Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV (2.Yazı)

0
650

Nəcəf bəy Vəzirov 1875-ci ildə qələmə aldığı “Ev tərbiyəsinin bir şəkli” pyesində də bir yandan dini məktəbləri və orada təhsil verən müəllimləri, digər tərəfdən isə onların valideynlərini tənqid etmişdir. Pyesdən belə məlum olur ki, özü Avropa libasında olan ata oğlunu mədrəsəyə göndərmək istəsə də, oğlu özünü qabilyyətsiz adlandıraraq getmək istəmir. Ancaq ata (Bayraməli bəy) bir tərəfdən oğlunun başqa millətlərin övladları kimi təhsilli, ixtisası olan bir şəxs kimi görmək istəsə də, digər tərəfdən oxumaq istəmədiyi üçün övladını (Rəsulu) gah söyür, gah da döyür: “Dərzi Arakelin oğlu bügün-sabah həkim gəlir, ay şüursuz oğlu şüursuz! Karapetin oğlu injenerdir, niyə ölmürsən? Niyə çatlamırsan, ay binamus oğlu binamus? Mən axır od tutub yanıram!”. Hesab edirik ki, Vəzirov dini məktəbxanaları, mollaları və valideynləri tənqid etməkdə nə qədər haqlı olsa da, yenə də bütün milli-dini məktəblər və valideynlərlə bağlı ümumiləşdirmə apararaq hamısını “qara” rəngdə görməsi doğru deyildir. Xüsusilə, övladlarını dini məktəblərə qoyan valideyinlərin buradakı müəllimlərə “əti sənin, sümüyü mənim”-deməsi, heç də övladlarına yalnız zülm verilməsinə razı olduğu anlamına da gəlməməlidir. Bizcə, dini məktəblərdəki yalnız o müəllimlər bu sözü məcazi deyil, daha çox həqiqi mənada düşmüşlər ki, onların özləri əsil milli dəyərlərdən və islami dəyərlərdən çox uzaq olmuşlar. Başqa sözlə, bir övladını müəllimə verən valideyn üçün, istər milli-dini məktəb istərsə də rus məktəbi olsun, əsas məqsədi həmin məktəblərin ideyalarına uyğun yetişib cəmiyyətinə xeyir verməsidir. Artıq valideyin üçün hansı məktəbdə bunun hansı formada həyata keçirilməsi ya da başqa məqsədlər daşıması məsələnin ikinci tərəfidir. Demək istədiyimiz odur ki, əgər milli-dini məktəblərin çoxu o dövrdə əslində zahirən millət və din xadimlərlə dolu olduğu üçün, valideynlərin də ilk baxışda öz övladlarına sanki pislik edib yenə də o məktəblərə üz tutması cahillik anlamına gələ bilməz. Əslində bir türk valideynin nə olursa-olsun öz övladını oxutmaq istədiyi ilk məkan milli-dini məktəb olmalı idi ki, bu da çox təbii idi. Ancaq bir tərəfdən riyakar və məddah ruhanilərin, mollaların, ziyalıların milli-dini məktəblərdə çoxalması, digər tərəfdən isə işğalçı çar Rusiyasının yeni rus məktəblərində fərqli təhsil verməsi (əsil istəklərini pərdəarxasında həyata keçirmək niyyəti ilə) bir millət üçün doğurdan da faciə idi. Hər halda, öz övladını əvvəlki kimi milli-dini məktəblərdə oxutmaq istəyən, ancaq get-gedə bu məktəblərin dözülməz hala gəldiyini görən valideynlərin övladlarını yavaş-yavaş tərəqqi adı altında rus məktəblərinə qoymağa başlaması, doğurdan da Vəzirovun sonralar yazdığı “Yağışdan çıxdıq, yağmura düşdük” pyesindəki vəziyyətdən başqa bir şey deyildi. Belə ki, zaman-zaman əvvəlki dünyəvi-yenilikçi-mədəni İslam-Türk mühitindən uzaqlaşaraq türk-müsəlman xalqlarının övladlarına gerilikçi-sxolastik-məhdud dini elmləri öyrədən, burada da yalnız eşqdən, dini rəvayətlərdən bəhs edən mollaları tənqid etməkdə Axundzadə, Zərdabi kimi Vəzirov da o qədər haqlı idi. Bu anlamda əvvəlki elmi-mədəni-yenilikçi İslam-Türk mədəniyyətini çoxdan unutmuş N.Vəzirov, ancaq mövcud mədrəsələrdə uşaqlara keçilən “dərsliklər”dən narazı idi. O, yazır: “Bizim məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şurə gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cərəkeş olmasın? Və bir də bizi oxudanda məhz oxuyub-yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin”. Bütölükdə, o, doğru yazırdı ki, «Leyli-Məcnun», «Yusif-Züleyxa», «Bustan» və digər klassik ədəbi əsərlər uşaq kitabı deyildir və onları oxumaq əvəzinə coğrafiya, tarix elmi tədris edilsə daha yaxşı olardı: “Məcnun elədiyi qələti oxuduncan elmi-coğrafiya kitabını oxusaq, həmi yazıb-oxumağı öyrənirik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”. Bir daha bunu qeyd edirik ki, Vəzirov yaşadığı dövrdə milli-dini məktəblərlə bağlı dediklərində həqiqət payı böyük olmaqla bərabər belə bir vəziyyətin yaranmasının əsil səbəblərini göstərməkdə çətinlik çəkmiş, sadəcə bunu ata-baba yolunun, adət-ənənələrin köhnəlməsi ilə izah etməyə çalışmışdır. Eyni zamanda, Vəzirov bütün bunlardan qurtulmağın çarəsini də millət yolunda zəhmət çəkib Avropa xalqları kimi elm öyrənməkdə görmüşdür. Onun fikrincə, Avropa xalqları məhz zəhmət çəkmək yolu ilə qaranlıqdan işığa, elmsizlikdən elmə çıxıblar. O, zəhmətin xalqların həyatında mühümliyi ilə bağlı qarışqanın verdiyi mücadiləni nümunə çəkmiş və bu yolda Avropanın nələr əldə etdiyini ifadə etmişdir: “Necə ki qarınca çox kiçik isə də həmzəhmət olub, özünə çox yaxşı yuvalar təmir edər, habelə insan da həmzəhmət olanda onun nəfi ziyadə olur. Avropa hükəmaları bərhəm zəhmətlik elmi bina ediblər, adı elmi-qənaət politiki (politiçeskaya ekonomiya). Bu elm insan dünyaya gələndən bəri onun həmzəhmət olmağına mülahizə edib onu iki qism edər: Əvvəlinci qism ki, Avropa əhli üçün qədim zəmanədə olub və bizim üçün bu halda vaqedir. İnsan, məsələn, ev təmir etməkdə həmzəhmət olub, belədə hər kəs bir işə məşğul olur. İkinci qism həmzəhmət olmaqlıq, bu hal da məhz Avropa əhlində vaqedir… Bəs Avropa əhlinin belə tərəqqisinə bir səbəb də onların həmzəhmət omağıdır. Ona binaən ki, insan bir işə məşğul olanda, o iş nə qədər az olsa, o qədər insan ona artıq adət edər və bu səbəbə onu çox tez əmələ gətirər”. Gördüyümüz kimi, N.Vəzirov istərsə qədim dövrdə, istərsə də hazırda elmin ancaq Avropa olduğunu iddia etmişdir ki, yuxarıda da qeyd etdiyimiz kimi bu məsələdə çox yanılmışdır. Çünki Avropdan çox öncə elmlər Şərq ölkələrində yaranmış, yalnız sonralar oradan Avropaya keçmişdir. Digər tərəfdən Avropanın özü də çox vaxtlarda, o cümlədən Orta əsrin böyük bir zaman kəsiyində dünyəvi elmlərdən çox uzaq olmuşdur. Bunun tam əksinə, xüsusilə 16-17-ci əsrlərə qədər isə İslam Şərqi ölklərində dünyəvi elmlər yüksək şəkildə təlim-tədris olunmuşdur. Milli-dini mədəniyyətin təsiri altında ictimai-maarifçilik baxışları. Hesab edirik ki, N.Vəzirov «Əkinçi»də irəli sürdüyü, müdafiə etdiyi ideyaları sonralar rus-Avropa mədəniyyətindən nisbətən uzaqlaşaraq, milli-dini mədəniyyət çərçivəsində irəli sürmüşdür. Bunu, N.Vəzirovun 1890-cı illərdə yazdığı bir çox əsərlərində, xüsusilə “Müsibəti-Fəxrəddin” (1896) pyesində də görmək mümkündür. O, xalqda milli və yenilikçi hisləri oyatmaq üçün, əsərin qəhrəmanı Fəxrəddinin dilindən müsəlmanları tənqid etsə də, ancaq bunun heç də əvvəldən olmadığını, yalnız son zamanlarda ortaya çıxdığını anlamışdır: “Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, biməna işdən ötrü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmişik. Vallahi, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz”. Ancaq bunun “göydən lənətnamə” olaraq yenməsi fikrinin əleyhinə olan Vəzirov yazırdı ki, əslində burada problemin kökünü qədim milli-dini adət-ənənələrdə deyil, son zamanlarda ortaya çıxan xoşagəlməz “qayda-qanunlarda” axtarmaq lazımdır. Vəzirova görə müsəlmanların bir-birini nadancasına tələf etməsini şəriətdə, milli adətə-ənənələrdə axtarmaq doğru deyildir: “İnsaf yox, mürüvvət yox, qanacaq, tərbiyət yox, məgər şəriət göstərən yol budur? İnsaf məqamında durun!”. Doğrudan da, insafla hərəkət etsək görərik ki, hər hansı dövrdə ortada olan cəhalətə, avamlığa, nadanlığa görə yalnız İslam dinini və milli adət-ənənələri tənqid etmək çıxış yolu ola bilməz. Bizcə, bu məsələnin daha asan yolla çözümü görünən, ancaq əslində müsbət bir həllə doğru aparmayacaq yanlış yanaşmadır. Burada önəmli olan, hər dövrün öz şərtləri altında baş alıb gedən nadanlığı, cəhaləti və buna uyğun da mübarizə üsullarını dəyərləndirmək lazımdır. Bu anlamda, bir cəmiyyətin mövcud problemlərini həllini axtararkən də, dərhal və dərindən araşdırmalar aparmadan, həmin dövrdə tərəqqi edən başqa bir cəmiyyərin qazandığı uğurları olduğu kimi öz cəmiyyətinə tətbiqi doğru deyildir. Bizcə, Vəzirov bu məsələdə əvvəlcə Avropanın əldə etdiyi uğurları, onların üsullarının türk-müsəlman cəmiyyətlərində tətbiqini düşünsə də, ancaq sonralar, xüsusilə də 1890-cı illərdən sonra bir az fərqli qənaətə gəlmişdir. Bu anlamda onun Fəxrəddin obrazının timsalında da görürük ki, Vəzirov artıq çıxış yolunu yalnız Avropadan mədət ummaqla ya da onların ideyalarının gözüyumlu tətbiqi ilə deyil, türk-müsəlman xalqlarının içinə sonralar kök salmış və xalq arasında artıq milli-dini “adətlər” kimi qəbul olmuş, “adət-ənənələrə” qarşı mübarizə aparıb əsil həqiqətləri ortaya çıxarmaqda görmüşdür. Məhz bunu nəzərə alaraq, o, Fəxrəddinin dilindən yazırdı: «Əlavə məgər mən, ya Səadət müqəssirik ki, bu vəhşi tayfa içində yaranmışıq? Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanımdan keçdin, mənə salam vermədin – ondan ötrü… Bunlar hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik, göz götürməmişlik… Onsuz da məni müsəlman qardaşların nadanlığı qəm dəryasına qərq eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?!”. Artıq görürük ki, əvvəlki dövrdə düşündüyündən fərqli olaraq N.Vəzirov milli-dini adət-ənənələri millətin inkişaf üçün əngəl görməmiş, soydaşlarını İslam dininin və milli törələrin əsil mahiyyətini dərk etməyə səsləmişdir. Onun fikrincə, həmvətənlərinin nadanlığında, avamlığında şəriətdən və milli dəyərlərdən xəbərsizlik mühüm rol oynamışdır: «Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox. Girmişik meydana, əldə qılınıc, hərif axtarırıq. Bismillah buyrun görək kim artıq bihəyadır, kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tfu, xaraba qalasan, ölkə! Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam!». Vəzirov riyakar ruhanilərin əməllərinin artıq İslam dininə dəxli olmadığına inanmış, problemin əsil mahiyətini onların ucbatından elm və sənətdən uzaq düşmüş xalqı maarifləndirməkdə axtarmışdır. Bunun üçün də Fəxrəddin ilk növbədə dindən və milli törələrdən sui-istifadə edən, uyğun olaraq riyakar ruhanilərə və zülmkar məmurlara qarşı mübarizə aparmalı idi: “Mollalar bizim axırımızı yetirdilər… Hara baxırsan heç bir könül şad edən şey görmürsən… Bundan artıq bədbəxtlik ola bilərmi ki, sən öz evində bir saat qorxusuz rahat otura bilməyəsən; küçələrdə, yollarda qorxusuz gəzə bilməyəsən. Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam ki, biz vəhşi olub qədr-qiymətini qanmırıq!”. Onun fikrincə, millətin cəhalətində, avamlığında, nadanlığında, vəhşiliyinə başlıca səbəb «müsəlman qardaşın nadanlığı»dır: «Qəribə müsibətdir, müsibəti-müsəlmanan! Vəhşilik, elmsizlik, nadanlıq». Ancaq N.Vəzirov millətinə bağlılığını, milli ideyalardan dönməzliyini Fəxrəddinin dilindən çox aydın şəkildə ortaya qoymuşdur: «O işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm». Bu anlamda, N.Vəzirov ölüm ayağında olan qəhrəmanının dilindən deyir ki, millətin gələcəyi yeni məktəblərin, tibb ocaqlarının yaranmasındadır: «Məktəbxana, azarxana məndən sonra sonra tək nişanədir, dağıtma».

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com

BIR CAVAB BURAXIN