belə ki, din alimlərinin bir hissəsi heydərilərin, digəri isə nemətilərin tərəfini saxlamaqla ciblərini və qarınlarını doldurmuş olurlar. Marağalı yazırdı: «Gərək şəhərin üləması və ağıllı adamları bunları başa salsın. Təəssüflər olsun ki, o insafsızlar da nəinki bunlara nəsihət vermirlər, hətta bu fitnə ocağına odun qoyurlar. Ona görə ki, onların bəzisi heydərilərin, bir parası da nemətilərin tərəfində durur və bu vasitə ilə avam camaat arasında nüfuz qazanırlar».
Daha sonra Marağalı məhərrəmlikdə həyata keçirilən Şabehgərdan, yaxud Şəbih gəzdirmək məsələsinə toxunaraq, bunun da islama zidd olduğunu bəyan etmişdir: «Şabehgərdan adlandırılan başqa bir dəstə də vardır. Daha onların əlindən Allaha pənah aparıram. Onlar da özlərini İmam Hüseynə bağlayıblar. Hər biri başına bir ovuc dələduz toplayıb, hərəsinə də imamın müqəddəs əhli-beytinin kişiləri və ya arvadlarından birinin adını verirlər. Beş quruşluq dünya malı üçün onların nə kimi oyunlardan çıxdıqlarını bilmirsiniz. Allaha and olsun, onların pərdə ardında min fisqü fücura mürtəkib olduqlarını gördükdə hər bir qeyrətli müsəlman həyatından belə bezikir. Təəccüblü burasıdır ki, bu geniş ölkənin bu həyasızların hər bir oyunu və kələyindən xəbərdar olan əhalisi onların bu işlərini üzə vurmurlar. Halbuki bu pozğun ünsürlərin törətdikləri fisqü fücur məhərrəmdən bir neçə ay sonrayadək əyan-əşraf məclislərinin söz-söhbətlərinə çevrilir».
Bütün bunlardan sonra mömin müsəlmanın dinindən üz döndərə bilməsi səviyyəsinə qədər çatdığını deyən Marağalı yazırdı ki, kim İmam Hüseyn (ə) yolunda öz başını yarmağı, yaxud da müsəlman qardaşına xəsarət yetirməyi müsəlmançılıq adlandırırsa tamamilə yanılırlar. O yazır: “Allah da, peyğəmbər də onların bu şəriətə zidd hərəkətlərindən bezardır. Ancaq onlar şərarətlərindən utanmayıb, həyasızcasına özlərini Allahın peyğəmbərinə bağlayırlar. Hər addımbaşı deyirlər, biz seyidik, peyğəmbər övladıyıq”.
Marağalıya görə onlara bu cəsarəti verən də riyakar din rəhbərləri, din üləmalarıdır. Məhz onların sayəsində seyidlər, mərsiyəxanlar özbaşnalıq edirlər. O yazır: “Üləma həzrətləri lazım olduqda bu seyidlərdən istifadə etmək üçün onları hər cür cəzadan qoruyurlar. İki həftə bundan qabaq bunların Təbrizdə nə həngamə qopardıqlarını görmədinmi? Bu ağaların barmağının bir işarəsi və bir qaş oynatması ilə bir saatın içində hakimin evini taladılar, dam-daşını kökündən viran elədilər, hətta həyətinin döşəməsindəki daşları da çıxarıb apardılar. Bunlar ağalara bu kimi işlərdə lazımdır. Elə həmin səbəbə görə də camaatı çapıb-talamaqda əllərindən gələni əsirgəmirlər, könülləri necə istəyirsə, eləcə də rəftar edir və heç kəsdən zərrəcə də qorxmurlar”.
Azərbaycan Türk mütəfəkkri hesab edirdi ki, ümmətin şəriətini qorumalı olan üləmanın özü düzgün yoldan kənara çıxmışdır. Yəni, alimi xarab olan millətin ölkəsi də xarab olur. O yazır: “Üləma həzrətləri, hər bir şərə müxalif olan və qeyri-düzgün əməllərinin cəzasından yaxalarını qurtarmaq üçün özlərini seyid adlandıran bu əcamir-obaş zümərsini tənbeh etməlidir ki, onlar başqa yaxşı adamları da bədnam etməsinlər. Ancaq onlar özləri həmin nadürüstləri bu kimi əməllərə təşviq edib həvəsləndirirlər. İş oraya gəlib çatmışdır ki, indi hər bir bədbəxt şiə uzaqdan bir seyid görən kimi özünü itirir, onun əlindən qaçıb gizlənmək üçün siçan deşiyini satın alır. Hərçənd mümkündür ki, o seyid heç təvəqqe eləyən adamdan bir şey istəyənlərdən olmasın. Bütün məscid və minbərlərdə üləma cənablarının möizəsi xümsün fəzilətinə və xalqı onu ödəməyə təşviq etməyə həsr edilmişdir. Heç görüb eşitməmişəm ki, bir vaiz ya naseh nəsihət ünvanı ilə seyidlərə desin ki, dilənmək peyğəmbər həzrətlərinin övladına haramdır, xalqı şəhərin kənarında dəyənək gücünə soymaq şəriətin ziddinədir, alçaq bir əməldir. Seyidlər gərək öz seyidliklərinin yüksək şərəfini qorumağı hər şeydən üstün tutsunlar.”
Marağalı “İran”da müsəlmanların dinə münasibətilə bağlı sonda belə bir nəticəyə gəlir ki, onlar dünyanı beş günlük adlandırıb axirət haqqında düşünməkdən bəhs etsələr də, əslində hamısı yalan danışır, yəni dildə bir şey, əməldə isə tamam başqa şey edirlər: “Xəyallarından keçməyən bircə şey varsa, o da qiyamət gününün sorğu-sualıdır. Xeyrat verməyinə verirlər, ancaq varlıların qarnını doyururlar, yoxsulların halına qalan yoxdur. Bütün işlər riya üzündədir. Tamahsız, təvəqqəsiz bir adama salam da verməzlər. camaat namazına gəlirlərsə, deməli, pişnamazadan bir təvəqqeləri var. Xalqın əxlaqı elə pozlubdur ki, onu islah etmək nəzərə çox çətin gəlir”.
Ona görə də, “İran”da heç kəs elm dalınca getmək istəmir, hətta müsəlmanlar deyirlər ki, “hikmət möminləri azdırır, onu tapan kimi aparın azdırın”. Çünki “İran” müsəlmanları hesab edirlər ki, fələyin gərdişi belə bir vəziyyəti lazım bilmişdir. Marağalı yazır: “Yazıq fələk nə eləsin: sizə düz əlli il möhlət verdi, sizi xarici müharibədən, daxili iğtişaşdan qorudu. Siz bu uzun müddətdə öz evinizdə qaranlıqda əyləşib, qonşuların işıqlı evlərinə uzaqdan tamaşa elədiniz və istəmədiniz ki, siz də öz evinizi işıqlandırasınız. Fələk öz dili ilə sizə deyir: “Mənim heç bir günahım yoxdur.Mən hələ də sizin darğa, kətxuda, fərraşlarınızın hökmünün əsriyəm”. Bir də məlumdur ki, Allah fələyi aciz bir milləti bədbəxt eləmək üçün deyil, sonsuz hikmətlər məqsədilə yaratmışdır”.
Marağalının dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq belə bir nəticəyə gəlirik ki, o, bir tərəfdən şəriət qanunlarına əməl etməyin vacibliyindən bəhs etdiyi halda, digər tərəfdən Qərb mədəniyyətinə aid müsbət qayda-qanunlardan istifadə olunmasının və əski “İran mədəniyyət”inə müraciət edilməsinin zəruruliyini ortaya qoymağa çalışmışdır. O, özünü inandırmışdı ki, “İran”ın xoşbəxt gələcəyi də dövlət başçısının islam dinini hansı dərəcədə bilməsi, Qərb mədəniyyətini hansı dərəcədə mənimsəməsi və əski “İran mədəniyyətinə” nə qədər bələd olması ilə bağlıdır. Bizcə, Marağalı Axundzadə və Kazımbəydən fərqli olaraq İslam dinindən imtina etməsə də, ancaq Qərb mədəniyyəti və əski “İran mədəniyyəti” məsələsində demək olar ki, onlarla mövqeyi eynidir. Bu o deməkdir ki, Marağalı İslam dininə nə qədər bağlı olduğunu ortaya qoymağa çalışsa da, ancaq onun dünnyagörüşündə də Hind-Avropa ya da Qərb mədəniyyətinin ciddi təsiri olmuşdur. İlk baxışda və həqiqətdə Marağalının təmsil olunduğu cəmiyyətin yeniləşməsini, ədalətləşməsini, hüquqi dövlətə çevrilməsini arzulaması təbiidir. Ancaq o, bu arzularının gerçəkləşməsi yolunu daha çox ifrat irançılıq və qərbçilik ideyalarının çərçivəsində görürdü ki, burada milli mədəniyyət və milli fəlsəfədən xeyli dərəcədə uzaqlaşma meyli açıqca özünü büruzə verir. Şübhəsiz, yad ideyaların təsiri altında olduğu üçün də, arzu olunan istəklər nə qədər doğru olsa belə, onun obyektiv şəkildə öz həllini tapmasını gözləmək mümkün deyildi.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN