Ümumilikdə, Nəbati Yaradanla yaranan arasındakı ilahi bir bağın olması düşüncəsində olmuşdur. Nəbati bütün bu düşüncələrin təsiri altında da Həzrət Əli, Həzrət Musa, Həzrət İsa, Həllac Mənsur, Nemətullah Vəli, Qasım Ənvar və başqaları kimi özünün heç də onlardan geri qalmayaraq, Həqqə yaxın olduğunu iddia etmişdir. Bizcə, onun şeirlərində ifadə etdiyi “Mən” və Allah (Musa və Allah, İsa və Allah, H.Mənsur və Allah) bir bütündür ki, artıq bu zaman müsəlman, şiəlik, məcusilik, xristianlıq, yəhudilik və s. öz əhəmiyyətini itirmiş olur. Deməli, bu anlamda Nəbatinin sözdə İslamdan dönüb üzünü gah Musa peyğəmbərə, gah İsa peyğəmbərə tutması da nisbidir:
Tərk edib islamı, tutdum məzhəbi-Ruhullahı,
Səcdə qıldım xaçə, bir rəhbanı görən gözlərim.
Nəbati bəzi şeirlərində açıq şəkildə yazır ki, onun sözlərində zahirdə bir, batində isə tamamilə fərqli mənalar vardır. Bu isə o deməkdir ki, onun din “dəyişkənliyi” məcazi xarakterlidir. Çünki Nəbati bu dünyada hansı dinə “üz tutması”ndan asılı olmayaraq onun “gizlin pərdə”də pənah tapıdğı əsas məzmun Yaradanın özüdür. Bu anlamda Nəbatinin “kafirliyi” bütün dinlərin üstündə olan Allahdan yapışmasıdır. Nəbati yazır:
Yoxdu bir kimsə ilə ülfətü rəbtim, rəbtim,
Söylərəm pərdədə gizlim belə məzmun, məzmun.
Çox da axtarma Nəbatini, keç ondan, keç, keç!
Dini yox, məzhəbi yox, gəbrdi məlun, məlun!
Deməli, Nəbatinin şeirlərində Alllah və “Mən” anlayışı bir bütündür, yəni onlar mahiyyətcə də, mənaca da eynilik təşkil edir. Onun “Mən” dediyi heç bir şeylə, yəni var-dövlətə, şəhvani hisslərə qurban edilməyəcək qutsal bir “Mən”dir. Bu “Mən”in mahiyyətində Musa da var, İsa da var, Həllac Mənsur da var, sonuncu Peyğəmbər də var. O, yazır:
Etmişəm suzənimi rişteyi-Məryəmdən dur,
Minmişəm tövsəni-gərdunə, Məsihayəm mən.
Möcizati-həmə peyğəmbər olub mındə əyan,
Bilmək olmaz məni, bir sirri-hüveydayəm mən.
İstəsən kim, biləsən kimdi bu inşanı qılan,
Gəzgəzəm, qaniçici duxtəri-tərsayəm mən.
Hələ gör bəsdi, Nəbati nə ənəlhəqdir bu?
Dəxi bir yol deginən vahudü yektayəm mən.
Mütəfəkkir mövləvilər kimi tez-tez “hu-hu” dediyini də xatırladır. Onun “hu-hu” çəkməsi Tanrıya çatmaqdan, onu zikr etməkdən başqa bir şey deyildir. O, yazır:
Ey dəbiri-nüktəpərvər, tutiyi-şirin zəban,
Dəmbədəm “hu-hu”çəkib, et Sədri-dövrandan hədis.
Yaxud da:
Baisi-icadi-aləm ta ki, bildim eşq imiş,
Zikri “hu-hu” eylərəm hər ləhzə yahulər kimi.
Şairin yaradıcılığında sufiliklə bu və ya digər şəkildə bağlı olan şeirlərində ikizülü zahidlərin, riyakar ruhanilərin tənqidi də mühüm yerlərdən birini tutur. Nəbati məsciddən üz döndərib meyxanələrə üz tutmasının ya da hücrələrə çəkilib dərvişliyinin günahkarı kimi yalançı zahidləri, şeyxiləri göstərmişdir:
Mən dustü düşmən bilmənəm, şeyxü brəhmən bilmənəm,
Tərcih vermən Kəbədən bütxanəni, bütxanəni…
Məscidləri ver zahidə, qoy xanəgahı abidə,
Gəl, sən, Nəbati məskən et meyxanəni, meyxanəni.
Və yaxud da:
Eşqi, aşiqliyi mən eyləmə, zahid, billah,
Əqlini başına yığ, aşiqi-bir yar ol-ol.
Başqa bir şeirində isə Nəbati yazırdı ki, onu görən zahid cin görübmüş kimi, yan qaçır:
Məni görəcək, deyəsən, cin eşidib “bismillah“,
Zahidin pis gözünə bir çalıcı mar olubam.
Ta bilim bəlkə, məgər, ol sənəmin məvasın,
Gah meyxanəyə, gah məscidə səyyar olubam.
Sən get öz karına, ey zahidi-bədkiş ki, mən
Talibi-cami-Cəmü badeyi-gülnar olubam.
Zahidlərin bəd əməlləri üzündən sanki Nəbatinin yaradıcılığında bəzən dinə münasibətdə müəyyən tərəddüdlərə, yaxud da ziddiyyətlərə rast gəldiyimizi iddia edə bilərik. Belə ki, şair bəzən abid ikən brəhmən ya da xristian olduğunu, məscidən üz döndərib bütxanəyə, kilsəyə getdiyini yazır:
Gah abid oldum, gah brəhmən,
Gah məscid, gah bütxanə oldum.
Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.
Yaxud da:
Tərk edib islami, tutdum məzhəbi-Ruhullahı,
Səcdə qıldım xaçə, bir rəhbanı gözlər gözlərim.
Və yaxud da
Meyxanələr abad olsun,
Sakinləri dilşad olsun,
Məscid görüm bərbad olsun!
Saldı məni qalə, qalə.
Eyni zamanda başqa bir şeirində Nəbati yazırdı ki, dindən dönüb kafir olmasının səbəbi dinin mahiyyətindən çox uzaqlaşmasıdır. O, yazırdı:
Saqi, dur, ver bircə sağər,
Dindən döndüm, oldum kafər,
Tapammadəm, qaldı gövhər,
Qəri-dəryadə, dəryadə.
Yaxud da:
Dur get, göz önündən it, çox başımı ağrıtma,
Hər yanə gedirsən get, gəlmə dəxi bu yanə!
Qurbanın olum, saqi, səndən nə təğafüldür,
Mən zahidə tuş gəldim, sən dövr elə məstanə!
Yaxud da:
Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən,
Bu təzvirü riyadən keç, Xudadən bircə ar eylə.
Zahidi zikri bəd, adı yaman, xalq yanında üzü xar kimi qələm verən Nəbati yazırdı ki, bu cür müsəlmanlıqdansa Şeyx Sənan kimi eşq dəlisi olub “kafir” olmaq yaxşıdır:
Şeyx Sənan kimi boynuma saldım zünnar,
İndi gəl, gör ki, kəlisalərə rəhban oldum.
Çünki zahidə bu dünyada yaşamaq üçün Allah, Nəbati kimlərə isə mövla gərəkdir:
Zahid, əl çək, sən tari, yeri get, dəng etmə,
Sənə Allah gərəkdir, mənə mövla, mövla.
Yaxud da:
Zahidin başına kül, talib olur rizvanə,
Gün bu gün, Tarı bilir, deyrdə rəhbanındır.
Nəbati hesab edirdi ki, yalançı ruhaniləri ikiüzlü əməllərinə görə qınamaq əslində mənasızdır. Çünki onların da bu dünyada özünəməxsus rolları vardır:
Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.
Yaxud da:
Haşəlillah, tövbəkarəm, mən hara, məscid hara?
Rindi-məsətəm, xaneyi-xummarı gözlər gözlərim.
Yaxud da:
Zahidin başına kül, talib olur rizvanə,
Gün bu gün, Tanrı bilir, deyrdə rəhbanındır.
Bu mənada, şairin fikrincə, Allah eşqi nədir, zahid anlamaz. Bunu üçün insanda Allahı sevən odlu bir ürək olmalıdır. Belə bir ürək isə zahiddə yoxdur. Ona görə də zahidin işi-gücü saxta qəlblə və riyakar dillə Allahı anmaqdır. Bunu, kimsə anlamasa da, Nəbati kimi Tanrı aşiqləri yaxşı anlarlar:
Zahid, az danış, get gözümdən it!
Eşqdən məni çox da danlama,
Mən məgər əbəs olmuşam dəli,
Bir o mimü dal, bavü rayə bax.
Məndən əl götür, ey uzunqulaq!
Zöhd satma çox ey himari-məhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir bu gözləri sürməsayə bax.
Göründüyü kimi, Nəbatinin dünyagörüşündə şiəlik və sufilik əsas yer tutmuşdur. Düzdür, bəzi şeirlərində onun tərəddüd içində olduğunu, hansı tərəfə yön alması ilə bağlı qəti qərara gələ bilmədiyi hiss olunur. Şairin bu tərəddüdlərində riyakar zahidlərin də mühüm rol oynamasını unutmamalıyıq. Ancaq bu tərəddüdlər daimi xarakter daşımır və şair daha çox özünü yenilikçi, dünyəvi ruhlu İslam dininə bağlamaqla xilas yolünü görür. F.Köçərli yazır: “Seyid Əbülqasim Azərbaycan türklərinin Xacə Şəmsəddin Hafizi və Şəms Təbrizi və bəzi məqamlarda Mövlana Cəlaləddin Rumi mənziləsindədir. Necə ki, Hafiz fəsahət və bəlağətdə şüərayi-farsın sərdəftəri olub, həmçinin Nəbati də Azərbaycan şüərasının fəsihraqdır”.
Beləliklə, Nəbatinin dünyagörüşünü bir neçə istiqamətdə ümumiləşdirməyi vacib bilirik. Birincisi, Nəbatinin milli kimliyini dini kimlikdən fərqləndirməsini şəcərəsini bir tərəfdən seyid peyğəmbər övladı kimi ərəblərə, digər tərəfdən xançobanlı kimi türklərə bağlamasında görürük. Hər halda şairin fəlsəfi şeirlərində görürük ki, əslini ərəblərə bağlaması İslam dininə ilahi sevgisindən irəli gldiyi qədər, Türk kimliyinin ifadəsi isə milli varlığının, milli dilinin, bir sözlə milli xüsusiyyətlərinin ifadəsi olmuşdur. İkincisi, Nəbatinin İslam dininə münasibətində isə şiəlik və sufilik meyilləri daha çox özünü büruzə vermişdir ki, ümumilikdə o, bu dinin bəşəri-dünyəvi mahiyyətini daha dərindən mənimsəmişdir. Çünki Nəbatinin şeirlərində görürük ki, müsəlman demək zahid ya da axund olub bütün günü məscidlərdə ibadət etmək deyil, sadəcə bu dinin əsil mahiyyətini başa düşmək və onun insanlıq və ilahi eşq fəlsəfəsinə uyğun həyat tərzi keçirməkdir. Yəni o, ruhi baxımından nə qədər şiə-Həzrət Əli sevdalı olsa da, bütövlükdə əliallahiliyin əleyhinədir və İslam dininin lokallaşdırlmasını qətiyyən qəbul etmir. Üçüncüsü, Nəbatinin yaradıcılığında ikizülü zahidlərin, riyakar ruhanilərin tənqidi mühüm yerlərdən birini tutur ki, bunu da, onun yenilikçi-azad fəlsəfi düşüncələri ilə izah etmək olar. Şairi açıq aşkar şeirlərində yazır ki, zahidlərə bu dünyada yaşamaq üçün Allah, Nəbati kimlərə isə mövla gərəkdir. Bu o demək idi ki, Nəbatinin dünyagörüşündə ruhi-fəlsəfi anlamda çıxış yolu bəşəri-yenilkçi mahiyyətli İslam dini və milli adət-ənənələr olmuş, o heç bir zaman nə sxolastik-ehkamçı gerillkçilik, nə də Avropanın İslam-Türk mahiyyətinə zidd yenilikçilik tərəfdarı kimi çıxış etməmişdir.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)